29 noyabr 2022 16:25
704

Bəs siz saatlar haqqında bunları bilirdinizmi?

Qədim dövrlərdən vaxtı ölçmək istəyən xalqlar müxtəlif üsullardan istifadə ediblər. Belə üsullardan birincisi günəş işığı ilə vaxtın ölçülməsidir. İlk günəş saatını isə misirlilər düzəldib. Onların yaranma vaxtını dəqiq müəyyən etmək çətindir. Lakin arxeoloqlar  onların eramızın 2000-1500-cü illəri arasında hazırlandıqlarını iddia edirlər.

Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Misirlilər həmin saatı meydanın yüksək bir yerində qoyublar və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Bununla yanaşı, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinin yaxınlığında yerləşən ölkədir.  Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı. Lakin günəş saatı ilə yalnız gündüzlər vaxtı ölçmək mümkün olurdu, buna görə də daha əlverişli olan su saatı icad olundu.

İlk cib saatı 1510-cu ildə icad edilmiş və 1700-1800-cü illərdə məşhurlaşmışdı.

XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və qol saatları yaradılıb. İlk qol saatı 1812-ci ildə Neapol kraliçası üçün yaradıldı.

İlk cib saatı 1510-cu ildə icad edilmiş və 1700-1800-cü illərdə məşhurlaşmışdı.

1800-ci ildə isə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsini təşkil edir.

Qol saatları Birinci Dünya müharibəsi illərində də populyarlıq qazanmışdı.  Məhz o zaman əsgərlər  qol saatı taxaraq siferblatını biləklərinin içərisinə yerləşdirirdilər ki, bu da onlara tüfəng tutarkən vaxtı görməyə imkan verirdi.

 

Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət göstərir. Belə tanınmış muzeylərdən biri Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.

 

İlk zəngli saatı 1787-ci ildə Levi Hutchence icad edib və onların hər biri eyni vaxtda - səhər saat 4-də çalıb. Əslində onu səhər saat 4-də oyanmaq üçün icad ediblər.

 

“Rolex” dünyanın ən məşhur saat markasıdır. Bu, İsveçrə saat istehsalının əsl incisidir. Bəs siz bilirdinizmi ki, bu  şirkət İsveçrədə deyil, İngiltərədə qurulub?

1905-ci ildə alman sahibkar Hans Vilsdorf və britaniyalı siyasətçi və iş adamı Alfred Davis Londonda “@Wilsdorf & Davis Ltd@” (sonralar “Rolex adlandırıldı”) şirkətini qurdular. 1919-cu ildə Hans Vilsdorf öz şirkətini İsveçrənin La Chaux-de-Fonds şəhərinə köçürdü.  Bu, o zaman İsveçrə saatlarının ingilis saatlarından daha populyar olması ilə bağlı deyildi. Buna səbəb Böyük Britaniyada Birinci Dünya müharibəsi başa çatdıqdan sonra  hökumət tərəfindən qurulan  vergi siyasəti idi. Qeyd edək ki,  şirkətin ən bahalı saatı 1942-ci ildə cəmi 12 ədəd istehsal edilən və 1 milyon 176 min dollara satılan saatlardır. Bu gün ondan  cəmi 8 ədəd qalıb.

Ən ucuz saatları "Rolex Air-King"dir və 3 min dollara satılıb. Saatların hər biri ustalar tərəfindən əl üsulu ilə hazırlanırdı. 

Dünyada ən çox satılan saat “Apple Watch”dır. Şirkət artıq bir neçə illər ərzində liderliyini qoruyub saxlamaqdadır.  Üstəlik, “Apple Watch” ilə digər markalar arasında fərq o qədər böyükdür ki, “ağıllı saatların kralı” satışda bütün İsveçrə sənayesini üstələyir. 2019-cu ildə 31 milyon “Apple Watch” satıldığı halda, bütün İsveçrədə cəmi 21 milyon ədəd saat satılıb.

“Graff Hallucination” –hazırda dünyanın ən bahalı saatıdır. Bu saatı bu qədər bahalı edən onun platindən hazırlanan qolbağında 110 karatlıq qeyri-adi və rəngli brilyantların yerləşdirilməsidir. Bu saatın hazırlanmasında istifadə olunan brilyantlar "Fancy" kateqoriyasına aid edilir. Bu kateqoriyaya daxil olan daşlar öz miqyasına görə dünyanın ən bahalı və nadir daşlarıdır.

Bahalı saatlar kateqoriyasına daxil olan İsveçrənin “Patek Philippe” şirkətinin istehsalı olan saat isə  Cenevrədə “Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.

Ən prestijli saat markası “Tag Heuer”dir. Bu saat Olimpiya Oyunlarının və Formula 1-in nəticələrini ölçmək üçün istifadə edilmişdir.

Məşhur yazıçı  James Joy  5 saat taxmağı sevirdi.

Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevirilib.

Samirə Tağıyeva, “İki sahil”