KÖŞƏ

Vəli İlyasov

Fransızsayağı "sevgi"

10 dekabr 2022 02:38
932

Deyim var: Dostunu göstər, sənin kim olduğunu deyim. Təbii ki, işğalçı ilə işğalçının sözü tutar, şərəfli adamla cinayətkarın nə söhbəti, nə işbirliyi ola bilər ki? Odur ki, Fransada hər bir terrorçu erməni canfəşanlıqla qarşılanır, ona xoş sifət və bacı qayğısı göstərilir, ayaqlarının altına daş qoyub geri göndərilir. Bir vaxtlar Cənubi Afrika xalqlarını, xüsusən Əlcəzairi və Ruandanı müstəmləkə əsarəti altında əzən Fransa Azərbaycan ərazilərini otuz il işğal altında saxlayan Ermənistana ”böyük bacı”lıq edir. Dediyimiz kimi, hər ikisinin niyyəti və xisləti eynidir-başqasının torpağını qəsb etmək. İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini həzm edə bilməyən Fransa işğalçı “bacı”sına qucaq açaraq zəhərli ideyaları ilə onun “beynini doldurmaqla” məşğuldur. Ayaq tutan erməni kömək istəmək üçün indi Rusiyaya deyil, Fransaya qaçır. Çünki Rusiyanı onun dar məqamında atan Ermənistan ağasını dəyişərək Fransaya sığınır.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir neçə gün əvvəl ölkənin “France 24“ telekanalının Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutyunyanla müsahibə yayımlamasına kəskin münasibət bildirib. Telekanal Araiki terror bölgəsinin prezidenti kimi təqdim edib. Leyla Abdullayeva bu barədə öz "Twitter" hesabında paylaşım edib: “France 24“ün dünya tərəfindən tanınmayan terrorçu və qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsini yayımlaması separatizmin təbliğ edilməsinə təkan verir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi yüksəldərək sülh səylərinə zərbə vurur”. Səfirin bu paylaşımından zərrə qədər utanmayan baş terrorçu "öz işində" olub.

 “İşgüzar səfər”ini davam etdirən Qarabağ separatçılarının başçısı Araik Arutyunyan qarşısına çıxan bütün it-qurdlarla görüşdən sonra  Parisin meri Anno İdalqo ilə bir araya gəlib. Söhbət başdan-ayağa Azərbaycanla sülhü necə əngəlləmək haqqında gedib. Paris meri görüşdə Araikin "dərin sevgi"sini qazanmaq üçün dəridən-qabıqdan çıxaraq Azərbaycan əleyhinə ağzına gələni üyüdüb töküb, separatizmə verdiyi dəstəyi növbəti dəfə təkrarlayıb.

İdalqo bəlağətlə Azərbaycan ərazilərindəki qondarma qurumu “artsax”, separatçıları isə “artsax xalqı” adlandırıb. O, Parisin həmişə olduğu kimi, yenə də separatçı "bacı"larının yanlarında olduğunu bildirib. Ancaq onun sözlərinin saxtalığı burada özünü göstərib. Mer İdalqo 700 min nəfərin yaşadığı Marsel vilayətini ermənilərin Marsel respublikası, erməniləri isə Marsel xalqı adlandırsa xaçdaşları üçün daha şirin olardı. Yoxsa müsyö Makronun Azərbaycanın ərazisini özgəsinə bağışlamağa hansı ixtiyarı var? Kim onu özünə vəkil tutub?

Parisdə tur keçirən Arutyunyan Fransanın İle-de-Frans region şurasının sədri  Valeri Pekreslə də görüşüb. Pekres “Qarabağın və  Ermənistanın erməni xalqı”na həmrəylik və dəstəyini ifadə edib. “Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, - Pekress “Twitter” mikrobloqunda yazıb.

Xatırladaq ki,  separatçı-terrorçu Araiki qəbul edən Valeri Pekres 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində “Respublikaçılar” partiyasının namizədi olub. 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə onun adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Əslində fransızsayağı sevginin arxasında başqa ssenari var. Yəni, Fransa Ermənistandan “maşa” kimi istifadə edərək Cənubi Qafqazda özünə yer almağa, öz maraqlarını təmin etməyə çalışır. Maraq isə Qafqazda milyonlar qazanacaq bir neçə şirkətin açılmasıdır. Ancaq Azərbaycan Fransanın təzyiq vasitəsi ilə yeritmək istədiyi arzularının qarşısına qırmızı xətt çəkir, onunla zor dilində danışmağa yol vermir. Bu isə həmişə ərköyünlük edən, xalqlara yuxarıdan baxan Fransanın xoşuna gəlmir.

Bir neçə gündür ki, iblis yuvası Parisdə olan Arutyunyan bu müddət ərzində fransalı parlamentarilərlə görüşüb, bu ölkənin parlamentində olub. Təbii ki, Araik qısa müddətdə Azərbaycan əleyhinə iki qətnamə qəbul edən senatorlara öz sonsuz minnətdarlığını bildirib. Heç şübhəsiz ki, bu “sonsuz minnətdarlıq” fransızların çox sevdikləri tünd İrəvan konyakından ibarətdir. Yəqin başı dumanlı senatorlar İrəvan konyakını “dequstasiya” edəndən sonra daha da havalanacaq, ermənilərə bir az da xoş görünmək üçün Azərbaycana və Türkiyəyə qarşı aqressivliklərini artıracaqlar. Ancaq dəyirman bildiyini edəcək, çax-çax isə yalnız baş ağrıda bilər.

Onu da qeyd etmək lazımdır ki, Fransanın qeyri-etik davranışları təkcə Azərbaycana deyil, bir çox ölkələrə də qarşı yönəlib. Bir neçə gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronun siyasətini iyrənc adlandırıb və onu xalqlara təhdid kimi qiymətləndirib. Burada qeyri-ixtiyari olaraq “Böyük dayaq” filmində Rüstəm kişinin: “Ə, sən nə vaxt adam olacaqsan?” sualı yada düşür.