24 yanvar 2023 18:38
236

Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində 15 Azərbaycan şirkətinin məhsulları nümayiş olunur

Almaniyanın Berlin şəhərində keçirilən qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisində Azərbaycan məhsulları maraqla qaşılanıb.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinindən (AZPROMO) bildirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirir, sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunur.

Sərginin ilk günündə Azərbaycan stendini Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya, Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və digər şəxslər ziyarət edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizin qeyri-neft ixracı potensialı və coğrafiyası, investisiya və biznes imkanları barədə məlumat verib.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunur. Builki sərgidə 60 ölkədən 4 mindən çox şirkət iştirak edir.

Sərgi yanvarın 29-dək davam edəcək.