03 fevral 2023 16:10
438

Ulu Öndər uğurlu gənclər siyasətinin banisidir

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Ulu Öndər HEYDƏR ƏLİYEV

 

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən ulu öndərimiz Heydər Əliyev olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Qeyd etdiyimiz kimi, hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmml təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə  arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövrlərdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bu günkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.

Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir.

1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.

Hələ 1997-ci ildə MOK-nin prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı dünya idman arenasında tanıtmaq məqsədilə ölkədə olimpiya hərəkatının genişlənməsinə xidmət edən siyasətin əsasını qoydu. Qısa müddət ərzində regionlarda 13 olimpiya idman kompleksinin tikilərək istifadəyə verilməsi bu siyasətin uğrundan xəbər verir. Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dölət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkrekt tədbirlər hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kobnetinə həvalə olunmuşdur. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır. Ölkənin sosial-iqtisadi inkişafında gənclərin potensialından istifadə etməklə həm gəncləri inkişaf etdirmiş olarıq, həm də ümumi problemlərimiz öz həllini tapar. Bu gün gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyytının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlər həyata keçirilməsi durmadan genişləndirilməlidir. Məlumdur ki, ölkədə fəaliyyət göstərən bazar sturukturları iş təcübəsi olan və bazar iqtisadiyyatı prinsiplərini bilən mütəxəssislər axtarışındadır. İlk növbədə, gənclərin təhsilinə, peşə hazırlığı məsələlərinə böyük diqqət yetirilməlidir. Son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini versə də, işsizlik problemi aktual olaraq qalır. Çünki, keçid dövrü ilə əlaqədar olaraq əmək bazarının tələbləri də dəyişir. Artıq dünyada belə bir fikir formalaşıb ki, hər il bilik və bacarıqların 20-30 %-i, hər 5-8 ildə isə peşələr tamamilə köhnəlir. Artıq gənclərimiz işsizlik problemlərini mükəmməl təhsilə yiyələnmədən həll edə bilməyəcəklərini daha yaxşı başa düşürlər. Digər tərəfdən neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verirlər. Nəticədə gənclərimizin təhsil səviyyəsi ilbəil artır.

Hələ 2003-cü ildə cənab Prezident İlham Əliyevin seçkiqabağı platformasında prezident seçiləcəyi təqdirdə ölkədə 600 min yeni iş yerlərinin açılacağı bildirilirdi. Seçkilərdə xalqın etimadını qazandıqdan sonra möhtərəm prezident öz vədinə sadiq qalaraq ölkənin, xüsusən də regionların inkişafına diqqət yetirməyə başladı. Bununla bağlı xüsusi dövlət proqramı təsdiq edildi.

Savadlı gənc mütəxəsislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərcləri yönəldilibdir. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev fondunun hesabına yüzlərlə məktəb tikilib. Məktəb tikintisi bu gün də sürətlə davam etdirilir.

Azərbaycanda bütövlükdə təhsil infrasturukturu yeniləşir. Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinifi yaradılır və internetə çıxış təmin olunur. Nəticədə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, yeni müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedir. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq edirlər.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir.

Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində böyük uğurlar qazanılmışdır. Respublikanın gənclər təşkilatları BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.

2001-ci il fevralın 2-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncləri ilə görüşü olmuşdur. Ulu öndər görüşdə geniş nitq söyləmiş və gənclərin qarşısında duran vacib məsələlərdən danışmışdır. O, dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb olunmasını təmin etməklə bağlı verdiyi tapşırığı yerinə yetirmək məqsədilə bacarıqlı, intelektli və fəal gənclər seçilib icra hakimiyyəti sistemində, müəssisə, komitə və təşkilatlarda məsul vəzifələrə irəli çəkirlər.

Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Baxmayaraq ki, 1994-cü ilin mayından Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunmuşdur, amma bununla yanaşı ordumuz gücləndirilir və xalqımız torpaqlarımızın azad edilməsi üçün daim döyüşə hazırdır. O cümlədən, bu gün hər bir gənc Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab edir.

İstedadlı gənclərə diqqət və qayğını artırmaq üçün Heydər Əiyevin "Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında" 6 dekabr 1999-cu il tarixli və ”Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” 22 iyun 1996-cı il tarixli fərmanları bu qayğının təcəssümüdür.

Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Zövqiyyə Məmmədli,
Bakı şəhəri, Xətai rayonu, 245 №- li tam orta məktəbin tarix müəllimi