KÖŞƏ

Vəli İlyasov

Hərbi Qənimətlər Parkı yeni “eksponat”larla zənginləşə bilərmi?

19 noyabr 2022 03:41
1020

Ermənistan sülhə gəlməsə, bəli

Onun-bunun sözləri ilə oturub-duran qoymağıl Ermənistan rəhbərləri 2020-ci ildə ağızları ovulandan sonra da özlərini məğlub kimi aparmırlar. Bu, onların anormallıqlarının göstəricisidir.

Görün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının və Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşündə nə çərənləyib? Ermənistan xarici işlər naziri çənəsini boş qoyaraq dəbbələyib ki, “Azərbaycanın maksimalist yanaşması regionda sabitlik və sülhün bərqərar olmasına mane olmaqda davam edir”.

Həyasızın başından böyük danışığını görürsünüzmü? Otuz beş ildir sülhü pozan, yüz minlərlə həm azərbaycanlı, həm də erməni ailələrinə müsibətlər gətirmiş Ermənistan rəhbərləri necə də vicdansızcasına danışırlar. Guya regionda sülhü pozan Azərbaycandır. Ay sən özün öləsən! Guya sən dedin, başqaları da buna inandı?

Görəsən, Mirzoyan niyə gah elə, gah da belə danışır? Qalib Azərbaycan dövləti özünün qanuni ərazisi olan Qarabağı müharibə yolu ilə işğaldan azad edib, vəssalam! Bu nədir, məğlub ölkə bizə şərtmi irəli sürur, yoxsa Azərbaycanı şantajmı edir? Xatırladaq ki, Mirzoyandan bir gün qabaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da analoji açıqlama ilə çıxış edərək deyib ki, “Dağlıq Qarabağ konflikti həll edilmədən və ya bu məsələnin həlli yoluna aydınlıq gəlmədən Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün deyil”. Elə bil bu erməni hampalarının hamısı bir-birinin ağzına tüpürüb. Kim nə deyirsə dərhal hamısı tutuquşu kimi onu təkrarlayır. Amma axmaqcasına çərənləyən təkcə onlar deyil. Baş nazir Nikol Paşinyan da son zamanlar eyni aqressiv ritorikanı nümayiş etdirir, üstəlik, Azərbaycanı guya Qarabağda ermənilərə qarşı “soyqırımı hazırlamaqda” ittiham edir. Amma bunlar iki-üç əvvəl belə danışmırdılar. Əlbəttə ki, bunu xarici havadarlarının, xüsusən də Fransanın anti-Türkiyə, anti-Azərbaycan mövqeyindən ruhlanaraq edirlər. Xaricdəki ağalarının xoşuna gəlmək üçün. Elə bil 44 günlük müharibədə Ermənistanla bərabər məğlub edilən həm də Fransa olub. İrəvanı sözsüz ki, həm də Rusiyanın sülh sazişi layihəsində status məsələsinin gələcəyə saxlanması ürəkləndirir.  

Bununla da xarici məkrli güclərin əlində alət olan Ermənistan rəhbərliyi Bakı ilə münaqişəni açıqca gərginləşdirmək yolu tutub. Hakimiyyətin bütün qolları Qarabağla bağlı pozucu mövqe göstərməyə, sarsaq tezislər və iddialar irəli sürməyə başlayıblar. Biz belə halları dəfələrlə görmüşük, yəni, öyrəncəliyik.

Çərənləmələrindən aydın görünür ki, erməni siyasi sürüsünün sülh danışıqlarında köhnə, maksimalist mövqeyə qayıdıb. Sanki indi 2022-ci ilin noyabrı yox, 2020-ci il sentyabrın 27-dən əvvəlki işğal vəziyyətidir.

Xatırladaq ki, bu gün Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçlü formatda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş nəzərdə tutulub. İlin axırınadək isə iki qonşu ölkə arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Ona qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri həmin müqavilənin ilkin variantını razılaşdırmalıdır. Ancaq erməni tərəfdən son vaxtlar irəli sürülən cəfəng iddialar və şərtlər, kapitulyant ölkənin özünü az qala qalib ədası ilə aparması və ya nazlanması bu yöndə ümidləri laxladır.

Ermənilərin sapıtmaları beynəlxalq ictimaiyyətdə də narahatlıq doğurur: “Cənubi Qafqazda vəziyyət hər an dəyişə bilər.” Bunu rusiyalı politoloq Fyodor Lukyanov erməni mətbuatına açıqlamasında bildirib: “Bir müddət bundan öncəyə qədər hər şey aydın idi. Amma son vaxtlar nəsə dəyişdi. Hazırda bu dəyişikliyin sərhəddəki sentyabr gərginliyinin, Praqa görüşünün, tərəflərin son ritorikalarının nəticəsi olduğunu söyləmək çətindir. Onu dəqiq deyə bilərəm ki, hadisələr məntiqi çərçivədən kənar inkişaf edir. Rusiyanın başı qarışıq olduğu məqamda hər şey Cənubi Qafqazda bir anda dəyişə bilər. Bir qığılcım partlayış effekti yarada bilər. İrəvan vaxt udmağa çalışır, amma Bakı da çox səbir etməyəcək. Hərbi aktivlik fazası hər an başlaya bilər”.

Bu yandan da ermənipərəst Fransa yalançı sülh təşəbbüsləri altında bölgədə  aranı qarışdırmaqla Azərbaycanın səbrini tükəndirməkdədir. Yeni qarşıdurmanın qarşısını almağın yeganə yolu ilə isə İrəvanın Bakının irəli sürdüyü 5 məlum prinsip əsasında sülh müqaviləsini imzalamasıdır. Özü də bacardıqca tez...Əgər bu baş verməyəcəksə , onda Ermənistan taleyin ümidinə qalacaq. Bir həqiqət var ki, onu it kimi qızışdıran dövlətlərin heç biri gəlib ermənilərin əvəzinə döyüşməyəcək. Əgər yeni müharibə olarsa, o zaman Bakıdakı Hərbi Qənimətlər Parkı yeni "eksponat" larla daha da zənginləşəcək...