28 yanvar 2023 10:55
286

Özbəkistan mətbuatı Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyasına geniş yer verib

Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, www.qalampir.uz, marifat.uz saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların etiraz aksiyası dair silsilə məqalələr dərc olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, yayımlanan məqalələrdə Ermənistanın Azərbaycan torpaqlarının otuz ilə yaxın işğal altında saxlaması, yaşayış məntəqələri, tarixi və dini abidələrin, infrastrukturun tamamilə dağıdılması, ərazilərimizdə əsl ekoloji terror həyata keçirməsi, flora və faunaya qarşı vandallıq və regionda ekoloji fəlakətin yaşanmasına dair fikirlər yer alır.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı geniş mədəni və ekoloji vandallıq həyata keçirilib və Azərbaycan dövləti öz suveren hüququndan istifadə edərək, bu cinayətlərə və ziyana görə Ermənistana qarşı beynəlxalq vəsadət qaldıra bilər.

“Qarabağda Rusiya sülhməramlı qüvvələrinin hərəkətsizliyi fonunda, onların nəzarəti altında olan Azərbaycan ərazilərində ekoloji terrorun hazırda davam etdiyini və buna etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən artıq 50 günə yaxındır ki, Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya məqalələrdə geniş işıqlandırılıb.

Vurğulanır ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində təbii sərvətləri, faydalı qazıntı yataqları ermənilər və onların dəstəklədiyi xarici şirkətlər tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunur, Azərbaycanın ictimaiyyət nümayəndələri, ekoloji fəalları isə bu cinayətə dinc aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər.

Aparıcı qalampir.uz xəbər portalı yayımladığı məqalədə Bakı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı ətraf mühitin və biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə görə məsuliyyət daşımasını tələb edərək, ilk dövlətlərarası arbitraj prosesinə başlaması barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata isnad edir. Qeyd edilir ki, “2023-cü il yanvarın 18-də Azərbaycan vəhşi faunanın, floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyasına uyğun olaraq Avropada ilk dövlətlərarası arbitraj prosesini başladıb. Məqalədə arbitraj prosesinin bir hissəsi kimi Azərbaycanın Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularını dayandırmağı və əvvəllər işğal olunmuş ərazilərdə ətraf mühitin məhvinə görə tam kompensasiya ödəməyi tələb etməsi xüsusi işıqlandırılır.

Özbəkistanın www.azon.uz saytında yayımlanan məqalədə isə ötən ilin dekabrın 11-də Azərbaycan XİN ölkə ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiyaya etiraz notası təqdim etməsi və Rusiya hərbçilərinin sözügedən ərazilərdə ekoloji vəziyyətə nəzarət etməməkdə günahlandırması əksini tapıb. Materialda Ermənistanın iddia etdiyi kimi, Laçın-Xankəndi yolunun bağlanmadığını, ermənilərin dünyanı yanlış məlumatlarla çaşdırdığı qeyd olunur, Azərbaycan torpaqlarında törədilən ekoloji cinayətə qarşı azərbaycanlı ekoloqlar tərəfindən sözügedən yolda aksiyaların keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün Azərbaycan tərəfindən açıq saxlanıldığı yazılır.