02 fevral 2023 02:35
596

Uzunömürlü insanların yaşam sirləri

Bəzi insanlar genetik özəllikləri, həyat tərzləri və ya digər  amillərlə bağlı uzun illər yaşayırlar. Bəs görəsən  dünyanın ən üzunömürlü sakinləri hansı ölkələrdə yaşayırlar?

Yaponiya

Orta həyat həddi 83 yaş hesab olunan Yaponiya, uzun illərdir ki, dünyanın ən uzunömürlü sakinlərinin yaşadığı ölkələr sırasındadır.

Yaponiyanın cənubunda yerləşən və tez-tez “ölümsüzlər yurdu” adlandırılan Okinawa adaları, 400 ildən artıqdır ki, uzunömürlülük tədqiqatlarının qlobal mərkəzidir.

Adalar ölümsüzlük statusunu daha çox şirin kartof və az miqdarda balıqdan ibarət yerli pəhrizə borcludur.

Yaşlı sakinlərin iştirak etdiyi aktiv sosial çevrə və güclü icma anlayışı da stress səviyyəsini aşağı salır və insanlara dözümlü olmaq  hissini aşılayır.

Uzun zamandır Yaponiyanın sakini olan “Velvet Media”nın əsas icraçı direktoru Daniele Gatti deyir ki, bir insanın bütün bunlardan faydalana bilməsi üçün dili öyrənməsi şərtdir.Onun sözlərinə görə, dil səddini aşmağı bacarıb, yerli mentaliteti qavradıqdan sonra, Yaponiyanın müdhiş həyat keyfiyyətini mənimsəyə bilərsən.

İspaniya

İspaniya Aralıq dənizi pəhrizi, zəngin zeytun yağı, tərəvəzləri və gözəl şərabı ilə tanınan bir ölkədir.  İspaniya, ən əsası uzunömürlü sakinləri ilə seçilməkdədir.Sağlam və rəngarəng həyata üstünlük verən ispanlar günorta yuxusunu çox önəmli hesab edirlər.Günorta yuxusunu “siesta” adlandıran bu  insanlar düşünür ki, günorta saat 2 ilə 5 arasında dükanlar bağlı olarkən hər kəs “la siesta” ilə məşğul olmalıdır (yəni yuxuya gedib dincəlməlidirlər) və bu rejim onlar üçün oturuşmuş bir iş qrafikidir.

İspan şəhərlərindəki sıxlıq da sakinlərini daha hərəkətli edir. Burada əsas rolu mağaza və restoranların sakinlərin evlərinə yaxın olması oynayır. İspanlar qida qəbuluna da ciddi yanaşırlar, onların düşüncələrinə görə,yaxşı həzm üçün kifayət qədər vaxtımız olmalıdır və bunun üçün onlar daim hərəkətdə olurlar.  Burada yaşayan  insanlar piyada gəzmək və ya velosiped sürməyə üstünlük verirlər. Maraqlıdır ki, uzağa getmək lazım olsa  belə, onlar ictimai nəqliyyatdan istifadə etmirlər. Beləliklə, ispanlar beyin hüceyrələrini oksigenlə zənginləşdirir və karbon qəbulunu azaltmış olurlar.

Sinqapur

Hər kəsin ölkədəki ən müasir tibb müəssisələri və “möcüzəvi” adlandırılan səhiyyə sistemindən asanlıqla yararlana bilməsi, sinqapurluların əksəriyyətinin orta həyat həddi hesab olunan 83.1 yaşdan da daha uzun ömür sürməsinə səbəb olur.

Bura dünyada ən az ana və uşaq ölümü göstəricisinə malik ölkələrdəndir və səhiyyənin diqqət mərkəzində profilaktik qayğı durur.

Hal-hazırda Sinqapurda yaşayan  I Wander səhifəsinin bloqçusu Bino Chuanın sözlərinə görə,burada yaşayan insanların əksəriyyəti ictimai parklarda idman edirlər.

Bu yaxınlarda ölkədə ilk terapevtik park da istifadəyə verilib. Məqsəd yaşlanan insanlarda stresi azaltmaq və ruhi rifahı artırmaqdır.

Sinqapurda sağlamlığa zərərli vərdişlərə qapılmaq da çox çətindir. Siqaret və alkoqol üçün yüksək vergi mövcud olduğuna görə, satış qiyməti də başqa ölkələrdəkindən qat-qat bahadır.

İsveçrə

İsveçrəli kişilər dünyanın başqa yerlərindəki kişilərdən daha uzun ömür sürürlər. Orta yaş həddi 81-dir.

Avropanın ən zəngin ölkələrindən biri kimi, yüksək keyfiyyətli səhiyyə, güclü şəxsi təhlükəsizlik və rifah İsveçrə üçün xarakterikdir. Bəzi araşdırmalarda buna səbəb kimi  süd məhsullarından çox istifadə göstərilir.

Beynəlxalq qərargahların bir çoxu burada yerləşdiyinə görə, ölkəyə çox sayda turistlər gəlsə də, onun coğrafi mövqeyi iş ilə daimi istirahət arasında balansı qorumağa kömək olur.

Burada yaşayan insanlar  həftəsonlarını adətən  valehedici Alp dağlarında keçirərək, gözəl istirahət etmiş olurlar.

Koreya

Koreyalılar daha çox fermentləşmiş (qıcqırmış) ərzaqlarla qidalanırlar. Deyilənlərə görə bu, xolesterini aşağı salır, immuniteti yaxşılaşdırır və xərçəngin qarşısını alır.

Aparılan  son araşdırmalara əsasən, Cənubi Koreya həyat səviyyəsinin 90 yaşı keçdiyi ilk ölkədir. Ölkə bunun üçün güclü və dinamik iqtisadiyyatı, səhiyyə xidmətlərindən rahat istifadə və yuxarı trayektoriyasına görə Qərb ölkələrindən daha aşağı qan təzyiqinə malik olmasına borcludur.

Koreya yeməkləri lif və bəsləyici qidalarla zəngindir. Sakinlərə görə, icmaya ənənəvi bağlılıq və onunla müşayiət olunan adətlər, gündəlik həyatın keyfiyyətinə güclü təsir göstərir.

Həmçinin burada məşhur olan "Jimjilbang (ictimai hamam) insanları bir araya gətirərək onların səmərəli vaxt keçirməsinə və stresin azalmasına kömək olur.

Samirə Tağıyeva, “İki sahil”