21 noyabr 2022 15:31
1119

Azərbaycanın dilbər guşəsi Kəlbəcər

Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı dünyaya səs saldı

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Bu möhtəşım “Dəmir Yumruq” sayəsində ərazi bütövlüyümüz əsasən təmin olundu, milli qürurumuz, mənəvi kimliyimiz özümüzə qayıtdı.

Eyni zamanda, xüsusi olaraq qeyd etmək yerinə düşür ki, Kəlbəcər rayonu bir güllə atmadan belə dövlət rəhbərinin uzaqgörən diplomatik səyləri nəticəsində azad olundu.

Kəlbəcər rayonu deyərkən də unutmayaq ki, bu məşəqqətlər yaşamış qədim türk diyarı 1993-cü il aprelin 2-də işğal olunmuşdur. İşğal nəticəsində də rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin, indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdir. Qeyd edək ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb.

Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma, artıq o çətin günlər arxada qalıb.

Ölkəmizdə həyata keçirilən müasir inkişaf modeli təkmilləşdirilərək çağdaş dünyamızın yenilikləri yaxından mənimsənilərək Azərbaycanı innovasiyalar ölkəsinə çevirdi.

Bu gün də bu inkişaf sayəsində, elmi-texniki tərəqqi, müdafiə sənayesində tədbiq edilən yeni texnoloji silahlar möhtəşəm zəfərimizdə birmənalı olaraq öz sözünü demişdir. Ümummilli Lider, Heydər Əliyevin sözləri ilə desək:“Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur.”

İnanırıq ki, müstəqilliyimizdən  başlanan şanlı inkişaf yolu Azərbaycana bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq. Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafı hərtərəfli özündə ehtiva edən dövlət siyasətinin formalaşdırdığı əsas strategiya dayanır. Həmçinin, hazırda ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya çərçivəsində ali dövlət rəhbərinin başlatdığı dərin islahatlar siyasəti, əldə edilmiş tarixi Zəfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Müzəffər ordumuzla xalqımızın dəmir yumruqda birləşən gücü və dövlətimizin artan qüdrəti sayəsində ərazi bütövlüyümüz təmin edildi, ölkəmizin beynəlxalq arenada nüfuzu qat-qat yüksəldi.

Sonda  çox nikbinliklə vurğulaya bilərik ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində işğal altında uzun illər qalmış torpaqlarımızı, viran qalmış şəhər və kəndlərimizi yenidən dirçələcəyinə və o yerlərə həyat və səmimi uşaq gülüşlərinin qaytarılacağına ürəkdən inanırıq. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunun bir daha göstəricididir.

Bu yolda canlarını vətən yolunda fəda etmiş cəmi bütün şəhidlərimizə Allah rəhmət diləyirik, onların ruhları şad, məkanları cənnət olsun! Amin!

Unutmataq ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir, şəhidlərin məzarları əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir və aldığımız hər nəfəs, onların verdiyi son nəfəsə borcludur!

Birlikdə gücük!

Qarabağ Azərbaycandır!

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert