KÖŞƏ

Vəli İlyasov

Lənətlənmişlər...

15 dekabr 2022 02:58
886

Ermənilər başlarını köhnə "qoltuq"dan çıxarmağa çalışırlar

Cənubi Qafqaz regionunda iki yüz ildən artıq davam edən qanlı tamaşalar bitmək üzrədir. Artıq pərdə qalxır, kimin hansı rolda oynadığı aydın olur. Açıq görünür ki, bir zamanlar "can-can" deyən, xisləti və məqsədi eyni olanlar indi barışmaz düşmənlərə çevriliblər.

O da məlum olur ki, erməniləri xarici ölkələrdəki səfil həyatından xilas edib onlara dövlət quran Rusiya elə onların özləri tərəfindən indi günahkar elan olunub. Paradoksa baxın: yüz il rus çarlarının, yetmiş il Sovet dövlətinin, son otuz ildə  Rusiya Federasiyasının ayırdığı dotasiya pulları ilə firavan dolanan və mövcud olan Ermənistan Rusiyanın Ukrayna ilə müharibədəki ağır dönəmindən istifadə edərək ondan üz çevirir və üstəlik onu İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin günahkarı elan edir.

"Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyimizin qarantı məsuliyyətini öz üzərinə götürə bilməz. Putinlə Əliyev arasında telefon danışığından sonra hər şey daha da aydın oldu..."

Bu fikri Ermənistan cəmiyyətində  tanınmış analitik Tevos Arşakyan deyib. Onun sözlərindən açıq hiss olunur ki, əvvəllər öz ağasının-Rusiyanın ətəyindən əl götürməyən ermənilər indi ondan uzaqlaşmaq niyyətindədirlər. Tevosun irəli sürdüyü bu tezis təkcə onun şəxsi fikri deyil. Hazırda Ermənistanda Rusiya əleyhinə köklənənlər əksəriyyət təşkil edir. Arşakyan həmin çoxluğun fikrini ifadə edərək bildirir ki, Rusiyaya "otval" vermək lazımdır. Üzüdönük ermənilər Qərbdə özlərinə yeni ağalar tapandan sonra köhnə ağanın heç bir hərəkəti onlara xoş gəlmir. Fikrinə davam edən erməni politoloq görün daha nə deyir: “Sülhməramlılar əvvəl-əvvəl Xankəndi yaxınlığında azərbaycanlı ekoloqların aksiyasını dağıtmaq üçün hətta BMP-ni sürüyüb gətirmişdilər. Ancaq səhv etdiklərini başa düşərək onu tez bir zamanda daimi dislokasiya yerinə qaytarıblar.

Hazırda İrəvanda da Rusiyanı müttəfiq kimi görmək istəyən yoxdur. Son illər Rusiya bizə dəfələrlə xəyanət edib. Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyimizin qarantı məsuliyyətini öz üzərinə götürə bilməz. Rusiyaya ancaq bölgədəki hərbi mövcudluğunu təmin etmək lazımdır, qalanları, o cümlədən erməniləri vecinə almır. Ona görə də ilk növbədə Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsinə başlamağın əsl vaxtıdır. Bunun əvəzində Fransa və yaxud ABŞ hərbi bazası Ermənistanda yaradılmalıdır”.

Ermənistan hakimiyyəti Arşakyanın sözləri ilə özünün əsl məqsəd və planlarını ortaya qoymuş olur. Bu fikir nahaq yerə ortaya atılmayıb. Bu, Paşinyan hakimiyyətinin dörd ildən bəri apardığı məqsədyönlü siyasətin və tədbirlərin məntiqi nəticəsidir. Əslində belə plan siyasətdə maymaq olan Paşinyana aid deyil. Rusiyaya düşmən münasibətdə olan xarici ölkələrdəki erməni diasporlarının və erməni ziyalılarının çoxdankı arzu və ideyalarıdır. Burada qeyd etməliyik ki, əvvəllər “qılıncının dalının da,  qabağının da kəsdiyi” erməni diaspor təşkilatları indi kəsərsiz dəmir parçasına oxşayır. Dünya daha erməni yalanlarına inanmır. Fransanın hay-küyü isə heç nəyə yaramır, çünki bunlar beynəlxalq aləmdə ciddi qəbul olunmur. Ona görə də ermənilərin hər hansı real addım atmaları mümkünsüz görünür. Axı, onlar həmişə hər işlərini kiminsə "qoltuğuna" sığınaraq həyata keçirə biliblər. Ancaq indi o “qoltuqlar” da yoxa çıxıb və Ermənistan təklənib. Qərbin xoşuna gəlmək, onun resurslarından faydalanmaq üçün ermənilər Rusiyanı öz ərazilərindən qovmağı ən sərfəli yol kimi seçiblər.

Təbii ki, Rusiyanı öz ərazisindən çıxarmağı reallaşdırmaq Ermənistana elə-belə başa gəlməyəcək.  Çünki Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası bu ölkə üçün ən təhlükəli bir gücdür. Bilirsinizmi bazanın potensialı nədir? Baxın, Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. Şübhəsiz ki, olub-keçən olaylardan sonra şəxsi heyətin sayı dəfələrlə artırılıb. Məlumata görə, İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakterioloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Qısaca desək, 102-ci hərbi baza Ermənistana böyük təhlükələr vəd edən "barıt çəlləyi"nə oxşayır. Son vaxtlar Paşinyan hökuməti Qərbin ətəyindən bərk yapışdıqca “çəlləyin” fitili də qızır və partlayış anı yaxınlaşır.

Ola bilər ki, sonda Rusiya oradan Ermənistanın dövlətçiliyini özülünə qədər sarsıdıb çıxar, ya da başqa bir öldürücü zərbə vurar. Bütün hallarda zəif Ermənistan bu mübarizədən ciddi zərərlə çıxacaqdır. Çıxa bilsə!..