25 yanvar 2023 01:58
772

Heydər Əliyevin siyasi fəaliyyəti milli və ümumbəşəri dəyərlər sistemində...

Təqdirəlayiq və qürurverici haldır ki, zəmanəmizin görkəmli siyasi xadimi  olan ulu  öndərimiz  Heydər Əliyevin  dərin məzmunlu,  çoxşaxəli dövlətçilik fəaliyyəti   böyük bir  dönəmin  tarixinin uca zirvələrini  əbədi olaraq  fəth etmişdir.  Artıq  siyasi, fəlsəfi  sferalar sistemində  Heydərşünaslıq elmi zəngin nəzəri irs kimi getdikcə daha böyük önəm kəsb etməkdədir. Ona görə ki, Heydər Əliyev siyasətinin mahiyyəti və  məzmunu Azərbaycan cəmiyyətində öz  qarşılıqlı münasibətləri ilə, eləcə də dövlətlə, hakimiyyət təsisatları ilə bağlılıq kəsb edən həyat fəaliyyətinin spesifik forması kimi səciyyələnir. Siyasətin cəmiyyətdə fəaliyyəti və mövcudluğu yalnız dövlət və hakimiyyətlə deyil, əslində siyasi xadimin dövlətçilik fəaliyyətinin mahiyyəti, məqsədi, universal və mürəkkəb xarakteri ilə müəyyənləşir. Heydər Əliyev dühası, siyasəti elə təsisatları, prinsipləri, normaları özündə ehtiva edərək elə cilalayırdı ki, həmin dəyərlər Azərbaycan cəmiyyətinin yeniləşməsi, dövlət - vətəndaş münasibətlərinin həyat və inkişaf  fəaliyyətini  bütün gücü  intellekti ilə təmin edir, mənafeləri,  tələbatları tam dolğunluğu  ilə reallaşdırır.  Məlumdur ki, siyasət xüsusi sosial fenomen olmaq etibarilə şəxsiyyətin və sosial subyektlərin tələbatı kimi təzahür edir. Heç də təsadüfi deyil ki,  həm yerli, həm də xarici tədqiqatçıların böyük əksəriyyəti  Heydər Əliyevin yeni cəmiyyət ideyalarını, əsasən də milli, daha sonra isə ümumbəşəri dəyərlər vəhdətini həmişə  xüsusi mənalandırırlar: Heydər Əliyevin demokratiya, sosial ədalət, vətəndaş cəmiyyəti, söz,  fikir  və vicdan azadlığı sahəsində həyata keçirdiyi ardıcıl, silsilə  tədbirlər Ulu Rəhbərin fəaliyyətinin tərkib hissəsi kimi səciyyələndirilir. Heydər Əliyevin  siyasətində ölkəmizdəki  gündəlik həyatda özünü ictimai işlərin idarə olunmasında və ona rəhbərlikdə dövlətlə siyasi təşkilatlar, partiyalar, hakimiyyətə təsir göstərən müxtəlif qruplar arasındakı münasibətlərdə məqsədyönlü fəaliyyət kimi təzahür etdirir.

Siyasət əməli həyatda insanların həyat fəaliyyətinin spesifik sferası, davranışın xüsusi tipi və dövlətlərarası münasibət kimi üzə çıxır. Siyasət eləcə də cəmiyyət üzvlərinin, sosial subyektlərin spesifik fəaliyyət növüdür. Siyasətə xas olan bu xüsusiyyət onunla müəyyən olunur ki, o, insanların fəaliyyəti sayəsində təşəkkül tapır. Siyasətin məzmununda siyasi fəaliyyət həlledici əhəmiyyətə malikdir.Görkəmli siyasi xadim olan Heydər Əliyevin   siyasi fəaliyyətinin siyasi dəyərlər sistemində xüsusi, böyük mövqe  tutması  həm də onunla səciyyələnir ki, bu fəaliyyət məhz siyasi həyatın məzmunu, dövlət və vətəndaş, toplum və fərd qarışıqlığının  anatomiyasının yeniləşməsi tamamilə dərin məna və  zəngin mahiyyət etibarilə  yeni sosial  mənzərələrinin təkmilləşməsi təşkil edir. Politoloqların fikrincə, siyasi fəaliyyətin siyasi dəyərlər sistemində yerinin düzgün, məqsədyönlü müəyyənləşdirilməsi siyasətin mahiyyətini açıqlamağa imkan yaradır. Bu baxımdan Heydər Əliyevin siyasi fəaliyyətinin məzmunu dolğun, universal və çoxcəhətlidir. Həmin konkret məzmuna əsasən dövlət işlərində fəal iştirak etmək, dövlətin fəaliyyətinin formalarını, vəzifələrini və istiqamətini müəyyənləşdirmək, hakimiyyətin bölünməsi, onun fəaliyyətinə nəzarətin,  eləcə də siyasi təsisatlara təsir göstərmək prinsipləri daxildir. Axı, siyasi fəaliyyətin bilavasitə obyektinə siyasi dəyərlər,yəni- siyasi birliklər, siyasi ənənələr, siyasi prinsiplər, siyasi inam, siyasi təcrübə və başqa təsisatlar, bütövlükdə cəmiyyətin siyasi sistemi və ona aid olan sosial qruplar, partiyalar, elitalar və liderlər daxildir. Siyasi fəaliyyətin konkret subyektləri isə  müxtəlifdir.

Bu baxımdan Heydər Əliyevin siyasi irsini bir daha nəzərdən keçirərkən 1993-2003- cü illərdəki  yenilməz və qüdrətli dövlət siyasətinin konsepsiyası ilə Azərbaycan cəmiyyətinin konstrukiv  yeniləşməsini,  inkişafını daha aydın təsvir etmək olur. Böyük rəhbərin dövlət və cəmiyyət quruculuğu, ideyaları bir mərhələdən başqa mərhələyə keçə-keçə, yəni Azərbaycan cəmiyyəti yeni siyasi məkana transformasiya olundu sonra  vətəndaş cəmiyyətinin bazasının yaranma prosesi  başa çatdı, daha sonra isə  ictimai- siyasi  şüur postindustrial dəyərlər toplusunda özünə yer tapdı. Bütün bu və bu kimi  siyasi fəaliyyət sosial subyektlərin fəallığının özünəməxsus sferası kimi səciyyələnir. Həyata keçirilən siyasi funksiyalar ölkədəki siyasi fəaliyyətin növlərinin ümumiləşmiş ifadəsidir.  Bizim fikrimizcə, siyasi fəaliyyətə maraq müxtəlif amillərlə bağlıdır. O, hər şeydən əvvəl, mənafe və tələbatla müəyyən olunur,siyasi elmə aid ədəbiyyatda siyasi fəaliyyətin səbəbləri müxtəlif mövqedən müəyyənləşdirilir. Heydər Əliyevin yenilməz  liderliyinin və parlaq şəxsiyyətinin bir- birini tamamlaması onun milli dəyərlərlə ümumbəşəri dəyərləri özündə birləşdirməsi ilə ehtiva edilir.

Şəxsiyyətin  fəaliyyətinin siyasi mənası onun ictimai münasibətlər sisteminə nə dərəcədə cəlb olunması da əsas dəyərləndirmələrdən sayılır. Siyasi fəaliyyətin legitimliyi onun cəmiyyətdəki mövcud qaydalara uyğunluğunu əks etdirir.

Siyasi fəaliyyəti dəyərləndirən xüsusiyyətlərdən biri də onun səmərəliliyidir. Təsadüfi deyil  ki, Heydər Əliyevin qurucusu və baş memarı olduğu müasir müstəqil Azərbaycan Respublikasında  siyasi fəaliyyətin səmərəliliyi hər şeydən əvvəl, siyasi mənafelərin, məqsədlərin, tələbatın dərk olunmasına istiqamətlənir. Ulu Öndərin təliminə görə siyasətə yol yalnız xalqımızın, dövlətimizin  mənafelərdən keçib gedir.

İnsan - dövlət, dövlət- cəmiyyət qarşılıqlı münasibətlərinin səmərəli və çoxcəhətli xarakteri siyasi fəaliyyətin təsnifatı üçün meyar kimi qəbul edilir. Müasir Azərbaycan cəmiyyətində demokratikləşmənin əsasında insanların həyat norması, davranış qaydaları   sosial ədalət prinsipləri,  vətəndaş təşəbbüskarlığı, acıq cəmiyyət, insan hüquq və azadlıqlarının kontekstində  fundamental söz və fikir azadlığı dayanır. “Yolumuz demokratiya yoludur” deyən Heydər Əliyevin Azərbaycan cəmiyyətində yaratdığı siyasi elmə aid zəngin ədəbiyyat xəzinəsində siyasi fəaliyyət bütövlükdə bir neçə qruplara ayrılır: siyasi sistem çərçivəsində fəaliyyət; siyasi sistemin ictimai mühitə münasibəti ilə bağlı olan fəaliyyət; siyasi hakimiyyət təsisatlarını əhatə edən sosial mühitin müşahidə etdiyi fəaliyyət, demokratik dövlət quruculuğunu şərtləndirən  dünyəvi hüquqi prinsiplərə əsaslanan  və elmi- siyasi intellektual ehtiyatlar bazasında qurulan cağdaş modellər...Bu  kimi fəaliyyət qrupunun mahiyyətini əsas kimi qəbul edən siyasi tədqiqatçılar  Heydər Əliyev kimi  görkəmli siyasi xadimin siyasi yanaşmalarını  fəaliyyət tipləri məqsədləri və vasitələrinə görə fərqləndirirlər.

Cəmiyyət üzvlərinin siyasi fəaliyyəti onların davranışı ilə sıx  surətdə bağlıdır. Siyasi sferada fəallıq təzahür etdirmək yalnız siyasi fəaliyyətlə uzlaşmır, eləcə də siyasi aktiv davranışla şərtlənir. Siyasi davranış siyasi fəaliyyət prosesində sosial subyektlərin  statusunu da əks etdirir. Siyasi davranış fərdlərin, sosial təbəqə və qrupların siyasi sistemə, hakimiyyət təsisatlarına, bütövlükdə bütün siyasi təsisatlara və mövcud sosial sistemin - cəmiyyətin siyasi quruluşuna münasibətini aydın ifadə edir. Ümimmilli lider Heydər Əliyev dövlət quruculuğu ilə demokratik cəmiyyətin formalaşmasını bir- birilə bağlı və qarşılıqlı surətdə əlaqəsinin  ciddi əsaslarını həmişə önə gətirərək deyirdi: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında  olmaıdır. Siyasət və iqtisadiyyatda sərbəstlik, hüriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri ilə bərqərar olmalıdır”

Siyasi hüriyyət siyasi subyektlərin siyasi fəaliyyətinin müxtəlif növləri və onların qarşılıqlı münasibətləri həmin proseslərin təzahürünə səbəb olur. Siyasi proses ümumiləşdirici mahiyyət kəsb edir. Sözün geniş mənasında siyasi proses anlayışı cəmiyyətin siyasi sisteminin bütün ünsürlərini və tərəflərini əhatə edir. Siyasi prosesin öyrənilməsi siyasi təsisatların və subyektlərin xüsusiyyətlərini həmişə geniş təbliğ etməklə rəhbərin, siyasi fəaliyyətin dərin, dolğun mənasını  strateji siyasi obraz, milli və ümumbəşəri ideya və gələcəyin işıqlı üfüqləri kimi xarakterizə edirlər.

Çünki siyasi dəyişikliklərin səbəbi və məzmunu kimi səciyyələnən məsələləri özündə ifadə edən siyasi inkişaf və siyasi prosesin öyrənilməsi siyasi həyatı dinamik baxımdan nəzərdən keçirməyə imkan yaradır. Ölkəmiz siyasi inkişafı cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri əks etdirir ki, o, siyasi sistemin yeniləşməsini bütün dolğunluğu ilə ifadə edir. Məhz bu konsepsual yanaşma da Azərbaycan Respublikasında ideoloqu və qurucusu  ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası da əsasən belə bir ideologiyanı -etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənəvi, ideoloji, siyasi vəhdətini anlamını özündə əks etdirən Azərbaycançılıq ideologiyasını yaratdı. Həmin milli ideologiya siyasi həyatın yeni keyfiyyətinin, məsələn, totalitarizmdən demokratiyaya keçidin, siyasi rejimlərin dəyişməsinin təzahürü ilə bağlı idi.

Heydər Əliyevi siyasi irsinin konsepsiyasında göstərilir ki, siyasi dəyişikliklərin başlıca mənbəyi çox vaxt cəmiyyətin siyasi sferasının özünə əsaslanır.  Siyasi inkişaf cəmiyyətin siyasi sferasında müəyyən dəyişikliklər prosesi kimi səciyyələnir. Siyasi prosesin gedişində cəmiyyətin siyasi sisteminin bəzi elementləri təkrar oluna, eləcə də aradan qalxa və yarana bilər. Məhz bu baxımdan nəinki siyasi inkişafın, həmçinin siyasi fəaliyyətin xarakteristikası siyasi prosesin mahiyyətini və xüsusiyyətlərini nəzərdən keçirmədən mümkün deyildir.

Siyasi proses siyasi subyektlərin fəaliyyəti ilə bağlı olan, cəmiyyətin siyasi sferasındakı hərəkəti, dəyişikliyi əks etdirir. Həmin subyektlər müəyyən məqsədlərin əldə olunmasına, mənafelərinin ifadəsinə və reallaşmasına çalışırlar. Ümumiyyətlə, subyektlərin siyasi fəaliyyətinin müxtəlif növləri və onların qarşılıqlı münasibətləri siyasi proseslərin yaranmasını şərtləndirir. Bir sözlə, siyasi proses ardıcıl dəyişiklikdir, hərəkətdir, siyasi həyatın inkişafıdır. Heydər Əliyev  siyasi  lider olaraq ənənə və yeniliyin bir -biri ilə birləşməsi kondtekstində siyasi və dövətçilik fəaliyyətini yüksəklərə qaldıraraq nəzəri-siyasi fəaliyyətini öz zəngin praktika və səriştəsi ilə genişləndirərək  nadir tarixi -siyasi şəxsiyyətə çevrilmişdir. Azərbaycan cəmiyyətində  baş verən uğurlu dəyişikliklər siyasi həyat hadisələrində təcəssümünü tapdıqca siyasi proseslər müxtəlif səviyyələrdə  milli maraqların qlobal strateji tələblərlə başdan-başa və tamamilə uyğunlaşması özünü daha qabarıq surətdə göstərir. Əvvəla, bu cəmiyyətin siyasi sisteminin mövcudluğunun formasıdır, onun təkamülünü yetkinləşdirir. İkincisi, siyasi proses hüquqi, iqtisadi, ideoloji və digər proseslərdən fərqlənən ictimai proseslərin inkişafına təkan verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, gündən -günə qüdrətlənən Azərbaycanın yeni cəmiyyət ideyaları Müzəffər, Ali Baş Komandan möhtərəm  Prezidentimiz İlham Əliyevin müdrikliyi və fədakarlığı sayəsində sosial-iqtisadi,hərbi, milli, mənəvi-mədəni inkişafa doğru inamla irəliləyir...

Tahir Məmmədov, “İki sahil”