03 fevral 2023 11:41
421

Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır

Ölkəmizin iqtisadi uğurlarından bəhs edərkən enerji sektorunda  keçdiyi inkişaf yoluna nəzər salmamaq mümkünsüzdür. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin həyatında yeni bir mərhələ başladı. Bu saziş Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə böyük inam yaratdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. Eyni zamanda, əməkdaşlığın çoğrafiyası genişlənərək regional çərçivədən beynəlxalq səviyyəyə yüksəldi. Artıq iki il bundan öncə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verldi.   Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi yeri və rolunu möhkəmləndirir. Ölkəmizin Avropa İttifaqı və quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar daim dünyanın diqqət mərkəzindədir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi  layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edir. Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur.

Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması əməkdaşlığın inkişafına yönəlib. Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir.

Xatırladaq ki,  Azərbaycanla Macarıstan  arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci ildə  qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.  Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.  Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin ikinci dəfə imzalanması iki ölkə arasında münasibətlərin təqdimatında mühüm rol oynayır. Cənab İlham Əliyevin sözügedən səfəri zamanı iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumları da imzalandı ki, bu mühüm addımlar hər iki tərəfin əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlı olduğunu təsdiqləyir. İmzalanan hər bir sənəd münasibətlərdə yeni mərhələ, əlaqələrin inkişafında yol xəritəsidir.

Səfər çərçivəsində enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumu imzalandı. Onu da qeyd edək ki, Azərbaycan-Macarıstan münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görmək istəyini də ifadə etdi.Dövlət başçısı İlham Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına dəstəyi yüksək qiymətləndirildi. Dövlət başçısı İlham Əliyev münasibətlərimizin yaxşı tarixi olduğunu önə çəkərək bildirdi ki, bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir.  Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb. Hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır. Ümumilikdə səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Reallıqlar fonunda bu fikri böyük əminliklə qeyd edirik ki, Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri