01 dekabr 2022 11:54
511

Azərbaycan Asiya və Avropanı birləşdirən əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb

Noyabr ayının 25-də ölkəmiz növbəti dəfə dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etdi. Ölkəmizdə bu cür beynəlxalq səviyyəli konfransların keçirilməsi Azərbaycanın dünyadakı yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı haqq səsimizin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. Çindən Avropaya gedən üç tranzit yolundan “Orta Dəhliz”in önəmi artmaqdadır. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda icra olunması nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Zəngəzur dəhlizinin açılması nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. ADA Universitetində keçirilən, "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış etdi. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizdə hökm sürən sabitlik və bu sabitliyin inkşafımızda böyük rolu oynadığını xüsusi vurğuladı. Azərbaycan Lideri konfransda ölkəmizin müəllifi və təşəbbüskarı olduğu enerji və nəqliyyat, neft-qaz layihələri, Orta Dəhlizin reallaşması perspektivləri, Azərbaycanda inşa edilən hava limanları və bu limanların yük daşımalarındakı əhəmiyyəti eləcə də regionda təhlükəsizlik məsələlərindən ətraflı bəhs edib. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin də suallarını əhatəli şəkildə cavablandırıb. 44 günlük müharibə bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Avropa İttifaqı, Rusiya və ABŞ beynəlxalq vasitəçilər qismində çıxış edirlər.

Bu formatlar çərçivəsində bir neçə dəfə liderlər, xarici işlər nazirləri və digər rəsmi şəxslər arasında görüşlər keçirilib. Bəli, bu gün Azərbaycan dünyada nüfuzu və qüdrəti günbəgün artmaqda olan, dünya dövlətlərinin əməkdaşlıq etməyə can atdığı, dünyanın ən sabit və inkşaf edən ölkələrindən biridir. Cənab İlham Əliyev bir sıra iqtisadi, geosiyasi, təhlükəsizlik məsələlərinə toxunmaqla yanaşı növbəti dəfə Ermənistana və onun havadarlarına lazımi mesajlar da verdi. Ali Baş Komandanımız Ermənistanın yalan, hiyləgər, terror siyasəti, Fransanın və İranın ikiüzlü, riyakar və anti-Azərbaycan mövqeyi sərgilədiyini qeyd etdi. Cənab Prezidentimizin bu çıxışı Ermənistana və onun havadarlarına verilən lazımi mesajlar olmaqla yanaşı bir daha Dəmir Yumruğun qətiyyətini göstərmiş oldu. Görünən odur ki, Ermənistan prosesə əngəl törədir. Liderlərin oktyabrın 6-da Praqa, oktyabrın 31-də isə Soçi görüşünün yekun bəyanatında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu ilin sonunadək sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu bəyan etmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh sazişinin tezliklə imzalanacağını sual altına qoyur.

Ümumilikdə Çin və Avropa arasında quru yükdaşımaları əsasən Rusiya vasitəsilə həyata keçirilirdi. Ona görə də yükdaşımalar ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqi alternativ yol kimi orta koridorun əhəmiyyətini o cümlədən Azərbaycanın da tranzit ölkə kimi rolunu artıracaqdır. Bu həm də Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsi və tranzit gəlirlərinin artması deməkdir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı genişmiqyaslı bərpa işləri regionun bütün maraqlı tərəfləri üçün bir çox yeni imkanlar açacaqdır. Dövlət başçısının uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri