KÖŞƏ

Vəli İlyasov

Prezident İlham Əliyevin ideyalarının Ermənistanda ən azı 680 min tərəfdarı var

23 noyabr 2022 02:58
921

Bu, ölkə əhalisinin dörddə birinə bərabərdir

Qətiyyətinə, prinsipiallığına və indiyədək verdiyi vədlərə və dediyi sözlərə əməl etməsinə görə Azərbaycan Prezidenti İlham Əliyev nə qədər təəccüblü görünsə də Ermənistan cəmiyyətində sadə əhalinin hüsn-rəğbətini qazanıb. Prezident İlham Əliyevin bu keyfiyyətləri ermənilərdə dövlət başçısının necə olması fikrini formalaşdırıb. Nikol Paşinyanda bu keyfiyyətləri hiss etməyən ermənilər onun siyasi naşılığını, acizliyini açıq şəkildə görürlər. Baş nazirin tez-tez fikrini dəyişməsi, sürüşkən siyasəti, iradəsizliyi və təcrübəsizliyi, başqalarının diktəsini yerinə yetirməsi onu erməni ictimaiyyətinin gözündən də, könlündən də salıb. Əsasən ziyalı və siyasi təbəqədən olan bir çoxları Azərbaycan Prezidentinə xas olan yüksək keyfiyyətlərin Nikol Paşinyanda çatışmadığını və buna görə də ermənilərin daim məğlub vəziyyətə düşmələrini açıq bildiriblər.

“Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında özünü əmin hiss edir, çünki onun ideyalarının Ermənistanda ən azı 680 min tərəfdarı var”.

Bu fikri “Hraparak” qəzetinə Ermənistandakı alternativ layihələr qrupunun eksperti Vahe Ovanesyan deyib.

Bəli, bu,  o 680 mindir ki, onlar müharibə istəmirlər. Aşkardır ki, Prezident İlham Əliyev iki ildir ki, Ermənistanı sülh müqaviləsini imzalamağa çağırsa da baş nazir Nikol Paşinyan müxtəlif bəhanələr və ya əsassız iddialarla danışıqları pozub vaxtı uzadır. Ekspert hesab edir ki, İlham Əliyevin açıqlamaları beynəlxalq ictimaiyyət və vasitəçilər tərəfindən qəbul olunacaq: “Bu, müharibədən sonrakı inkişafın nəticəsidir. Ermənistan bir il ərzində danışıq aparatını dəyişə bilməyib, danışıqların ətalətli, itirilmiş kursu onu buna gətirib çıxarıb. Əslində bu, Ermənistanın düşdüyü bədnam “yeni sıfır nöqtəsi”dir. Danışıqların hər mərhələsində Prezident İlham Əliyev Ermənistan tərəfinin hazır olmadığı yeni məsələlər ortaya qoyur. Və İlham Əliyevin yeni danışıqlar nöqtəsinin fəlsəfəsi hansısa yoldan yox, Ermənistanın bir dövlət kimi intensiv şəkildə çöküşündən ibarətdir. Prezident İlham Əliyevin irəli sürdüyü hər iki variant Ermənistan üçün qəbuledilməzdir. Amma Ermənistanın öz müstəqil seçimi yoxdur. Müharibədən sonra İlham Əliyev öz gündəmini, Ermənistan isə Nikolu təbliğ edirdi”.

Prezident İlham Əliyevin bu günlərdə Türk Dövlətləri Təşkilatında istər Ermənistanın, istərsə də ona dil verən Rusiyanın hərəkətlərini tənqid etməsi, əksinə, Qarabağın erməni əhalisi ilə danışıqlara razı olması müəyyən müsbət fikirlər formalaşdırıb. Azərbaycan dövlətinin başçısı açıq bildirib ki, biz Rusiyanın çirkli pullarını haram yolla yığıb Qarabağa gətirən milyarder Ruben Vardanyanla danışmayacağıq, oradakı sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Prezidentin bu cəsarətli fikri Ermənistanda bir çox qüvvələr tərəfindən susqunluqla qarşılanıb. Ancaq bu müəmmalı susqunluğun içərisində bununla razı olanların çoxluğu hiss olunur, lakin onlar fikirlərini açıq şəkildə bildirməkdən çəkinirlər. Başlarının üstündə asılmış "Damokl qılıncı"-Rusiyanın 102-ci hərbi bazası əvvəllər ermənilərə yaşatdıqları tək-tək qətlləri indi dəhşətli miqyasda genişləndirə bilər. Bununla da Ermənistanın dövlətçiliyi iki yüz əvvəlki sıfır vəziyyətinə qayıda bilər. Beləliklə, bizdəki "İti öldürənə sürütdürərlər" məsəli Ermənistanda öz təcəssümünü tapar.