02 dekabr 2022 22:20
593

Yeni ilin ətrini hiss etdirən nağıllar aləmi: “Soyuq əllər, isti ürək”

Bu adda təşkil olunan yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat  xərclərinin qarşılanmasına sərf edilir 

Artıq doqquzuncu ildir ki, Fəvvarələr meydanında “Nargis” Fondu tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası paytaxt sakinlərinə və qonaqlarına əsl bayram ab-havası və sehrli Yeni il əhval-ruhiyyəsi  bəxş edir.

“İki sahil” olaraq builki yarmarka və yeniliklərlə oxucularımızı daha yaxından tanış etmək üçün xeyriyyə yarmarkasının keçirildiyi ünvana yollandıq.

Bu nağıllar aləmindən müsbət enerji almamaq, xoş əhvala köklənməmək mümkün deyil… Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Yeni il musiqisi, ətrafımızda yolka, rəngarəng işıqlar, oyuncaqlar, Şaxta baba, hər damaq zövqünə uyğun müxtəlif təamlar və bayramı xatırladan neçə-neçə səbəb hamısı bir məkanda toplaşaraq isti bayram ab-havası  ilə Yeni ilin yolunu gözləyir.

Builki yarmarka 64 böyük və 20 balaca ev, 3 ədəd ikimərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarətdir. Burada müxtəlif suvenirlərin, kitabların və qida məhsullarının endirimli satışı həyata keçirilir. Yarmarkadan eksklüziv suvenirlər, əl işlərindən ibarət maraqlı əşyalar, kitablar alaraq doğmalarınızı sevindirə bilərsiniz. Həmçinin  yemək rəflərində Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, müxtəlif oyunlar oynaya, standartlardan kənar şəkillər çəkdirə və sevdiklərinizlə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərsiniz. Həmçinin  yarmarkada yerləşən kafelərdə ləziz təamlarla ənənəvi samovar çayı içərək havanın soyuqluğunu unutmaq imkanınız var.  

Burada ilk dəfə olaraq “qorxu otağı” və 4D kinoteatr fəaliyyət göstərir. Qonaqlar yarmarkanın müxtəlif yerlərində “nadinc elflərə” də rast gələ bilərlər. Bu konsept 2005-ci ildə Amerika yazıçısı Carol Aebersold və qızı Chanda Bell tərəfindən yazılmış və qısa müddətdə dünyada böyük şöhrət qazanmış “Rəfdəki Elf: bir Milad ənənəsi” kitabından ilhamlanmışdır.

Builki xeyriyyə yarmarkası keçən illərdən müxtəlif yeniliklərlə fərqlənir. 2022-ci ildə “Nargis” Fondu və Jurnalı 10 illik yubileylərini qeyd edirlər. Bununla əlaqədar olaraq yarmarkanın qonaqlarını çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

Bəs satışa çıxarılan məhsulların qiyməti necədir?

Serkan Yılmaz yarmarkaya ətriyyat məhsulları ilə qatılıb: “50 ml ətir suları 10 manat, otaq üçün spreylər 8 manat, avtomobil üçün  isə parfum suları 5 manatdır. Əsl fransız məhsullarıdır  bol çeşiddədir və keyfiyyətlidir.

Samir Muxtarov isə yarmarkada kofe, şirniyyat, desert, pizza, sendviç məhsulları təklif edir: “Keyfiyyətli məhsullarımızın qiyməti çox münasibdir. Alıcıların marağı  yaxşıdır. İsti şokolad və səhləb 5 manat, kofe məhsullarının qiyməti 4-7 manat arası dəyişir.

Yusif Fərman yarmarkada dəftərxana və kitab ləvazimatları, müxtəlif suvenirlər satır: “Suvenirlərimiz 3-4 manatdan, su qabıları 4 manat 50 qəpikdən, qələmlər 1 manat 50 qəpik -2 manatdan, dəftərçələr 5 manat 50 qəpikdir. Kitabların qiyməti 6-10 manat arasında dəyişir. Alıcıların ən çox marağı Yeni il suvenirlərinədir.”

Paytaxt sakinləri xeyriyyə yarmarkası haqqında təəssüratlarını “İki sahil”lə bölüşdülər.

Aynurə Cəbrayılova bildirdi ki, soyuq əllə gəlsək də, həm əlimiz, həm də qəlbimiz burada isindi: “ Çox maraqlı vaxt keçirdik, dadlı yeməklər yedik, isti çay içdik. Uşaqlarım müxtəlif oyunlar oynadılar, çoxlu əyləndilər. Buradakı qiymətlər məni qane etdi.”

Kamil Dadaşov deyir ki, ilk dəfədir yarmarkaya gəlirəm. “Burada yaradılan bayram ab-havası mənə çox gözəl ovqat bəxş etdi. Ən çox “qorxu otağı”nı sevdim. Çünki həqiqətən də, orada qorxdum. Şaxta baba ilə şəkil çəkdirdim. Buradakı yolka da çox gözəldir. Yarmarkada böyükdən kiçiyə hər kəs əylənir. Bayramöncəsi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün belə fürsətlərin yaradılması çox gözəl təşəbbüsdür. “Soyuq əllər, isti ürək” həm də ona görə yaxşıdır ki, buradan toplanan vəsait sırf xeyriyyə məqsədilə istifadə olunacaq. Hər kəsi gəlsin həm əylənsin, həm də bu humanizm dolu təşəbbüsə dəstək olsun. Hamımızın qarşıdan gələn bayramı mübarək olsun!”

Aynurə Həsənova qeyd etdi ki, hər il bu yarmarkaya gəlirəm: “Burada qiymətlər çox münasibdir. Əyləncə üçün hər cür şərait yaradılıb. İnsan buradan getmək istəmir. Zaman burada necə keçir bilmirəm. Ən əsası da uşaqlarımız burada kifayət qədər əylənirlər. Paytaxt sakini olaraq belə gözəl şəraitin yaradılmasından razıyam və təşkilatçılara təşəkkürümü bildirirəm.”

Selin Həsənova isə yarmarkanın ən balaca ziyarətçilərindəndir: “Yaxşı ki, anam məni bura gətirdi. Bura əyləncəli və maraqlıdır. Şaxta baba, qar qız, yolka çox qəşəngdir. Onlarla şəkil çəkdirdim. Heç evə getmək istəmirəm.”

Gülnaz Əsədli də mikrafonumuzu görər-görməz hamını yarmarkaya gəlməyə səslədi: “Burada gəzmək, oynamaq, şəkil çəkdirmək çox qəşəngdir. “Ozmo dünyası”nda oyun oynadım, hədiyyə qazandım. Hamınız gəlin”

Ənənəyə sadiq qalaraq yarmarkada təqdim edilən hər bir məhsul xeyriyyə məqsədilə satışa çıxarılıb. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr “Soyuq əllər, isti ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olurlar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır. Bu ildən etibarən yarmarka ərazisində hər bir böyük evin üzərində quraşdırılmış xüsusi QR kodu skan edərək ötən illərdə keçirilmiş yarmarkaların dəstəyi ilə əməliyyat olunmuş uşaqların hekayələri ilə ətraflı tanış olmaq mümkündür.

Xatırladaq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir.  

Xeyriyyə yarmarkası 15 yanvaradək fəaliyyət göstərəcək. Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, siz də Yeni il əhval-ruhiyyəsini daha yaxından hiss etmək istəyirsinizsə, o zaman bu yarmarkaya  baş çəkin. Həm alış-veriş edin, həm əylənin, həm də xəstəliklərlə mübarizə aparan körpələrin şəfa tapmasına yardımçı olun. Havalar soyuq keçsə də qəlblərimiz daim isti olsun…

Yaqut Ağaşahqızı, “İki sahil”