Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi daxil oldu.
Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.
Bütün bunlarla, eyni zamanda, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə sanki ciddi heç bir şey olmamış kimi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini tarıma çəkmiş, onun səbr kasasını doldurmuşdu.
Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa hər zaman hazır olan Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan Vətən övladları bu ləkəni öz qanları bahasına da olsa, yumağa hazır idilər.
Soyuq 20 yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri - Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi: nəyin bahasına olursa-olsun milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə Azərbaycana yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Bu, azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi. Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və müqəddəs torpaqda əbədiyyətə qovuşdular.
20 Yanvar hadisəsi sovet imperiyası üçün “sonun başlanğıcı” oldu. Xalqın taleyüklü bir anında Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xalqının acısına şərik çıxması - onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi.
Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi - xalqımızın üzləşdiyi ən çətin məqamlarda Ulu Öndər Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.
Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.
Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən vurğuladığı kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı