KÖŞƏ

Vəli İlyasov

Bu qədər dəlilik olmaz axı...

21 dekabr 2022 00:14
1257

Avropa Parlamentində tüğyan edən erməni "sevgisi" nədən qaynaqlanır?

Əvvəldən məlum idi ki, Fransa və Yunanıstan kimi ölkələr Laçın yolunda davam edən aksiyaya qərəzli yanaşacaqlar. Elə də oldu. Amma məsələnin təəssüf doğuran cəhəti odur ki, panikaçılara meydan açan Avropa Parlamentinin pulgir və ermənipərəst deputatları həmin ölkələri təmsil edən həmkarları ilə birlikdə "xor kapellası" yaradıblar. Ölkəmizdə bircə dəfə olmayan Avropa parlamentariləri şivən qoparıblar ki, bəs Azərbaycan Laçın yolunu bağlayaraq Qarabağı blokadaya salıb. Ancaq onların bədənləri bilmir ki, başları nə danışır. Çünki Laçın yolundan başqa Ermənistandan Qarabağa gələn daha bir yol var və o yol daim açıqdır. Bu, Göyçə-Kəlbəcər-Xankəndi yoludur. Hətta üçüncü yol da var ki, bu da Dilican-Qazax-Gəncə-Xankəndi şose yoludur. Hazırda həmin yollar Ermənistanın günahı ucbatından işləmir. Sülhə gəlsələr, əlbəttə, bu yolların hamısı açılacaq. Bütün bunları bilən və bilməyən erməni sevgili Avropa parlamentariləri başlarının keçmədiyi yerə çiyinlərini soxurlar. Ayıbdır, bu qədər dəlilik olmaz axı. Təəssüf ki, bunlar ayıb işin nə olduğunu dərk etmirlər. Həyasızlıqda lap ermənilərə oxşayırlar.

Bəs avroparlamentariləri ağ yalan danışmağa vadar edən nədir? Bu, çox maraqlı sualdır və bir neçə cavabı var. Ancaq onlardan biri daha önəmlidir:  Pul. Bəli, söhbət Ermənistandan  Avropa Parlamentinə  axıdılan külli miqdarda pullardan gedir. Onun yanında İrəvan konyakı da olsa ağıllı adamı dəli edər.

Avropa Parlamentindəki rüşvət məsələsi artıq onun divarlarından çoz-çox uzaqlara yayılıb. İndi bu barədə daha pıçıltı ilə danışmırlar.

Azərbaycanın Avropa Parlamentindəki nümayəndə heyətinin üzvü Tural Gəncəliyev baş verən son proseslərdən, xüsusilə korrupsiya biabırçılığından danışıb: “Mən daim Avropa Parlamentində oluram. Orada hər zaman Azərbaycana qarşı mövqe tutan, qətnamələr qəbul edən deputatlar erməni iş adamlarından pul alaraq sənədlərin qəbulunda fəallıq edirlər”.

Deputat xatırladıb ki, Avropa Parlamentinin yunanıstanlı vitse-spikeri həbs edilib və o, əslində erməni dostluq qrupuna yaxın çevrədir: “Azərbaycanlı ekofəallar Qarabağda ekoloji durumla bağlı etiraz aksiyaları keçirirlər. Amma Avropa Parlamentində hay-küy salıb deyirlər ki, yol bağlanıb. Buna səbəb həmin deputatların gəlir yerinin bağlanmasıdır. Qarabağdakı mədənlərin qanunsuz istismarı, bu sərvətlərin talan edilməsi mexanizmi qurulmuşdu və bundan Avropa Parlamentinin deputatları da yararlanırdı. İndi bu gəlir bağlanıb”.

Deputatımız qeyd edib ki, dəfələrlə erməni iş adamlarının – Karapetyan və digərlərinin Avropa Parlamentinin binasında əyləşərək avropalı deputatları korrupsiya prosesinə cəlb etdikləri müşahidə olunub.

Belə məlum olur ki, AP-yə pullar Ermənistandan deyil, Azərbaycandan gedir. Daha doğrusu, ölkəmizin  ərazilərində ermənilər tərəfindən talanan təbii sərvətlərin müəyyən məbləği Avropa Parlamentinin deputatlarına ötürülür .

Şübhəsiz ki, bu biabırçılıqdan xəbər tutan digər ölkələr Avropa Parlamentində tüğyan edən Ermənistan "sevgisi"nin nədən qaynaqlandığını təfərrüatı ilə öyrənəcəklər. Bu isə beynəlxalq təşkilat kimi onun nüfuzunu öldürəcək, bayrağını çirkli əski parçasına çevirəcək.