KÖŞƏ

Vəli İlyasov

Vahe niyə zırın-zırın ağladı?

27 dekabr 2022 02:36
1153

İraq qulaqlardan, evi yıxılıb çırağı sönənlər, ya da əzizini itirənlər belə zırın-zırın ağlayarlar. Ancaq Vahenin dərdi bunlardan da dəhşətli dərəcədə faciəvidir. O, bütün Ermənistanı itirəcəklərindən bərk qorxur. Bəs necə, əsrlər boyu qapılarda nökərçilik və ya at tövlələrində mehtərlik etmiş ermənilər kimlərinsə hesabına “təşkil” edilən dövləti itirmək qorxusu ilə üzbəüz qalıblar. İki yüz illik tarixlərində ilk gicəlləndirici zərbəni yeyən ermənilər indi özlərinin heç nəyə qabil olmadıqlarını başa düşməyə başlayıblar. İkinci Qarabağ müharibəsindən sonra, daha doğrusu, 2020-ci il noyabrın 10-da qəbul olunmuş üçtərəfli razılaşmalara görə, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün işlətdiyi bütün fəndlər və yayındırıcı tədbirlər sona çatmaq üzrədir. Yəni, sadə dildə desək, divar qurtarıb. Bir neçə gün əvvəl keçirilən sonuncu görüşdə heç bir müsbət nəticə əldə etməyə ümidi olmayan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya getmədi. Buna görə Azərbaycan və Rusiya  tərəfləri təəssüfləndiklərini bildirdilər və Ermənistan XİN rəhbərinin sayğısız hərəkətini pislədilər.

“Dünən gecə Ermənistan futbol topu idi, kim hara və necə istəyirdisə elə də vururdu. Dünən gecə bizə Moskvadan, Bakıdan, Parisdən dedilər ki, belə davam etsəniz, pis olar. Dünən gecə bizi alçaltdılar, hədələdilər”.

Bu barədə Ermənistanın “Alternativ layihələr” araşdırma qrupunun eksperti Vahe Ovannesyan şivən qoparıb. Görün, Qıdı kirvə kimi iki metrlik dəsmalını çəkib hönkürtü vuran Vahe dığa nə deyib: “Ötən gecə Lavrov bizi danışıqlardan yayınmaqda ittiham edir, biz isə sakit yaşamağa davam edirik. Dünən gecə Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını geri çəkə bilər, biz səssiz dayanmışıq. Əliyev dünən axşam Makrona bildirib ki, Ermənistan 8 Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir. Yenə də heç nə etmirik və heç bir nəticə çıxarmırıq. Bunun səbəbi bəllidir: Ermənistanın gücü birtərəfli qərarlar qəbul edən və heç kimə hesab verməyən bir şəxsdən ibarətdir. O, xalqı, cəmiyyəti, dövlət institutlarını vecinə almır. Bu, başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar yüksək kobud səhv riskini ehtiva edir. Bir şəxs bütün dövlətin gələcəyini, taleyini həll edir. Bu, son dərəcə kəskin problemdir. Biz bomba üzərində oturmuş bir ölkəyik”.

Vahenin axırıncı üç cümləsi ilə tam razılaşmaq olar, Ermənistan doğrudan da bomba üzərində oturan və gələcəyi görünməyən bir ölkədir. Bəs bunun günahkarı kimdir?

Məsələ ondadır ki, rəsmi İrəvan Kremlə qarşı hörmətsizlik vərdişlərini artırmaqda davam edir. Görünən həm də odur ki, Rusiyanın patronajlığı altında mövcud olan Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının yekun sənədini imzalamayan Ermənistanın baş naziri Nikol Paşinyan Kremlin nüfuzuna zərbə vurmaqda israrlıdır. Belə ki, indi də erməni baş nazir əvvəlcə Rusiyanı üçtərəfli anlaşmaları, rus sülhməramlıları isə öz missiyalarını icra etməməkdə suçlayır. Ardınca isə Ermənistan xarici işlər nazirini Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşə göndərmədi.

Təbii ki, erməni baş nazir bu davranışının Rusiyanın beynəlxalq nüfuzunu zədələyəcəyini anlamamış deyildi. Deməli, elə əsas məqsədi də məhz Rusiyaya açıq hörmətsizlik etməklə, hansısa beynəlxalq siyasi dairələrə mesaj vermək olub. Kremldə də erməni baş nazirin Rusiyanın başı üzərindən avantürist oyunlara həvəs göstərdiyini, onun təsir dairəsindən uzaqlaşmaq cəhdlərini  diqqətdən qaçırmırlar.

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə bu məqam qabarıq şəkildə nəzərə çarpdı. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin ittihamlarının qəbuledilməz olduğunu vurğuladı. Eyni zamanda, Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətə görə ermənilərin günahkar olduğuna eyham vurdu: "Bu problem Azərbaycan ekoloqlarının aksiyası və ya rus sülhməramlıların öz missiyasını yerinə yetirməməsi ucbatından yaranmayıb. Erməni tərəfi Azərbaycan ekoloqlarının faydalı qazıntılar yataqlarında araşdırma aparmasını nəzərdə tutan anlaşmanı pozaraq, onlara əngəl törətdikdən sonra belə bir vəziyyət yarandı".

Göründüyü kimi, Rusiya xarici işlər naziri faktlara istinad edir və bununla da əslində, indi bütün dünyada hay-küy salan erməni tərəfin günahkar olduğuna eyham vurur. Belə vəziyyətdə isə son vaxtlar erməni tərəfinin adından danışmağa can atan Kremlin emissarı, fırıldaqçı erməni milyarder Ruben Vardanyan barədə mövzunun gündəmə gəlməsi qətiyyən təəccüblü deyil. Hər halda, Azərbaycan öz sərhədləri daxilində erməni separatizmini və terrorizmini gücləndirməyə çalışan bir cinayətkarın sərbəst dolaşmasına dözmək niyyətində deyil.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının bu fırıldaqçı və kələkbaz erməni ilə bağlı prinsipial mövqedə olduğunu hər kəsə anladıb.

Əgər ermənilər gözlərini örtmüş şeytan pərdəsini götürə bilsələr, onda görərlər ki, bunun günahkarı dedikləri “bir şəxs” deyil, xaricli, daxilli içləri murdar ideyalarla dolu olan bütün ermənilərdir. Onlar iki yüz il onun-bunun köməyi ilə qonşuların torpaqlarını qamarlayanda heç düşünmürdülər ki, tarixin sərt döngələrindən birində həmin köməkçilər üz çevirsə, onda ayaq üstə necə qalacaqlar? İndi həmin sərt döngədə kəllə-mayallaq olduqlarını görərək başqalarının üstünə ağlamaqdan savayı çarə tapa bilmirlər. Çünki daha həyasızlıq, şər-böhtan yerimir, dünya bunların hansı əclaf zat olduqlarını öyrənib. Hətta xəyanətkarlıqlarını və çörəkitirənliklərini görən köhnə dostlarının da əksəriyyəti bunlardan üz döndərib. Ancaq daha özlərinə yapışdırdıqları “yazıq”, “məzlum”, “əzabkeş” və digər çoxlu epitetlərə inanan yoxdur. Çünki otuz beş ildir ki, bunların zəhərli dişlərini görməyən olmadı.

Azərbaycan ərazilərini iyirmi səkkiz il işğal altında çapıb-talayan ermənilər o dərəcədə həyasızlaşmışdılar ki, qonşu Gürcüstanın və Türkiyənin bəzi ərazilərini uydurduqları “böyük Ermənistan”ın əraziləri elan etmişdilər. Bunlardan da betəri o idi ki, qurama dövlətlərinin ipini tutan Rusiyanın Krasnodar, Kuban və Stavropol vilayətlərinin də xəyali vətənlərinin bir hissəsi olduğunu iddia edirdilər.

Cırtdan bir ölkənin özündən dəfələrlə böyük ölkələrə belə ağılsız iddiaları nəhayət, bir gün daramadağın olunmalı idi və oldu da.

Vahenin ağlaması isə tamamilə yersizdir, çünki Azərbaycanın atalar məsəlində deyildiyi kimi, özü yıxılan ağlamaz!..