KÖŞƏ

Vəli İlyasov

Ermənistanda fırtına

12 noyabr 2022 01:16
1034

Prezident İlham Əliyevin Şuşada keçirilən Zəfər bayramındakı kəskin çıxışı bütün regionda ciddi rezonansa səbəb olub. Xüsusilə Ermənistanda və İranda buna ciddi reaksiyalar verilib. Ermənistan KİV-ləri Prezident İlham Əliyevin çıxışının regionda yeni status-kvonun qurulmasının mesajı olduğunu qeyd edirlər. Düşmən mətbuatı Azərbaycan Prezidentinin çıxışındakı müddəaları təhlil etməyə çalışaraq onları nələr gözlədiyini təxmin edib. Görün erməni nəşri nə yazır?

“İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı Ermənistanın siyasi və ictimai dairələrində növbəti dəfə fırtına yaratdı”.  Bu barədə Ermənistanın tanınmış “Hraparak” nəşri yazır. Məqalənin yazılış stilindən hiss olunur ki, müəllif təlaş içərisindədir, çünki cümlələrində belə həyəcanı sezmək olur.

Nəşr iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini açmağa və üç ildən sonra Rusiya sülhməramlılarından imtina etməyə hazırlaşır: Bu isə ermənilərin çox qorxduqları bir nöqtədir. Çünki yalnız onlardan real dəstək alan ermənilər sülhməramlı deyilən hərbi qüvvələrin arxasında gizlənərək pozucu hərəkətlərini davam etdirməkdədirlər. Məhz onların köməyi ilə Xankəndiyə silah-sursat daşıyır, təxribatlar törədirlər. Xankəndidə keçirilən son mitinq də "sülhməramlı" ların dəstəyi ilə təşkil edilmişdi. “Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll ediləcəyini rəsmiləşdirəcək müqavilə ilin sonuna qədər Tbilisidə imzalana bilər. Nikol Paşinyan isə “Rusiya variantı”nı seçdiyini açıqlamaqla erməni ictimaiyyətinin gözünə “kül üfürür”. O, sülh müqaviləsində “Qərb variantı”nı seçib, Soçiyə getməsi və bəyanatın altına imza atması isə özünə haqq qazandırmağa hesablanıb. Sonradan deyəcək ki, “gördünüz, Rusiya və Putin Qarabağı qoruya bilmir. Əliyevin çıxışı isə Qarabağda yeni antiterror əməliyyatlarının ola biləcəyinə işarədir. Prosesin bu istiqamətdə inkişafı Qarabağdan canını qurtarmaq istəyən Paşinyanın da marağındadır."

Açıq hiss olunur ki, "Hraparak" Paşinyan haqqında antipatiya ilə yazır, örtülü mətnlə onun Qərbyönümlü siyasətini bəyənmədiyini bildirir. “Qarabağdan canını qurtarmaq istəyir” ifadəsi ilə də  buna eyham vurur. Ancaq faktlar bunun əksini deyir. Ermənistanın baş naziri hər vəchlə Azərbaycanla bağlanmalı olan sülh müqaviləsini pozmağa çalışır ki, bu da məğlub ölkədə yeni dramatik hadisələrə zəmin yaradır. Haqqında danışılan "antiterror əməliyyatı" da Nikol Paşinyanın ağılsız fəaliyyətinin acı nəticəsi olacaqdır. Qəzet, eyni zamanda, baş nazir Nikol Paşinyanın Qərblə Rusiya arasında apardığı "sürüşkən" siyasətin yedəyində vurnuxmasına işarə vurur. Müəllif sanki öz baş nazirinin anormal hərəkətlərindən xəcalət hissi ilə danışır.

Ermənistan cəmiyyəti artıq əlinin içi kimi görür və inanır ki, Azərbaycan Prezidenti öz sözünün ağasıdır, həmişə öz mövqeyində qətiyyətlidir,  yəni, dedisə, edəcək. Erməniləri ən çox qorxudan da elə budur. İrəvanda bir çox ermənilər bu fikri dəfələrlə açıq etiraf ediblər.

Qəzetin tazdıqlarından aydın görünür ki, ekstremist mövqedən çıxış edən "Hraparak" da Qarabağdakı araqarışdırıcı qüvvələrin oradan çıxarılmasına, bölgənin əsl sahibinin-Azərbaycanın idarəçiliyinə qaytarılmasına qarşıdır. Bir daha aydın olur ki, erməni ermənidir, onlar hələ də həqiqəti deməyə hələ alışmayıblar. Ancaq həqiqət başqadır, dumanlı istək və arzular başqa. Ermənilər bundan sonra Qarabağı yalnız yuxularında görə bilərlər. Əsrlərlə gördükləri yuxudur, yenə də yuxu görməklərinə davam etsinlər. Reallıq isə budur ki, Azərbaycan  Cənubi Qafqaz regionunun ən güclü dövlətidir və dünyada söz sahibidir. Onunla hesablaşmayanlar meydandan zərərlə çıxacaqlar.