01 dekabr 2022 15:01
449

Laçının yenidən qurulması bölgənin sosial-iqtisadi inkişafına töhvə verəcək

Vətən müharibəsində darmadağın edilən düşmənin imzaladığı kapitulyasiya aktına əsasən bir güllə atılmadan Azərbaycana geri qaytarılan rayonlardan biri də Laçındır. 1930-cu ildə inzibati ərazi vahidi statusu alan bu rayon 1835 kvadrat kilometrlik əraziyə malik olmaqla Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd rayonları və Ermənistanla həmsərhəddir.

1 şəhər, 1 qəsəbə və 125 kəndən ibarət olan Laçın rayonun 18 may 1992-ci il tarixində düşmən Ermənistan tərəfindən işğal olunmuşdur. Yüksək strateji əhəmiyyəti malik Laçın rayonu düşmənin Dağlıq Qarabağla birbaşa ərazi əlaqəsinin yaranmasında həyati əhəmiyyət kəsb edib. İşğal nəticəsində rayonun 79.1 min nəfər əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olaraq Laçında etnik təmizləmə siyasəti nəticəsində burada 300 nəfərdən çox hərbi və mülki şəxs qətlə yetirilib, itkin düşüb. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri düşmən tərəfindən talan edilərək məhv edilib. Dünya və yerli əhəmiyyətli tarixi abidələr xüsusi vəhşiliyə məruz qalaraq yerlə-yeksan olunub.

Ermənistan digər ərazilərimizdə törətdiyi cinayətlər kimi Laçındada buradan olmayan, kənardan gəlmə ermənilərin qanunsuz şəkildə məskunlaşmasını həyata keçirib, ərazilərin coğrafi adlarını saxtalaşdırıb və buradakı təbii resursları istismar edib. Beynəlxalq konvensiyalarda, o cümlədən, Cenevrə Konvensiyasında hərbi cinayət sayılan bu əməllər məhz beynəlxalq ictiamiyyətin gözü qarşısında həyata keçirilmişdir.

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun məhv etdiyi düşmən üçtərəfli bəyanata imza çəkərək qalib Azərbaycan qarşısında bir sıra öhdəliklər götürdü. Bu öhdəliklərdən biri də Laçının işğalına son qoyularaq, bir güllə atılmadan 1 dekabr 2020-ci il tarixində Azərbaycana təhvil verilməsi oldu. Bu tarixə qədər Azərbaycan Ordusu artıq Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Laçın şəhəri, Zabux və Sus kəndləri isə 26 avqust 2022-ci il tarixində məğlub düşmən tərəfindən Azərbaycana qaytarıldı. Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş vətən övladları ən yüksək ali diqqətə layiq görülərək 26 noyabr 2020-ci il tarixində təsis edilən “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu. Ümumilikdə 8397 nəfər hərbi qulluqçumuz bu medalla təltif olunub.

Təbii ki, Laçın rayonun işğaldan azad olunması ilə onun tarixində yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Geniş miqyasda bərpa və quruculuq işləri aparılan Laçın hal-hazırda böyük tikinti meydançasına bənzəyir. İlk öncə strateji əhəmiyyətə malik elektrik enerjisi, yol-nəqliyyat infrastrukturu qurulması işlərinə başlanıldı. 2025-ci ildə bölgənin sosial-iqtisadi inkişafına və turizm potensialına töhvə verəcək Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Kənd təsərrüfatı baxımından Laçın heyvandarlıq üçün əlverişli imkanlara malikdir. Bu baxımdan, burada artıq heyvandarlıq və arıçılıq təsərrüfatı da qurulub. Sürətli şəkildə aparılan quruculuq işlərinin ilk nəticə olaraq bu ilin sonuna qədər Laçınlıların ilk qrupunun öz doğma yurdlarına qayıtması gözlənilir.

Fəsli Nəbiyev,
YAP Gənclər Birliyinin sədr müavini