KÖŞƏ

Vəli İlyasov

Əli Kərimli yenə davul çalır...

01 noyabr 2022 00:37
985

Həmişə söhbət milli və dövlət maraqlarından, təhlükəsizlikdən və inkişafdan gedəndə “ağzı ilə quş tutan” başabəla dağıdıcı müxalifətimiz barabanlarını döyəcləyir, özlərinin versiyalarını irəli sürərək saxta həyəcan təbili çalmağa başlayırlar.  Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki böyük Qələbəsindən sonra sözü bitmiş aşıq kimi lal-dinməz dayanmış dağıdıcı müxalifət əlinə fürsət düşəndə xalqı küçələrə, meydanlara çağırır, “ağıllı planlar”ından danışırlar. Yenə bu köhnəlmiş plana əl atıblar.

Dünən Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham  Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Müzakirələr Ermənistanla Azərbaycan arasında bağlanmalı olan sülh müqaviləsindən gedib. O da məlumdur ki, sülh müqaviləsi iki variantda təklif olunub. Birincisi Avropa İttifaqının, ikincisi Rusiya Federasiyasının moderatorluğu ilə.

Hələ heç görüş başlamamış, yəni onun nəticələri məlum olmamış AXCP-nin sədri Əli Kərimli sosial şəbəkələrdə elə həyəcanla danışırdı ki, az qalmışdı ödü ağzından çıxsın. Düzdür, bu, hamımızı həyəcanlanmağa sövq edən məsələdir, çünki söhbət ölkəmizin taleyindən gedir. Ancaq Əli Kərimlinin həyəcanı saxta idi və sonda fürsətdən istifadə edərək əsas məsələdən yayınıb ənənəvi hakimiyyət hərisliyini də üzə vurdu. AXCP sədrinin həmin çıxışdan məqsədi başqa idi. O, bacardıqca Rusiyanı kəskin tənqid edir, Qərbə isə sədaqət və məhəbbətini izhar edirdi. Bax, elə burada da “xoruzun quyruğu” görünürdü. Kimin haqqında hansı ifadələri işlədir, buna heç bir iradımız yoxdur, ölkəmizdə demokratik şərait bərqərar olunub, fikir müxtəlifliyi ola bilər, söz azadlığı var və s.  Ancaq AXCP sədrinin yalnız bir tərəfi hədəf seçməsi və o birinin isə "üzünü yuması" əndazəyə sığan deyil.  Əslinə qalanda otuz üç il ərzində Azərbaycanın müsibətlərində, torpaqlarımızın iyirmi səkkiz il işğal altında talanıb qarət olunmasında hər iki tərəfin günahı var. ABŞ-ın "Azadlığa Dəstək Aktı"na bədnam 907-ci düzəlişi hələ də aradan qaldırmayıb. Nə tez yaddan çıxdı? Ermənistana yüz milyonlar axıdan həmin Qərb Azərbaycanı öz çətinlikləri ilə təkbətək qoymuşdu, işğalçı Ermənistana “gözün üstə qaşın var” demirdi. Bir milyona qədər vətəndaşımız doğma yurdundan, isti ocağınan qovulub çadır şəhərciklərində məhrimiyyətlərlə üzləşəndə Qərbdə bunun fərqinə varan yox idi. İndi də Ermənistana açıq dəstək verən Fransa bəyəm Qərbin bir hissəsi deyilmi?  Bunları unutmaq olarmı? ABŞ rəsmisi Nensi Pelosi və onun kimiləri hər vaxt işğalçı Ermənistanın yanında olduqlarını açıq etiraf etmələri bizim üçün dərs deyilmi?

Hazırkı günlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına razılıq varkən Qərblə Rusiyanın belə canfəşanlıq etməsinə nə ehtiyac var? Əslində 44 günlük müharibədən iki-üç ay sonra sülh müqaviləsi bağlana bilərdi. Amma yenə bu "zorən münsiflik"dən əl çəkməyən qüvvələr ortalığa düşüb vaxtı nahaq yerə uzatdılar. Deyilənlərə görə, Rusiya Prezidenti Putin Dağlıq Qarabağın gorbagor statusunun müəyyən edilməsinin gələcəyə saxlanmasının, regiondakı sülhməramlı qüvvələrin burada qalma müddətinin 10-15 və ya 20 il qala biləcəyinin mümkünlüyünü irəli sürüb. Halbuki buna qədər Prezident Putin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə qeyd edib. Ona görə də onun qəfil peyda olmuş fikir və təklifləri Azərbaycan cəmiyyətində haqlı qəzəb və təəssüf hissləri doğurur. Necə yəni, o boyda dövlətin başçısı öz sözünə və imzasına hörmət qoymur?

AXCP sədri Əli Kərimli "həyəcanlı" çıxışı ilə Qərbdəki “dayday”larına bir mesaj idi və göstərmək istəyirdi ki, baxın, sizə necə canı-dildən xidmət edirəm. Bəli, onun söhbətinin məğzi ianə, qrant və ya qonorar məsələsi idi.

Saxta vətənpərvərlik lazım deyil, bunu artıq hamı başa düşür, otuz beş ildə saçımız belə “iş”lərdə ağartmışıq. Ona görə də Əli Kərimli bizə badalaq gəldiyini düşünürsə, ciddi səhvə yol verir. O, badalağı pul qopartdığı ağalarına və özünə gəlsin. Əslində Kərimli kimə badalaq gəldiyinin heç fərqində də deyil, təki pul gəlsin. Həmişə olduğu kimi.

Azərbaycan xalqı isə öz ağıllı və qətiyyətli Prezidentinə güvənir. Qarabağ boyda bir məsələni həll edən rəhbər sülh müqaviləsi məsələsində də Azərbaycanın maraqlarını və mənafelərini lazımi səviyyədə həll etməyi bacaracaqdır. Heç kəsin şübhəsi olmasın ki, “nəyi nə vaxt və necə edəcəyini” yaxşı bilən Prezidentimiz milli maraqlarımızı və mənafelərimizi hər yerdə və hər zaman lazımınca müdafiə edəcəkdir.