23 yanvar 2023 19:05
386

Telefon, planşet, internet..: Niyə bu qədər maraqlı və asılıyıq ? 

Uşaqların virtual asılılığını “əsrimizin vəbası” adlandırmaq olar

Kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz ya oyun oynayır, ya da internetə daxil olur. Bunlar olmadıqda isə saatlarla televizorun önündən qalxmırlar. Təəssüf ki, bir vaxtlar azyaşlıların və məktəblilərin əlini bəzəyən kitab və dəftərlər öz yerini telefon və planşet kimi müxtəlif texnoloji vasitələrlə əvəz edir.

Mütəxəssislər bildirirlər ki, bütün gününü və diqqətini nəyisə izləməyə yönəldən uşaqda gündəlik həyat bacarıqlarından yayınma halları, eyni zamanda sağlıqla əlaqədar məsələlər ortaya çıxır. İlk növbədə mobil cihazlardan asılılıq insanlara fiziki baxımdan mənfi təsir göstərir. Bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicilərdir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərəri çoxdur.

Maraqlıdır, müasir dövrün populyar  texnoloji vasitələrində və virtual aləmində insanları, xüsusilə də azyaşlıları cəlb edən nədir?

Uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq  birmənalı olaraq ailədən qaynaqlanır

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,  “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq  birmənalı olaraq ailədən qaynaqlanır: “Valideyn qayğısı görən uşaq demək olar ki,  texnoloji alətlərə, internetə meyil  etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə  çalışırlar. Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn  öz uşağı ilə  maraqlanmır və nəticədə bu onlarda belə bir asılılıq yaradır. Əgər uşaqda telefondan və internetdən asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən  qaynaqlanır. Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedirmək üçün uşağın əlinə mobil telefon verir. Əslində isə özləri də bilmədən övladlarının gələcəyini şübhə altına alırlar. Zaman keçdikcə artıq bu uşaqlar üçün asılılığa çevrilir. Bu gün bir çox uşaqlar müxtəlif sosial, iqtisadi və digər səbəblərdən öz valideynləri ilə emosional kontakt qura bilmir, onlarla birgə vaxt keçirmirlər. Nəticədə isə uşaq ehtiyaclarını texnoloji vasitələrlə dəyərləndirməyə başlayır.”

Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır

“Necə düşünürsünüz, son zamanlar artmaqda olan asosiallıq, aqressiya, özünəqapanma, depressiyaya meyil hallarının da  əsas səbəbi telefonlar və sosial şəbəkələrdirmi” sualına isə mütəxəssisin cavabı belə oldu: “Son zamanlarda uşaqlarda aqressiya, özünəqapanma, depressiya, əqli və emosional ləngimə geniş yayılıb.  Biz seanslarımızda da tez-tez bunun şahidi oluruq. Bu problemlərlə bağlı həddindən artıq müraciətlər olunur. Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır. Amma əslində o, ikiqat zərərə uğrayır. Belə uşaqlarda adətən analiz qabiliyyəti çox zəif olur. Bunlarında başlıca səbəbi övlada yetərincə zaman ayırmama, texnologiyalara sövq etmədir.”

Birlikdə vaxt keçirmək dedikdə bahalı restoranlar və ya əyləncəli məkanlar nəzərdə tutulmur

Təranə Paşayeva uşaqları sosial şəbəkələrdən, telefondan uzaq tutmaq, bu vasitələrdən asılılığa son qoymaq üçün  tövsiyə etdi ki, problemin qarşısını almaq  üçün valideyn öz övladına dəstək olmalıdır: “Psixoloq kimi qeyd etməliyəm ki, mərkəzimizə bu səbəblə müraciət edən uşaqlarla bərabər, onların valideynlərinə də xüsusi proqramlar hazırlayıb təqdim edirik. Uşaqları belə hallardan qorumaq üçün ilk növbədə sağlam ailə mühiti təşkil edilməlidir. Uşaqlarla maraqlanmalı, qayğı və diqqət göstərməli, bütün tələbatlarını vaxtlı vaxtında gözəl şəkildə ödəməliyik. Təbii ki, birlikdə vaxt keçirmək dedikdə bahalı restoranlar və ya əyləncəli məkanların olması şərt deyil. Ailə büdcəsinə uyğun şəkildə məkanlara getmək, ev şəraitində müxtəlif maarifləndirici oyunlar oynamaq, birgə tapşırıqlar icra etmək və bu kimi nümunələri göstərə bilərik. Hər bir valideyn uşaqları ilə dost olmalı, onları tənqid etmədən, hər hansı pis söz demədən dinləyib qəbul edə bilməliyik ki, uşaqlar da bu sağlam münasibəti virtual aləmdə, oyunlarda axtarmasın.”

Bəs, azyaşlıları mobil cihazlarla neçə yaşında  və necə tanış etməli?

Həmsöhbətimiz  diqqətə çatdırdı ki, övladlarımızı 3 yaşından tez mobil cihazlarla tanış etmək tövsiyə olunmur: “Bu yaşa qədər onların həyatı anlaması və inkişafı xüsusi önəm təşkil edir və bu dövrü texnologiyalarla keçirməsi onların həyatının sonrakı mərhələlərinə təsir edə bilir. 3-6 yaş arası isə gün ərzində fasilələrlə, bir neçə dəfə 30 dəqiqədən çox olmamaq şərti ilə texnoloji cihazlardan istifadə edə bilər. Təbii ki, burada valideynlər də xüsusi diqqətli olmalı, övladlarının hansı internet vasitələrinə daxil olduğunu, nələri izlədiyinə diqqət etməlidirlər. Bundan savayı uşaqlarımızın bağça və məktəblərdə günün müəyyən hissəsini keçirdiyini nəzərə alsaq, müəllim və tərbiyəçilərində üzərinə bəzi vəzifələrin düşdüyünü unutmamalıyıq. Müəllimlər uşaqlarda hər hansı bir narahatlıq və ya dəyişkənlik müşahidə edərlərsə, səthi yanaşmamalı, uşaqların valideynləri ilə əlaqə yaratmalı, problemi həll etməyə çalışmalı, ehtiyac olarsa psixoloqa müraciət etməlidirlər.”

Uşaqları bu asılılıqdan xilas etmək getdikcə çətinləşir, çünki valideynlərin özü də bu bataqlıqdadır

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Lalə Mehralı sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, uşaqların virtual asılılığını əsrimizin vəbası, taunu adlandırmaq olar: “Yoluxucudur, dərhal olmasa da tədricən məhvə yönəlib. Uşaqlar real aləmdən uzaqlaşaraq virtual aləmin toruna düşür, olmayan dünyada yaşayır. Onları bu asılılıqdan xilas etmək getdikcə çətinləşir, çünki valideynlərin özü də bu bataqlıqdadır.”

L.Mehralının sözlərinə görə, uşaqların səhhətindəki ciddi narahatlıqlar məhz virtual asılılığa görə yaranır: “Hollandiyada yeniyetmə uşaqlar arasında smartfon istifadəsi və sosial şəbəkədən asılılıq səbəbindən yuxu pozğunluqları, konsentrasiyanın olmaması və baş ağrısı problemləri əhəmiyyətli dərəcədə artıb. Yeniyetmə uşaqların 20 faizi internetdən həddindən artıq istifadə nəticəsində yaranan fiziki problemlərə görə tibbi yardım alır.  Yerli ekspertlər bunun çox az faiz olduğunu deyir, hesab edirlər ki, əslində say daha çoxdur.  İngiltərəli həkimlər virtual asılılıq yaşının 12-dən 9-dək enməsindən narahatdır. Smartfonların və planşetlərin 11-9 yaş arası uşaqların ən sevimli məşğuliyyəti olduğunu göstərən araşdırmalar bu  vərdişlərin əslində ailədən qaynaqlandığını, müəyyən yaşdan sonra isə çevrənin təsir etdiyini deyir.”

Əziz valideynlər, övladlarınızın virtual aləmin, texnoloji vasitələrinin qurbanı olmaması üçün onlarla vaxtlı-vaxtında maraqlanmalı, sevgi və qayğı göstərməli , diqqət və nəzarətdən kənar qoymamalısınız. Övladınıza yaxşı nümunə olmalı, uşaqlarla vaxt keçirməli, ona internetin faydalı tərəflərini təbliğ etməli, ondan istifadə etməklə biliklər toplamaq və araşdırma aparmağın vacibliyini vurğulamalısınız. Həmçinin övladlarınızı mütləq alternativ bir məşğuliyyətə cəlb etməli, uşaqlarda özünə inam hissi yaradaraq onların zehni və fiziki qabiliyyətlərini inkişaf etdirməlisiniz.

Yaqut Ağaşahqızı, “İki sahil”