24 oktyabr 2022 17:45
817

Yaradıcı insanlar həyat imtahanından necə çıxırlar? - FOTO

Hər dövrdə yaradıcı insanların həyatı müzakirə obyekti olub. Xüsusən də zərərli vərdişlərə sahiblənmiş insanlar daim qınanılıb. Bütün dünyada narkotika aludəçisi, içki düşkünü kimi tanınan yüzlərlə şair, yazıcı, rəssam, müğənni var. Pis vərdişləri ilə mübarizə aparmaq onlar üçün heç də asan olmayıb.  Bu məşhurları  təqdim edirik.

Ernest Heminquey

Birinci Dünya müharibəsini  görmüş yazıçılardan  biri olan Heminquey tez-tez depressiyadan əziyyət çəkdiyinə görə spirtli içkilərin aludəçisinə çevrilmişdi. Yazıçı məhz bu pis vərdişinə  çarə tapmaq üçün xəstəxanaya yerləşdirilmiş, lakin düzgün müalicə almamışdı. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Edit Piaf

Fransanın məşhur pop müğənnisi olmuş Edit Piaf uzun illər boyunca alkoqolizmdən əziyyət çəkib. Sevdiyi adamı təyyarə qəzasında itirən müğənni  bu hadisədən sonra dərin depressiyaya düşür, hətta intihar etmək istəyən xanımı yaxın dostu ölümdən xilas edir. Lakin acılarını unutmaq üçün spirtli içkilərin təsiri ilə reallıqdan qaçmaq istəyir. Uzun müddət ərzində alkoqolizmdən müalicə olunan  Edit Piaf bu xəstəlikdən heç bir zaman qurtula bilmir. Spirtli içkinin təsiri altında olan məşhur müğənni 1951-ci ildə böyük bir avtomobil qəzasına düşür və qəza nəticəsində qolu və iki qabırğası qırılır.

Truman Kapot

"Tiffanidə səhər yeməyi" romanının müəllifi olan amerikalı yazıçı Truman Kapot  günə bir dubl "Martini" ilə başlayarmış və günü beləcə davam etdirirmiş. İçki düşkünlüyünü müalicə etmək üçün xəstəxanada müalicə olunsa da xeyri olmayıb. O, sərxoş vəziyyətdə qatıldığı bir televiziya proqramında: "İçirəm, çünki başqa cür tab gətirə bilmirəm", - söyləyib.

Stinq

Sən demə müğənni Stinqdə zərərli vərdişlərdən əziyyət çəkən məşhurlar sırasına daxildir.  O, əsasən 80-90-cı illərdə narkotik qəbul edirdi. Müalicə kursu keçməyə onu rəfiqəsi Trudi stayler məcbur edib. Hal-hazırda müğənni tamamilə sağlamdır.

Amanda Bayns

Uzun illər ərzində narkotik maddələrin aludəçisi olan  məşhur aktrisa Amanda Bayns qəribə davranışları ilə diqqət çəkirdi. O,gah həmkarlarına hücum edirdi,gah öz köpəyini yandırmaq istəyirdi. Onun anormal hərəkətlərini müşahidə edən yaxınları aktrisanı xəstəxanaya yerləşdirdilər.  Burada  Amanda kifayət qədər uzun  müalicə kursu keçdi və hal-hazırda pis vərdişlərindən tamamilə azad olmaq üçün  güclü dərmanlar istifadə etməkdədir.

Elton Con

Müğənni və eyni zamanda, gözəl bəstəkar olan Elton Con da bir neçə il kakoin istifadə edib.  Müğənninin  sözlərinə görə, o, bir neçə dəfə ölümcül vəziyyətdə olub. Müalicə olunmaqda ona sevgilisi, dizayner Devid Ferniş yardım edib.

Tom Felton

“Harri Potter” filmlərində Drako Malfoy obrazını canlandıran 35 yaşlı britaniyalı aktyor Tom Felton içki ilə bağlı problemlərindən əziyyət çəkən məşhurlar sırasına daxildir.

O, yaşadıqlarını “Sehirli çubuğun əks üzü: Sehirbaz kimi böyüməyin sehri və xaosu” kitabında açıqlayıb.

Aktyor  qeyd edib ki, o, müntəzəm olaraq gün batmazdan əvvəl bir neçə şüşə pivə və bir neçə bakal viski içib. Felton vurğulayıb ki, onun asılılığı daha dərin psixi sağlamlıq problemlərilə bağlı olub.

Feltonun  sevgilisi aktyorun durumundan narahat olub və müalicə olunmağı təklif edib.  Daha sonra aktyor reabilitasiya mərkəzinə getsə də, bir gün sonra oranı tərk edib. Sənətçi ikinci reabilitasiya mərkəzinə yerləşdirilib. Orada qadınlar şöbəsində gecələyən aktyor qaydaları pozduğuna görə qovulub.

Bir müddət sonra aktyor təkbaşına müalicə üçün üçüncü reabilitasiya mərkəzinə üz tutub.

“Hamımız həyatımızın bir məqamında fiziki sağlamlıq problemləri ilə qarşılaşdığımız kimi, psixi sağlamlıq problemlərilə də qarşılaşırıq. Utanılası bir şey yoxdur. Bu, zəiflik əlaməti deyil”, - deyə sənətçi qeyd edib.

Ben Afflek

Yaraşıqlı aktyor Ben Afflek də uzun illərdir ki, alkoqol düşkünüdür. O, Hollivudun ən məşhur alkoqoliki hesab olunur. Məhz bu vərdiş bir neçə dəfə onun ailəsinin dağılmasına səbəb olub, hətta karyerasına da mənfi təsir göstərib. Lakin dəfələrlə tərgitməyə cəhd etsə də, aktyor içkidən əl çəkə bilmir.

Kiçik Robert Dauni

Məşhur aktyor Kiçik  Robert Dauni uzun illər ərzində narkotik vasitələrdən istifadə edib. Məhz heroin istifadə etdiyi üçün kinoda bir neçə roldan məhrum edilib. Hətta buna görə 16 ay həbsxanada  qalıb. Dostları tərəfindən xəstəxanaya aparılan məşhur orada  məcburi müalicə kursu keçib. Hazırda o, həyatını normal şəkildə davam etməkdədir.

Metyu Peri

Bu yaxınlarda uzun illər ərzində narkotik və alkoqol asılılığından  əziyyət çəkən aktyor Metyu Perri etiraf edib ki, bu “amansız xəstəlikdən” azad olmaq üçün ona “Dostlar” serialındakı həmkarı Cennifer Eniston çox kömək olub.

Aktyorun dediyinə görə, Eniston onunla birbaşa əlaqə saxlayaraq kömək təklifi edib.  Metyu, həmçinin vurğulayıb ki, onun çətin anında ona yardım əlini uzatdığı üçün o Cennifer Enistona həmişə minnətdar olacaq.

Sən demə, aktyor bir neçə dəfə  artıq dozadan həyatını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Hətta bir neçə həftə koma vəziyyətinə düşüb.

Britni Spirs

Hər zaman qəribə hərəkətləri ilə seçilən dəlisov müğənni Britni Spirsin həyatında çətin anları heç də az olmayıb. Həyat yoldaşı Kevin Fererlayn ilə boşandıqdan sonra dərin depressiyaya düşən müğənni  narkotik maddələr  qəbul etməyə başlayır. Bir neçə il ərzində  əsəb pozğunluğu keçirən aktrisa yalnız reabilitasiya kursunu keçdikdən sonra  səhnəyə qayıdıb.

Ledi Qaqa

Qeyri-adiliyi ilə seçilən müğənni  Ledi Qaqa  yeni mahnılar yazmaq üçün marixuana qəbul etdiyini  etiraf edib.  Lakin müəyyən müddətdən sonra marixuanadan istifadə onda  asılılıq yaradıb. Zərərli vərdişdən  yaxa qurtarmaq üçün məşhur müğənni bir müddət  müalicə kursu alıb. Artıq həyat imtahanından uğurla çıxmış müğənni  hazırda narkotik asılılığı olanlar üçün  yaradılan  fonda vəsait köçürür.

Samirə Tağıyeva, “İki sahil”