KÖŞƏ

Vəli İlyasov

Rubçik qu quşunun sonuncu nəğməsini oxuyur...

29 dekabr 2022 00:13
1013

Separatçılar arasında didişmə son həddə çatıb

Bilirik ki, qu quşunun ölümü yaxınlaşanda o, son dəfə qığıldayaraq oxuyur və sonra özü öz boynunu sındıraraq intihar edir. Bax, Xankəndidə yuva salmış “şmotka”satan Ruben Vardanyan da eynilə qu quşu kimi sonuncu “nəğmələrini” oxumaqdadır. Əvvəllər hiyləgərliklə dediyi guya araya sülh yaratmağa gəldiyi fikri artıq sabun köpüyü kimi əriyərək yox olub və o, müharibə ritorikasından çıxış etməyə başlayıb. Ancaq ətrafındakı ermənilərin bir çoxu sonu darmadağınla nəticələnəcək hərbi əməliyyatlara getmək istəmədiklərini bildirir və Vardanyanın müharibə planına kəskin etiraz edirlər. Azərbaycan Ordusunun öldürücü zərbələrini yemiş etirazçılar başa düşürlər ki, əgər Ermənistan silahlı qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində biabırcasına məğlub edilibsə bu hesabla Xankəndidə toplanmış kiçik hərbi qüvvə neçə gün və ya neçə saat davam gətirə bilər?

Ona görə də Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərginləşib.  Ermənistanın “Hraparak” qəzeti də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında daldalanmış kriminal rejimin rəhbərliyində ciddi fikir ayrılığından yazır. Nəşr bildirir ki, Vardanyanın fikrincə, Qarabağ məsələsində güzəştə getməyə hazır olanların hamısının yeni formalaşan “kabinet”də yeri olmayacaq. O, qəti şəkildə bildirib ki, geri çəkilənlər, Azərbaycanla danışıqlara getmək istəyənlər bizimlə birgə ola bilməzlər.

Belə məlum olub ki, Ruben Vardanyan, separatçıların başçısı Araik Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında kifayət qədər gərgin münasibətlər yaranıb. Bunu faktlar da sübut edir: “Əhəmiyyətli siqnal Araik Arutyunyanın bazar günü mitinqdə çıxış etməməsi idi. Bizə onu da bildirdilər ki, “dövlət naziri” Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Əgər əvvəllər Vitali ruslar və azərbaycanlılarla danışıqlar aparan şəxs idisə, indi o, ikinci plana çəkilib. Dünən o, mitinqdə belə iştirak etməyib”, – nəşr yazıb.

Qəzet yazır ki, Vardanyan "rəhbər" Araik Arutyunyandan tələb edib ki, ya mən, ya da Balasanyan.

Nəşrin məlumatına görə, tezliklə Balasanyandan postundan getməsi tələb olunacaq. Onun yerinə Qarabağdakı terrorçı qüvvələrin keçmiş komandiri, azərbaycanlıların müxtəlif üsullarla qətlində fərqlənmiş cəllaq Levon Mnatsakanyan gələcək. O da məlumdur ki, Araik Arutunyanla Vitali Balasanyanın arxasında keçmiş terrorçubaşları da durur. Yəni, Vardanyana qarşı əks cəbhədə dayananların sıraları genişdir. Keçmiş quldurbaşılardan yalnız bir neçəsi milyarder Vardanyana öz sədaqətini “izhar” edib. Eyni zamanda, separatçıların keçmiş iptutanı, "Qarabağ klanı"nın rəhbərlərindən biri Bako Saakyan da Vardanyanın tərəfində oynayır.

Müharibə tərəfdarları başda Ruben Vardanyan olmaqla elan ediblər ki, 1988-ci ildəki ssenarini yenidən təkrar edəcəklər və bütün erməniləri Azərbaycanla müharibəyə çağıracaqlar. Tamamilə gülünc bir çağırış. Görəsən, bu çağırışa kim səs verəcək? Srağagün Qarabağ erməniləri arasında Azərbaycanla müharibə olacağı xəbəri yayılanda mülki əhalinin böyük hissəsi onların təxliyə olunmasını tələb ediblər. Bu isə o deməkdir ki, müharibə istəyən yalnız bir ovuc terrorçudur, əgər hərbi əməliyyatlar başlayarsa Qarabağ erməniləri terrorçularla birgə olmayacaqlar. Yəqin Ruben Vardanyan və ətrafındakılar başa düşdülər ki, onlar meydanda təkləniblər və faciəli sonluqdan yaxa qurtara bilməyəcəklər. Ermənistanın baş naziri Nikol Paşinyan açıqca bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və  oradakı ermənilərin məsələləri ilə Azərbaycan məşğul olmalıdır. Ermənistan hakimiyyəti isə ixtiyarındakı 29000 kvadratkilometr əraziyə cavabdehdir. Bunu qanmaq Allah ölümü deyil ki? İndi “dövlət naziri” Rubçikin iki yolu var: ya vertolyotunu çağırıb Qarabağdan qaçmaq, ya Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında cavab vermək. Seçim özünündür, necə deyərlər, can onun, cəhənnəm Tanrının...