Rəşadətli Azərbyacan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərindən sonra 2020-ci ilin noyabrın 25-də işğaldakı Kəlbəcər rayonunun hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edilməsi xalqımızın həyatında daha bir tarixi günə çevrildi. Belə ki, 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal edərək 27 il bu rayonun təbi sərvətlərini, tarixi abidələrini və yaşayış sahələrini darmadağın etmişdilər.
Nəticədə rayon mərkəzi ilə birgə 1 qəsəbə, 145 kənd və 55 inzibatiərazi dairəsi işğal olundu, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Ermənistan burada müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırmağa başladı.
Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı.
Kəlbəcər yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl və səfalı rayonları sırasında olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. İlk səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu.
Artıq Kəlbəcərin bərpası üçün infrastruktur layihələrinin planlı şəkildə icrasına, inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Ötən ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni Kəlbəcər-Laçın avtomobil yolunun təməli qoyulub, 110/35/10 kilovoltluq «Kəlbəcər» yarımstansiyasının açılışı olub. Bu il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və «İstisu» sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə «Çıraq-1» Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olmuşdur.
Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Əminik ki, Kəlbəcər rayonu yaxın gələcəkdə Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri