19 yanvar 2023 12:01
382

20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən, 33 il ötür. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk edilir, düzgün qiymətləndirilir.  Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir, qəhrəmanlıq səhifəsidir. Azərbaycanın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib, Azərbaycan tarixinə həkk olunubdur. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı. Həmin soyuqlu–şaxtalı bir qış gecəsi xalqımızın milli azadlıq ruhunu əzmək, müstəqillik istəyini elə beşikdə boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna  yeridilərək  küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bu faciə nəticəsində respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.  Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən  bir cinayət idi.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi, milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin  ertəsi günü Azərbaycanın Moskvadakı səfirliyinə gələrək, Mixail Qarbaçovun rəhbərliyi ilə azərbaycanlılara qarşı Sovet rejiminin həyata keçirdiyi qanlı qırğını şiddətlə qınayaraq, öz haqq səsini bütün dünyaya nümayiş etdirən bəyanatla çıxış etmişdir. Bu isə əlbəttə ki, Ümummili Liderin əsl liderlik keyfiyyətlərini nümayiş etdirən hadisələrdən biri kimi tarixə yazılmışdır. Bununla da Ulu Öndər cəsarəti, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz Ümummilli Lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi. Respublika rəhbərliyinə qayıdandan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edən Ulu öndər Heydər Əliyevin göstərişi ilə şəhid məzarlarının üstü götürülərək, burada memorial kompleks ucaldılıb, 20 Yanvar günü Ümumxalq hüzn günü elan olunub,  20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi işlərinə başlanılıb. Bu istiqamətdə tədbirlər bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiyməti də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi verdi və 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Yalnız Ulu Öndər Heydər Əliyev respublikada hakimiyyətə qayıtdıqdan sonra -1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Şəhid ailələrinin sosial müdafiəsi də dövlətin diqqətindədir. Prezidentin 5 yanvar 2023 tarixli Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı.  Qarabağ Zəfəri ilə bütün şəhidlərimizin ruhları şaddır.  Əbədi, dönməz və sarsılmaz  müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, şəhidlərimizi böyük ehtiramla yad edirlər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri