KÖŞƏ

Vəli İlyasov

Mollakratiya məkrli planını işə salıb

09 dekabr 2022 02:15
944

Adını İslam Respublikası qoymuş İranda etiraz dalğasının bütün əyalətlərə yayılması ilə eyni vaxtda molla rejiminin ölkədə yaşayan xalqlar arasında milli zəmində münaqişə yaratmaq cəhdləri artıb. Vəziyyətin geridönməz xarakter aldığını hiss edən molla rejimi onun səmtini özündən yayındırmaq üçün məkrli planını işə salıb. Xüsusilə şimal-qərb bölgəsində bundan əvvəl radikal kürd təşkilatları tərəfindən təməli qoyulmuş münaqişənin son vaxtlar qızışdırılması diqqəti cəlb edir. Aranın qarışdığını görən bir sıra kürd silahlı qruplaşmaları və partiyaları özlərinə məxsus media orqanlarında yenidən Azərbaycanın  Mahabad (Soyuqbulaq), Tikantəpə, Bukan, Xana (Piranşəhr), Sərdəşt şəhərlərini Kürdüstan şəhərləri kimi təqdim etməyə başlayıblar. Məqsədləri oradakı vur-çatlasından istifadə edib ərazi ələ keçirməkdir.

Cənubi Azərbaycanın milli-siyasi fəalları və qurumları hazırkı vəziyyətdə rejimə qarşı qüvvələrin parçalanmaması və hədəfdən yayınmamaq üçün təmkinli davransalar da, kürd xalqının radikal nümayəndələri yaranmış vəziyyətdən su-istifadə etməyə çalışırlar. İrandakı xalqları təmsil edən bəzi qurumların bu tip iddialarının Tehran rejiminin siyasətinə xidmət etməsi, mərkəzə qarşı çıxan qüvvələrin pərakəndəliyinə səbəb olmasına istiqamətləndirilib. Onlar Qərbi Azərbaycan əyalətinin qərb və cənub bölgələrini “Kürdüstan torpaqları” kimi qələmə verir, toponimləri və inzibati ərazi bölgüsünü dəyişdirilmiş formada göstərirlər. İran Kürdüstanı Demokrat Partiyasının rəsmi mətbuat orqanı olan “Kürdmedia” saytında gedən materiallarda Qərbi Azərbaycan əyalətinə qarşı ərazi iddiaları irəli sürülür, son etiraz aksiyalarında Qərbi Azərbaycan əyalətinin Mahabad (Soyuqbulaq), Bukan, Tikab (Tikantəpə), Piranşəhr (Xana) və Qoşaçay şəhərlərindəki nümayişlər “Kürdüstan şəhərlərində etiraz aksiyaları” başlığı altında verilir. Bu, İranın bir sıra rəsmi dövlət qurumları tərəfindən də dəstəklənir və inzibati ərazi bölgüsünə görə Qərbi Azərbaycan tərkibində olan bir sıra bölgələr kürd əraziləri kimi qələmə verilir. İranın dövlət televizyasının rəsmi saytında Mahabad (Soyuqbulaq) bölgəsi Qərbi Azərbaycan əyalətinin ərazisi kimi deyil, ayrıca bölgə kimi təqdim edilir. Məqsəd gün kimi aydındır. Azərbaycanlılar da öz növbəsində rejimin niyyətlərini pozmaq üçün əks tədbirlər görürlər. Xaricdə və daxildə yaşayan bir qrup Güney azərbaycanlı siyasi fəal bununla bağlı yeni müraciət hazırladıqlarını və molla rejiminə qarşı davam edən etiraz aksiyalarını hədəfdən yayındırmamaq üçün qonşu xalqın nümayəndələri ilə danışıqlar aparmağa hazır olduqlarını bildiriblər.

İranda xalqlara edilən zülmlər o həddə çatıb ki, hətta rejimin ən yaxınları belə ona qarşı çıxırlar: "Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”.

 Bu fikri İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni öz müraciətində bildirib. Onun sözlərinə görə, Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin çirkin yolunu davam etdirir.

Bədri Hüseyni İranın ali rəhbəri olan qardaşı ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb. O, İslam Respublikası tərəfindən müxtəlif vaxtlarda yeniyetmə və gənclərin öldürülməsi, etirazçıların həbsinə toxunaraq yazıb: “Uşaq itkisi və övladdan ayrılıq hər bir ana üçün böyük kədərdir. Son dörd onillikdə bir çox analar yaxınlarını itiriblər”.

Zülmə qarşı səsini ucaldan Bədri Hüseyni Xomeyninin və Xameneinin dövründə İran İslam Respublikası rejiminin törətdiyi cinayətlər nəticəsində günahsız ölən insanların analarına başsağlığı da verib. Bu sözlər sübut edir ki, İranda İslamın ziddinə, insanlığın əksinə hər cür yaramaz əməllər törədilir. Özü də kimlər tərəfindən? Ağzını açanın dilini kəsən bir ölkənin dini lideri, prezidenti və ictimai asayiş keşikçiləri tərəfindən. Belə zülmü isə nə Allah götürər, nə də onun bəndələri!