08 noyabr 2022 14:06
459

Qarabağın azadlığının müəllifi

Bakıdakı "Hərbi Qənimətlər Parkı" Ermənistan üçün göz dağıdır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin davam etdiyi illərdə istər Ermənistandan, istərsə də onun xarici havadarlarından gələn tələblərin, hədələrin cavabında Azərbaycanın bir qarış ərazisini belə kiməsə güzəştə getməyəcəyini qətiyyətlə bildirirdi. Dövlətimizin başçısının möhkəm iradəsi və qətiyyəti, haqlı mövqeyi qarşısında susmağa məcbur qalan düşmənlərimiz danışıqlarla vaxtı uzatmağa, bununla da işğalı əbədiləşdirməyə çalışırdılar. Ancaq ağıllı diplomatik gedişlər edən Prezidentimiz düşməni elə onun öz "silahı"ndan istifadə etməklə məğlubiyyətə uğratdı. Yəni, ildən-ilə keçirilən danışıqlar zamanında Azərbaycan Ordusu müasir hərbi texnika, silah-sursat, hücum və müdafiə kompleksləri ilə təmin olundu, bacarıqlı zabitlər korpusu formalaşdırıldı, ərazilərimizin işğaldan azad edilməsi üçün sərfəli hücum planları hazırlandı. Hərbi hazırlıqlar o səviyyəyə çatdırıldı ki, Azərbaycan  Ordusu dünyanın 50 güclü ordusundan birinə çevrildi.

Bu hazırlıqlar 2020-ci il sentyabrın 27-dək qədər davam etdi. Həmin gün Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna cavab olaraq Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev  Azərbaycan Ordusuna "İrəli!" əmri verdi. Bütün Azərbaycan xalqı bir nəfər kimi öz rəhbərinin arxasında möhkəm duracağını bildirdi. Minlərlə gənc hərbi səfərbərlik qurumlarına axışaraq döyüşə göndərilmələrini xahiş edirdi.

Cəbhədə qızğın döyüşlər gedən günlərdə biz Prezident, Ali Baş Komandan İlham Əliyevi televiziya ekranlarında demək olar ki, hər gün görürdük. Azərbaycan Ordusunun qalibiyyətli döyüş əməliyyatları apardığı günlərdə dövlətimizin başçısı xarici jurnalistləri qəbul edir, Azərbaycan həqiqətlərini onlara çatdırırdı. Yadımızdadır ki, o jurnalistlərin arasında özünü müstəntiq kimi aparan, qıcıqlandırıcı suallar verən televiziya və qəzet müxbirləri ölkə başçımızın təkzibolunmaz faktlara və səhih dəlillərə əsaslanan cavabları qarşısında susmağa məcbur olurdular. Cənab Prezidentimiz kəsərli və tutarlı cavabları ilə dostları sevindirir, düşmənlərimizin isə belini sındırırdı. Xatırladaq ki, o günlərdə xaricdə yaşayan soydaşlarımız da bizimlə bərabər Azərbaycanın qələbələrini böyük şadyanalıqla qeyd edirdilər.

Həmin günlərdə kəndlərimizin və rayon mərkəzlərinin azad olunması barədə ilk qələbə xəbərlərini Ali Baş Komandan özü xalqa çatdırır, hər çıxışının sonunda "Qarabağ Azərbaycandır!" ifadəsini böyük sevinc və qürur hissi ilə təkrar edirdi. Həmin anlarda bütün xalq öz rəhbərini ayaq üstə "Yaşa Prezidentim!" deyərək alqışlayırdı. Şuşanın azad edilməsi xəbərini verən dövlət başçımızın kövrəldiyini də gördük. Bu, cənab İlham Əliyevin həm də bir vətəndaş kimi doğma torpağına qırılmaz tellərlə bağlı olduğunu sübut edirdi.

Bu müharibədə Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyevin  bacarıqlı sərkərdəlik qabiliyyəti də üzə çıxdı. Məhz onun sayəsində müharibə cəmi 44 gün müddətində başa çatdı və böyük Qələbəmizi təcəssüm etdirən "Hərbi Qənimətlər Parkı" yaradıldı.

Vəli İlyasov, "İki sahil"