25 oktyabr 2024 00:39
267

Avropada diskriminasiya, islamofobiya, miqrantlara qarşı nifrət tüğyan edir

Avropa İttifaqı (Ai) ölkələrində insan hüquqları problemləri tam və obyektiv şəkildə işıqlandırılmır. Məsələn, Aİ daxilində son dövrlərdə artan islamofobiya, ifrat sağçılığın güclənməsi və türkofobiya ciddi narahatlıqlar doğurur. Hətta son illərdə Ukrayna münaqişəsi ilə əlaqədar olaraq ukraynafobiya da ortaya çıxıb. Bu problemlərin dərinləşməsi, Aİ ölkələrində insan hüquqlarının qorunması məsələsində ciddi çatışmazlıqların olduğunu göstərir.

İslamofobiya Avropa İttifaqında geniş yayılmışdır və bu, sosial gərginliklərə səbəb olur. Son illərdə ifrat sağçı partiyalar və qruplar müsəlman əhalini hədəf alan təbliğat və hücumları ilə tanınır. Avropa İttifaqının bəzi ölkələrində müsəlmanlara qarşı ksenofobiya və irqçilik halları artır. Bu cür yanaşmalar yalnız müsəlman icmaları arasında narazılığa səbəb olmur, həm də cəmiyyətin parçalanmasına yol açır. Avropada müxtəlif ölkələrdə miqrantlar və müsəlman icmalarının hüquqlarının pozulması halları geniş yayılıb. Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərinə barmaqarası yanaşması, haqq-ədalətin deyil, korporativ cılız maraqların köləsinə çevrilməsi, korrupsiya və rüşvət bataqlığında boğulması, hətta beynəlxalq təsisatlarının belə adının çirkli pulların yuyulmasında hallanması, silah və zor gücünə danışıqlar və sülhdən daha önə daşımaq arzusu “köhnə qitə”də ali dəyərlərin zərrə qədər də qiymətləndirilmədiyini göstərir.

Avropa İttifaqı bu acınacaqlı mənzərənin fonunda miqrantların müdafiəsində ciddi boşluqlar yaşayır. Son illərdə Avropa sərhədlərində və Aralıq dənizi boyunca miqrantların kütləvi şəkildə ölməsi halları müşahidə olunur. Bu cür faciələrin çoxu hakimiyyət orqanlarının yetərsiz tədbirləri və sərt miqrasiya siyasətləri nəticəsində baş verir. Miqrantların insanlıqdan kənar şəraitlərdə yaşamaq məcburiyyətində qalmaları geniş tənqidlərə səbəb olur. Özəlliklə Fransa miqrantlara qarşı daha acınacaqlı mövqe tutur. “The New York Times” da yer alan məlumata görə, Fransa hakimiyyəti Yay Olimpiya Oyunları ərəfəsində 5 minə yaxın evsiz miqrantı Parisdən qovmuşdu. Qeyd olunurdu ki, Parisdə Olimpiya kəndi minlərlə insanın küçə düşərgələrində və ya tərk edilmiş binalarda yaşadığı ən kasıb şəhərətrafı qəsəbələrdən birində yaradılmışdı. Qəzetin məlumatına görə, Parisdə və onun ətraflarında 100 minə yaxın evsiz yaşayır.

Fransada baş verən “Sarı jiletlilər” hərəkatı da insan hüquqlarının pozulmasının bir başqa bariz nümunəsidir. Evsiz miqrantların Parisdən qovulması, bu hərəkatın fonunda baş verən hüquq pozuntularının yalnız bir hissəsidir. Hərəkatın liderləri həbs edilib, bəziləri isə hüquq-mühafizə orqanlarının kobud müdaxiləsi nəticəsində həyatlarını itiriblər. Hökumət tərəfindən tətbiq edilən sərt tədbirlər və bu etiraz hərəkatını yatırmaq üçün güc tətbiqi, Fransanın demokratiya və insan hüquqları sahəsindəki nüfuzuna xələl gətirib.

Avropa İttifaqı daxilində neokolonializm müzakirələri də aktuallığını qoruyur. Əksər hallarda keçmişdəki kolonial siyasətlər hələ də davam edir və bu xüsusən də Aİ-nin Afrikadakı təsiri ilə bağlı müzakirə olunur. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi də Fransanın timsalında təzahür edir. Belə ki, Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Təkcə Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin basdırılan minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub.

Son vaxtlar Əlcəzairlə Yeni Kaledoniya tarixində oxşar cəhətləri müqayisə edirlər. Belə ki, Yeni Kaledoniyanın azadlıq mücadiləsinə qarşı rəsmi Parisin aqressiv davranışı Əlcəzairdə törətdiyi qırğınlara bənzədilir.

Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan ərazi Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarətdir. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır.

Siyasi mülahizələrlə həbs olunan şəxslər də Avropa İttifaqının insan hüquqları sahəsində problemlərini vurğulayan məsələlərdən biridir. Məsələn, Yeni Kaledoniyada Fransa hakimiyyəti tərəfindən etiraz hərəkatı yatırılarkən 11 nəfər fəal həbs edilmiş və Fransaya göndərilmişdir. Bu şəxslərin həbsi və onların etiraz hüquqlarının pozulması Avropa insan hüquqları standartları ilə ciddi ziddiyyət təşkil edir.

Son nəticə olaraq, Avropa İttifaqının insan hüquqları sahəsindəki problemləri, xüsusilə dini və etnik məsələlərdə diskriminasiya, islamofobiya, miqrantlara qarşı nifrət və ifrat sağçılığın artması kimi problemlər ciddi narahatlıqlara səbəb olur. Bu tendensiyalar Aİ-nin öz əsas dəyərlərinə sadiqliyini şübhə altına qoyur və qlobal arenada hüquq müdafiəçisi kimi nüfuzunu zəiflədir. Həmçinin Aİ daxilində mövcud olan neokolonializm izləri, keçmiş müstəmləkə siyasətlərinin davam etməsi və bu cür məsələlərə lazımi diqqətin yetirilməməsi vəziyyəti daha da gərginləşdirir. Avropanın qlobal miqyasda insan hüquqlarını qoruma səyləri öz daxilində isə bu prinsiplərə zidd addımlar beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunmalıdır.

Nigar Orucova, “İki sahil”