Beynəlxalq hüququn normalarını tapdalayan məlum sənəd hansı məqsədə və mərama xidmət edir?
İstər 30 illik erməni işğalı dönəmində, istərsə də İkinci Qarabağ müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Avropa Parlamenti ölkəmizə qarşı qeyri-obyektiv mövqe sərgiləyib. İndi isə bu qərəzli yanaşmanı Avropa Parlamentinin növbəti qətnaməsində müşahidə edirik. Belə ki, çoxsaylı real faktlara yox, erməni uydurmalarına qulaq asan avropalı deputatlar Azərbaycanı guya Ermənistana hərbi təcavüz etməklə, Laçın yolunu bağlamaqla Qarabağdakı ermənilərini “blokada”da saxlamaqla ittiham etməyə çalışırlar.
Bu yanaşma regionda davamlı sülhün və sabitliyin təmin olunmasına da kömək etmir
Milli Məclisin deputatı Soltan Məmmədov sözügedən qətnamə ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sənəddə Laçın yolunun bağlanması iddiaları tamamilə əsassızdır: “Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da qəbul etdiyi qətnamə bu təşkilatın Cənubi Qafqazdakı reallıqlara qeyri-obyektiv yanaşmasının daha bir təzahürüdür. Bu cür sənədlər reallıqları təhrif etməklə yanaşı, regionda davamlı sülhün və sabitliyin təmin olunmasına da kömək etmir.”
Soltan Məmmədov vurğuladı ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi məsələ ilə bağlı bəyanatla çıxış edib.
Deputat qeyd etdi ki, rəsmi Bakı 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanatda əksini tapmış bütün öhdəliklərini tam şəkildə yerinə yetirib: “Üçtərəfli Bəyanatın müddəalarını pozan tərəf Ermənistandır. Çünki qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərindən çıxarılmayıb. Ermənistan bölgədə kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasından müxtəlif bəhanələrlə yayınmağa çalışır. Müharibənin bitməsindən sonra Azərbaycan ərazilərində minalar yerləşdirir. Hansı ki, 44 günlük müharibədən sonrakı dövrdə 282 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün Ermənistan heç bir konkret addım atmır. Avropa Parlamenti bu məsələlərə də öz aydın və konkret münasibətini bildirməlidir”.
Avropa Parlamenti öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirməkdənsə...
Müsahibimiz vurğuladı ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir. Bu gün təbiətin mühafizəsi, ətraf mühitin qorunması qlobal əhəmiyyət kəsb edən vəzifələrdən biridir. Avropa Parlamenti isə bu fakta göz yummağa üstünlük verir. Yəni, faktiki olaraq, Avropa Parlamenti öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirmək əvəzinə əsassız, qərəzli iddialara istinadən sənəd qəbul edir. Bu isə qurumun özünün missiyasına, qarşısına qoyduğu məqsədlərə ziddir.
Milli Məclisin deputatı diqqətə çatdırdı ki, indi Cənubi Qafqazda dayanıqlı sülhün, əməkdaşlıq mühitinin yaradılması üçün yeni imkanlar mövcuddur. Bütün beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti bu imkanları düzgün qiymətləndirməli, regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməlidir.
Erməni diasporu və Fransa hökuməti tərəfindən təzyiq mexanizmi kimi Avropa Parlamenti meydana buraxılıb
Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov isə "İki sahil"ə açıqlamasında söylədi ki, Avropa Parlamentinin Laçında baş verənlərlə bağlı ölkəmizi günahlandıran qətnamə ilə çıxış etməsi qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir. Avropa Parlamenti bu addımı ilə, həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi.
Siyasi şərhçinin sözlərinə görə, beləcə Fransa və Ermənistan Aİ-nin Prezidenti Şarl Mişelin son bir ildə Bakı ilə İrəvan arasında səmərəli vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Ursula Fon der Lyayen kimi fiqurlara qarşı erməni diasporu, həmçinin Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avropa Parlamenti, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar bundan sonra da olacaq.
Makron erməni diasporasından aldığı vəsaitləri “xərcləyir”
Həmsöhbətimiz qeyd etdi ki, bu, Fransanın birbaşa Makronun planı idi. Avropa diplomatları da təəssüflər olsun ki, bu plana uyğun addımlar atmağa başladılar. Hərçənd ki, onlar başa düşməlidirlər ki , hər şey heç də Fransanın qeyd etdiyi kimi deyil. Fransanın qeyri-konstruktiv addımları Avropanın maraqlarına və Azərbaycanın sülh layihələrinə zidd olan məsələdir. Bununla da Makron erməni diasporasından aldığı vəsaitləri "effektiv şəkildə xərcləyərək" Aİ-Azərbaycan münasibətlərinin korlanması üçün hər şeyi etmiş oldu.
Politoloq sonda xatırlatdı ki, baş verən hadisələrə görə Avropa ölkələrinin iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir: “Yaxşı olardı ki, Avropanın müvafiq strukturları Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla, bir çoxları ilə bağlı araşdırmalara başlasın. Avropa Parlamentinin hazırladığı layihə mətni, sözsüz ki, Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasının vaxtını bir qədər də uzadacaq. Əgər Avropa strukturları Cənubi Qafqaza münasibətlərində məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar.”
Azərbaycana təzyiq etmək mümkün deyil
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “İki sahil”ə açıqlamasında vurğuladı ki, Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanıb. Yəni, həmin qətnamə faktiki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. İndi isə Avropanın özünün prinsiplərinə zidd olan məlum qətnamə qəbul edib.”
Politoloq bu qətnamənin heç bir siyasi əhəmiyyət daşımadığını vurğuladı: “ Çünki bu qətnamə əsasında Azərbaycana təzyiq etmək mümkün deyil. Azərbaycan Avropanın enerji təminatında həm alternativ, həm də etibarlı tərəfdaş ölkədir. Bu mənada hesab edirəm ki, Avropa Parlamentinin verdiyi qərar Bakının Brüsselə olan münasibətlərinə təsir etməyəcək. Bu qətnamə, sadəcə Avropa Parlamentində olan ermənipərəst bir neçə deputatın təşəbbüsü ilə qəbul olunan sənəddir. Bu, əlbəttə ki, Avropa İttifaqının regional siyasətinə kölgə salır. Amma, məlum sənədin təsir və təzyiq imkanı yoxdur. Ona görə də, bu sənəddən narahat olmağa dəyməz.”
Yaqut Ağaşahqızı, “İki sahil”