09 may 2018 14:19
1004

SOCAR-ın prezidenti neftçi-veteranları təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 9 May-Qələbə Günü münasibətilə neftçi-veteranlara təbriki

Əziz veteranlar,

Sizi 9 May - 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıram.

Qələbə Günü fərəh hissləri ilə qeyd edilən böyük ümumxalq bayramıdır. Azərbaycanda elə bir ailə yoxdur ki, bəşəriyyətin ən ağır sınağı olan İkinci Dünya müharibəsi və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsi onun həyatında iz buraxmasın. Biz xalqımızın övladlarının bu müharibədə göstərdiyi qəhrəmanlığı heç vaxt unutmur, onların xatirəsini nəsildən-nəslə ötürürük. Qəhrəman əsgər və zabitlərimizin rəşadəti hər zaman bizə nümunədir. Bu tarixi qələbədə Azərbaycan neftçilərinin də əvəzolunmaz payı vardır. Neftçilərimiz  düşmən üzərinə yeriyən döyüş maşınlarını və hərbi təyyarələri yanacaqla təmin etmək üçün gecə-gündüz çalışmışlar. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi cəbhəyə məhz Bakıdan göndərilirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarının fədakarlığını daim yüksək qiymətləndirmiş, onların qəhrəmanlığını gənc nəsillərə nümunə göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müharibə veteranlarına daim böyük diqqət və qayğı ilə yanaşır.

Əziz veteranlar,

Azərbaycan xalqı erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizədə həmişə sizdən nümunə götürür, Vətən sevgisini, qəhrəmanlığı sizdən öyrənir. Bir daha hər birinizi faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti