13 may 2025 02:25
149

Kollecdən qovulub texnologiya sahəsində milyarderlərə çevrilənlər - FOTOLAR

Bir kollec dərəcəsi müvəffəqiyyətin açarı kimi qəbul edilsə də, Mark Zukerberq, Larri Ellison və Bill Qeyts kimi texnoloji milyarderlər göstərdilər ki, təhsili tərk etmək hələ də çox milyardlarla dollarlıq imperiyaların qurulmasının qarşısını ala bilməz.

Kolleci yarımçıq qoyan ən zəngin texnoloji milyarderlərdən beşi bunlardır:

Dastin Moskovitz

“Facebook”un həmtəsisçisi və Mark Zukerberqin Harvarddakı keçmiş otaq yoldaşı Moskovitz “Facebook”un genişlənməsinə kömək etmək üçün oxuduğu təhsil müəssisəsini tərk edib.

Kompüter elmləri üzrə ixtisaslaşan Moskovitz platformanı genişləndirmək üçün tez bir zamanda yeni proqramlaşdırma dilini mənimsədi. “Business Insider”ə görə o, Zukerberqlə birlikdə Palo Altoya köçdü və burada “Facebook”un ilk baş texnologiya direktoru oldu. “Facebook”dan ayrıldıqdan sonra Moskovitz iş axını proqram təminatı şirkəti olan “Asana”nın həmtəsisçisi oldu. 2011-ci ildə o, özü qazanan ən gənc milyarder oldu.

“Forbes”in məlumatına görə, onun xalis sərvəti mayın 9-na olan məlumata görə 16,3 milyard dollar təşkil edir və bunun böyük hissəsi onun Facebook-dakı 2% payından qaynaqlanır.

Maykl Dell

Dell "Direct from Dell" adlı tərcümeyi-halında "Mən sadəcə olaraq böyük bir fürsəti görə bildim" kimi bir cümlə işlədib. Texas Universitetində bir semestr məzuniyyət götürüb sonr geri qayıtmaq çox asan idi. “Bu iki şeyin birləşməsi mənə dedi ki, artıq təhsili buraxmaq vaxtıdır", -deyə milyarder bildirir.

Dell fərdi kompüterlərin satışına diqqət yetirmək üçün birinci kursda, 19 yaşında Ostindəki Texas Universitetini tərk etdi. Daha sonra o, öz şirkətini qurdu.

“Dell” şirkəti dünyanın ən böyük fərdi kompüter istehsalçılarından birinə çevrildi və bu gün onun sərvəti 101,9 milyard dollardır.

Bill Qeyts

“Yahoo Finance”in verdiyi məlumata görə, Bill Qeyts 13 il dalbadal dünyanın ən varlı adamı titulunu saxlayaraq 113 milyard dollar sərvətə malikdir. Müvəffəqiyyətinə baxmayaraq, Qeyts kiçik qızı Foebenin öz texnoloji şirkəti “Phia”nı yaratmaq üçün Stenford Universitetini tərk etmək planına qarşı çıxıb.

Tanınmış xeyriyyəçi Qeyts keçmiş həyat yoldaşı Melinda Qeyts ilə birlikdə var-dövlətini bütün dünyada yoxsulluq və xəstəliklərlə mübarizəyə sərf edir. Bu yaxınlarda Qeyts növbəti 20 il ərzində sərvətinin 99%-ni “Gates” fondu vasitəsilə bağışlamağa söz verib.

Microsoft-un həmtəsisçisi Qeyts özü gəncliyində texnoloji imperiyasını qurmaq üçün Harvard Universitetini tərk edib. 20 yaşlı bir bakalavr kimi o, kollecdə "əla vaxt keçirdiyini" və ayrılmaq qərarı ilə mübarizə apardığını söyləyirdi. ABŞ-ın “CNBC” xəbər kanalına görə, 1975-ci ildə orta məktəb yoldaşı Pol Allen ilə birlikdə “Microsoft”u qurduqdan sonra belə, o, hələ də geri qayıtmağa və təhsilini başa vurmağa ümid edirdi.

Larri Ellison

Ellisonun sərvəti hazırda 187,3 milyard dollardır. O, müsahibələrinin birində deyib: "Mən həyatımda heç vaxt kompüter elmləri dərsi almamışam. Mən proqramçı kimi işə düzəldim; əsasən özüm öyrədirdim. Sadəcə bir kitab götürdüm və proqramlaşdırmaya başladım."

Mark Zukerberq

“Meta”nın (keçmiş “Facebook”un) həmtəsisçisi, sədri və CEO-su Zukerberq ikinci kursdan sonra Moskovitz ilə qaldıqları yataqxanadan başlatdığı “Facebook”u qurmaq üçün Harvarddan ayrılıb.

Zukerberqin sərvəti 206,7 milyard dollardır. O, “Meta” səhmlərinin təxminən 13%-nə sahibdir və 2015-ci ildə o və Harvardda tanış olduğu həyat yoldaşı Priscilla ÇaN ömürləri boyu qazanacaqları“Meta” səhmlərinin 99%-ni bağışlamağa söz verdilər.

Zukerberq deyib: "Bu, bir növ tabudur, bəlkə də hamının kollecə getməsi lazım deyil. Çünki bunu tələb etməyən bir çox iş var". "Ancaq düşünürəm ki, insanlar sanki artıq 10 il əvvəlkindən bir az daha çox bu fikrə gəliblər”, -deyə o bildirib.

Nubar Süleymanova, “İki sahil”