KÖŞƏ

Vəli İlyasov

Göstərən saətdə dövrani-fələk bir inqilab...

31 dekabr 2022 02:14
1555

Arazın o tayındakı xalqlar Yeni ildə yeni əzmlə mübarizə aparacaqlar

Tarix göstərir ki, imperiyalar çox və ya az yaşamasından asılı olmayaraq sonda dağılıb məhv olur. Adını İslam qoyub müqəddəs Qurani-Kərimin qayda-qanunlarını, İslamın humanizmini ayaqlar altına atanlar, insanlıqdan kənar cinayətlərə rəvac verən din və millət düşmənləri əzdikləri xalqlar qarşısında son dəfə hesab verməlidirlər.

İranda yaşayan müxtəlif xalqların təşkilatları bu ölkədəki etniklərin azadlıq mübarizəsi, davam edən etirazlar  buna hesablanıb. Həmin təşkilatlar öz xalqlarının avanqardı kimi azadlıq mübarizəsinə rəhbərlik etməyi üzərlərinə götürüblər. Artıq onlar öz varlıqlarını və mübarizələrini elan ediblər. Həmin təşkilatlar və hərəkatlar bunlardır. Əhvaz  Xalq Demokratik Cəbhəsi,  Güney Azərbaycan İstiqlal Partiyası, Güney Türkmənistan Milli Demokratik Birliyi,  15 Nisan Əhvazın Azadlığı Uğrunda Hərəkat,  Əhvaz Demokratik Cəbhəsi,  Bəlucistan Raci Zarambaş (Bəlucistan Milli Hərəkatı),  Kürdüstan Azadlıq Partiyası (PAK), Bəlucistan Azadlıq Hərəkatı (FBM) və Əhvazın Azad edilməsi üçün Ərəb Cəbhəsi

Bu təşkilatlar bir-birləri ilə əməkdaşlıq şəraitində mübarizə aparmağı və rejimin hiylələrinə uymamağı, eyni məqsədə doğru irəliləməyi razılaşdırıblar.

Siyasi qurumların təmsilçiləri bildiriblər ki, İranın işğalçı rejimləri tərəfindən qeyri-fars millətlərin torpaqlarının iki yüz ilə yaxın işğalı dövründə bu xalqları məhv etmək üçün sistemli qırğınlarla yanaşı, müxtəlif assimilyasiya, repressiya, məcburi köçkünlük, coğrafi və  demoqrafik dəyişikliklər və s. tətbiq edilib. Bu irticaçı siyasət  xalqların milli müqavimətini darmadağın etməyə hesablanıb.

Etnik qrupların işğalçılara qarşı birliyini pozmaq üçün fars işğalçılarının əsas siyasətlərindən biri də işğal olunmuş ərazilərdə coğrafi və etnik dəyişikliklərin aparılması olub. Bütün amansız repressiyalara baxmayaraq,  bu xalqların qeyrətli övladlarının müstəqillik fəryadları regionda və dünyada böyük rezonans doğurub. Həmin təşkilatlar bu məqsədlə İranın işğalı altında olan xalqların işğaldan müstəqilliyə keçid platformasını aşağıdakı müddəalarla təqdim edirlər: “Biz aşağıda imzası olan təşkilatlar və partiyalar olaraq bəyan edirik ki, İranın işğalçı rejimi terrorizmin və onun regional və dünya səviyyəsində ixracının, işğalın, təcavüzün, repressiyanın, geriliyin və diktaturanın əsas səbəbkarıdır və biz - İranın işğalı altında olan xalqlar İranın işğalçı rejiminin cinayətlərinin ilk və əsas qurbanı olmuşuq. Onu özümüzə əsas düşmən hesab edir, rejimi devirmək və işğalçı qüvvələrin qoşunlarının torpaqlarımızdan tamamilə geri çəkilməsi üçün birlik və koordinasiya ilə mübarizə aparacağıq.  Bəyan edirik ki, İranın işğalçı rejimi devrildikdən və ya onun qüvvələri ərazimizdən çıxarıldıqdan sonra Tehran rejiminin işğalı altında olan xalqların öz milli hökumətlərini yaratmaq hüquqlarını tanımayan heç bir alternativi qəbul etməyəcək və bütün gücümüzlə buna qarşı mübarizə aparacağıq.

 Biz bəyan edirik ki, regionun demokratikləşməsi mütləq İranın işğalı altında olan xalqların hüquqlarının tanınmasından asılıdır. Bu xalqların hüquqlarına məhəl qoymayan istənilən hərəkat antidemokratikdir və biz, İranın işğalı altında olan xalqlar, heç bir halda heç kimin, yaxud hər hansı bir qrupun övladlarımızın qanından istifadə edərək hakimiyyətə gəlməsinə, “İran”ın saxta ərazi bütövlüyü iddiası ilə xalqların müstəqilliyini pozmasına və İran adlı həbsxanada hökumətimizə diktatura tətbiq etməsinə icazə verməyəcəyik.

 İranın işğalı altında olan xalqlara məxsus ərazilərdə milli qüvvələrə arxalanaraq hər cür xaosun qarşısını aldıq, demokratiya, qadın haqlarına, insan haqlarına, dini və məzhəbi haqlara, etnik haqlara və hər bir xalqa aid edilən milli coğrafi bölgədə ictimai təhlükəsizliyin eyni millətin qüvvələri tərəfindən təmin edilməsinə və dünyəvi hökumətin formalaşması ilə bu bölgələrdə müasirlik, sülh, sabitlik və demokratiyaya zəmanət veririk.

 İşğalçı rejim müstəqillik əldə etdikləri halda bu xalqların bir-biri ilə ərazi iddiaları səbəbindən toqquşması və xalqlar arasında müharibənin başlanması ilə bu xalqların torpaqlarını yenidən işğal edib talaya bilsin deyə, əsarətdə olan xalqların təbii və tarixi coğrafiyasını dəyişdirərək, parçalanma və ixtilaf salıb, millətlərin torpaqlarını müxtəlif vilayətlərə bölmək, birləşdirmək və ya yeni vilayətlər yaratmaqla millətlərin sərhədlərini pozub. İranın işğalının məhsulu olan bu fərqlilikləri qəbul edərək, bəzi bölgələrdə sərhədlərin və hətta millətlərin tərkibinin ciddi şəkildə dəyişdiyini bilir, inanır və vurğulayırıq ki, xalqlar İranın işğalından qurtardıqdan və müstəqil olduqdan sonra bu problemlər öz həllini tapmalıdır. Problemlər hökumətlər arasında milli səviyyədə danışıqlar vasitəsilə həll edilməlidir. Bu məsələdə biz belə bir razılığa gəldik ki, siyasi fikirlərdən uzaq, beynəlxalq assambleyaların nəzarəti altında tarixi elmi komitələr bu məsələlərin həlli üçün dinc yolla insan haqlarını müəyyən edib işləsinlər.

 Biz bəyan edirik ki, irançıların bu xalqlardan hər hansı birinin işinə hər hansı bir hücumu, yaxud müdaxiləsi bütün bu xalqların işlərinə hücum, müdaxilə hesab olunacaq və buna birgə cavab veriləcək.”

 Bəyanatda göstərilir ki, ayağa qalxmış xalqların azadlıq mübarizəsi qətidir və geri addım atılmayacaq. Belə görünür ki, təşkilatlanmış xalqlara rəhbərlik edən bu qurumlar qurama dövlət olan İranla sonuncu haqq-hesablarını çəkəcəklər. Nəhayət, yüz illər əsarət altında əziyyət çəkən xalqlar qollarındakı qandalları qoparıb fars şovinistlərinin başına çırpacaq, dar ağaclarını cəlladların üstünə uçuracaqlar. Şübhə yoxdur ki, dünyanın sonuncu imperiyalarından birinin də necə tarmar olduğunu biz də görəcəyik, çünki sürətlə cərəyan edən proseslər belə düşünməyə əsas verir. Böyük şairimiz Məhəmməd Füzuli demişkən,

"Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri."