KÖŞƏ

Vəli İlyasov

Qırmızı xaçın qara əməlləri

28 yanvar 2023 03:21
1630

Bu, humanist təşkilatdır, yoxsa casus yuvası?

Əgər bir cümlə ilə desək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəzifəsi müharibə və fəlakət zonalarında insanlara yardımdan ibarətdir. Ölkəmizin Qarabağ bölgəsi və ona bitişik rayonlarda Ermənistanın apardığı fəal hərbi əməliyyatlar dörd ilə qədər davam etdi. Günahsız vətəndaşlarımız öldürüldülər, əsir alınaraq işgəncələrə məruz qoyuldular, illərlə həbsxanalarda qeyri-insani şəraitdə saxlandılar. Beynəlxalq qanunlara görə əsirlər öldürülməməli, öz ölkələrinə qaytarılmalıdırlar. Bu prosesə nəzarət etmək isə yuxarıda adını çəkdiyimiz təşkilatın əsas vəzifələrindən biridir. Biz onun adını nadir hallarda eşitdik.

Birinci Qarabağ müharibəsində heç bir qanuna əməl etməyən ermənilər azərbaycanlı  əsirləri güllələyir, başlarını kəsir, digər vəhşi üsullarla qətlə yetirirdilər. Nəzarətin və təzyiqin olmadığını görən erməni cəlladları kütləvi cəza üsullarına da əl atmaqdan çəkinməyiblər. Əsirlərin kütləvi surətdə güllələnməsinə 1992-ci ildən başlayıblar.  Qətllərlə bağlı saysız-hesabsız faktlar var.

1994-cü ilin oktyabrında valideynlərinə ürək dağlayıcı məktub yazan azərbaycanlı hərbi əsir Laçın Novruzovun sözləri daşı da əridərdi. Məktubda deyilirdi: “Salam, ata-ana. Mən Novruzov Laçın sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, məni qurtarın! Yalvarıram, ana. Bunu yazan Laçındı. Nə təhər olur-olsun məni qurtarın! Tez qurtarın. Gözləyirəm sizi. Mən yaşamaq istəyirəm!”

Təəccüblüdür ki, məktub Laçının yaxınlarına “qırmızı xaç”ın möhürü ilə təhvil verilib! Amma Laçın evinə qayıtmadı, daha doğrusu, qaytarılmadı. BQXQ-nin fitvası ilə güllələndi. BQXK isə onun ölüm şəraitinin araşdırılmasını lazım bilməyib.

BQXK bir çox ifadələrə əsasən, həm Qarabağda Rusiya sülhməramlı kontingentin (RSK) müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən soydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma BQXK bu məlumatı ölkəmizin hakimiyyət orqanlarına çatdırmır. Görəsən “humanist təşkilat” nəyi gözləyir? Bu azmış kimi,  həmin yerlərdə ekspertiza keçirməkdən imtina edir. “Qırmızı xaç”  itkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına da mane olur. Onların qatillərini himayə edir.

Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata - ICMP-yə (International Commission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) müraciət etmək məcburiyyətində qaldı. Lakin maraqlıdır ki, bu, “qırmızı xaç”da qısqanclığa səbəb oldu. Onlar bu Komissiya ilə də məlumat paylaşmaqdan imtina etdilər, onun maliyyə kanallarını bağlamağa və ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışdılar.

44 günlük müharibə zamanı da BQXK yerindən tərpənmədi. Qurum əməkdaşları təcili yardım maşınının erməni əsgərləri tərəfindən atəşə tutulmasına qarşı israrla susdu. Gəncəyə raket zərbəsindən sonra erməni işğalçılarının hərbi hospitalı da qanuni hərbi hədəflər siyahısına əlavə eləməsinə heç bir reaksiya vermədi. Belə hallar da qeydə alınıb ki, 44 günlük Vətən müharibəsi zamanı BQXK-nın bəzi əməkdaşları Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayıb və sonra da onu özlərinin Fransa nümayəndələrinə ötürüblər, onlar da Ermənistan tərəfinə çatdırıblar. Bəs içində Livan əsilli bir personajın da olduğu həmin əməkdaşlar Azərbaycandan qovulanda, onların “casus oyunları” ifşa ediləndə BQXK hansısa reaksiya verdimi? Xeyr, vermədi.

Bu, heç də “casus oyunları" ilə bağlı yeganə olay deyil. Fransanın vasitəçiliyi ilə qısamüddətli humanitar atəşkəs zamanı BQXK yenidən Ermənistanın “böyük bacısının" sifarişi ilə Azərbaycan Ordusu haqqında məlumatlar toplayıb.

Daha bir fakt. 44 günlük müharibə zamanı BQXK Laçın dəhlizi zonasında hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. İddia edirdi ki, bu yol humanitar xarakterlidir. Ərazidəki missiyanın rəhbəri canfəşanlıq edir, az qala yaxa cırırdı. Əslində isə “qırmızı xaç” Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsinə mane olmağa çalışırdı.

Başqa bir fakt. Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə BQXK rəsmiləri narahatlıqla bildirirdilər ki, cəbhənin bu hissəsində 200 erməni silahlı “könüllüsü” ağır yaralanıb və təxliyə edilməlidir. Bakıda məlumat yenidən yoxlanıldı və məlum oldu ki, “könüllülər” sağ-salamatdır, lakin onlar mühasirəyə alınıb, erməni komandanlığı da onları sadəcə, “qaynar qazan”dan çıxarıb, BQXK himayəsi altında Xocavəndə keçirmək istəyir.

Başqa bir fakt: bu gün BQXK humanitar yüklərin Tərtər və Bərdə vasitəsilə Qarabağda Rusiya sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasına çatdırılmasını eşitmək belə istəmir, hər şeyin sırf Ermənistan ərazisindən gəlməli olduğuna təkid edir. Artıq hər şey göz önündədir və hansısa sualı verməyə hacət yoxdur.

Burada “xoruzun quyruğu” görünür. Fransa və BQXC cütlüyü gözə görünməyən tərzdə otuz il Ermənistanın yanında olublar və dəstək veriblər. Separatçı dəstəyi hələ də davam edir. Əgər BQXC öz müqəddəs missiyasını yerə vurub casusluqla məşğul olursa, onda onun müharibə zonalarında nə işi var? Yaxşı olar ki, indiyədək bizə qarşı siçovulluq edən "qırmızı xaç" ərazimizdən rədd olub öz xarabasına getsin!