KÖŞƏ

Vəli İlyasov

İcma, yoxsa Bordovun iblis yuvası?..

13 dekabr 2022 23:57
894

Məlumdur ki, Azərbaycan dünyanın ən multikultural və tolerant ölkələrindən biridir. Burada onlarla böyük xalqların, etnik azlıqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar. Ruslar, ukraynalılar, yəhudilər, malakanlar, ləzgilər, avarlar, tatlar, kürdlər, talışlar və s. Azərbaycanı öz vətənləri hesab edirlər. Azərbaycanlılar milli eqoizmi olmayan, bəşəri düşüncəli xalq olduqları üçün həmin etnik azlıqlarla qohumluq əlaqələri də yaradır, necə deyərlər, qaynayıb-qarışır, milli ayrı-seçkiliyə yol vermirlər. Onların arasında ən böyük əlaqələr ruslarla qurulub. Hazırda Azərbaycanda rusların təhsil aldıqları 300-dən çox ümumtəhsil məktəbi, ali təhsil almaları üçün universitetlərin demək olar ki, hamısında rus dilində tədris olunan fakültələr fəaliyyət göstərir. Ölkəmizdə kifayət qədər rus dili kursları var. İnamla deyə bilərik ki, ana dilimizdən sonra ən geniş yayılan ünsiyyət vasitəsi məhz rus dilidir. Xristian dindarların ibadət etməsi üçün Bakıda rus kilsəsi və əlaqələndirmə mərkəzi rolunu oynayan icma milliyyətcə rus olanların qayğıları ilə məşğuldur. İcma Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi status alıb. Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin bir neçə çağırış Milli Məclisin deputatı seçilib və hazırda da ali qanunverici orqanda təmsil olunur.

Bunları bir daha xatırlatmaqda məqsədimiz odur ki, Azərbaycanda ruslarla bağlı heç bir problem yoxdur və heç əvvəllər də olmayıb. Yəni, ölkəmizdə ikinci, üçüncü rus icması açılmasına heç bir lüzum yoxdur. Ancaq qəflətən müəmmalı şəkildə Xankəndidə Azərbaycan hakimiyyətindən xəbərsiz peyda olan rus icması yeni qəribə iddialar irəli sürməkdədir. Özü özünü təsis edən bu qeyri-qanuni banda dərhal da "qızğın fəaliyyətə" keçib. Necə deyərlər, itimiz-qurdumuz az idi, biri də böyürdən çıxdı.

“Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər."

 Bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov deyib. Əvvəla, bu suala cavab vermək lazımdır ki, bu Bordov kimdir və o, heç vaxt rusların yaşamadıqları Xankəndidə necə peyda olub? İkincisi, özünün  təxribatçı çıxışında ölkəmizi 10 noyabr Üçtərəfli Bəyanatını pozmaqda ittiham edən Bordov görün nə deyir: “Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”.

Həyasızlığın dərəcəsini görürsünüzmü? Aydın görünür ki, Aleksandr adlı bu başıpozuq Xankəndidəki terrorçu "qardaş"larına xidmət göstərməyə çalışır. Özü də yaxşı bilir ki, atəşkəsi pozan kimdir, amma sualı azərbaycanlılara ünvanlayır. Xankəndidə oturub "hüquqlarını qorumaqda Rusiyanın dəstəyini" arzulayan Bordovun bu axmaq ideyasından üfunətli  iy gəlir ki, bu da təsadüfi deyil. Axı, onun ata-babaları da da bu cür çirkin əməllərlə məşğul olublar. Özgəsinin torpağında oturub ev sahiblərinə ya xəyanət ediblər, ya zor göstəriblər. Qəddar və insanlıqdan uzaq mayor Lisaneviçin törəmələrindən bundan artıq nə gözləmək olar ki?! Ancaq onlar tarixdə qaldı. Bu gün tarix başqa cür yazılır. Azərbaycan öz ərazisini separatçılardan və onlara qol-qanad verən tör-töküntülərdən təmizləyir. Bu işdə kimlər nə qədər dirəniş etsə də nəhayət, süpürülüb atılacaqlar. Bordov və onun kimiləri erməni terrorçularına nə qədər quyruq bulasalar da heç nə alınmayacaq. Ona görə ki, dostumuzu və düşmənimizi yaxşı tanıyırıq, üstəlik haqq-ədalət də bizim tərəfimizdədir. Bunlardan da başqa, dəmir yumruğumuz öz yerində gözləyir.