Cəmiyyətdə reket jurnalist kimi tanınan, kifayət qədər mənfi reputasiyaya malik olan belələri xaricdəki “ağalarının” diqqətini cəlb etmək, onlardan daha çox qrant qoparmaq üçün qara-qışqırıq salırlar
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi media ilə bağlı aparılan islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Demokratiya və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə söz və ifadə, mətbuat azadlığı təmin olunub. Hazırda respubliakmızda çoxsaylı media şəbəkəsi, o cümlədən internet televiziyaları fəaliyyət göstərir. Əhalinin 85 faizindən çoxu internet istifadəçisidir, sosial şəbəkələr üzərində heç bir nəzarət, yaxud məhdudiyyət yoxdur.
Hazırda bu istiqamətdə genişmiqyaslı islahatların həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ölkəmizdə media siyasətində ciddi dəyişikliklərin edilməsi çox mühüm əhəmiyyətə malikdir. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.
Təbii ki, respublikamızda media üçün yaradılmış bu cür əlverişli, azad şərait fonunda jurnalist məsuliyyəti, peşə etikası əsas şərtlərdən biridir. Bu mənada Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 26- da təsdiq etdiyi “Media Reyestrinin Aparılması Qaydaları” respublikamızda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biri kimi diqqət çəkir. Reyestr keyfiyyətli informasiya istehsalını dəstəkləməyə, bu sahədə stimullaşdırıcı tədbirlər görməyə imkan yaradacaq. Bu da öz növbəsində hazırkı rəqabət mühitində peşəkar medianın inkişafına əlverişli şərait yaradacaq.
Media Reyestri ölkəmizdə media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına, keyfiyyətli informasiya istehsalını dəstəkləməyə, bu sahədə stimullaşdırıcı tədbirlər görməyə, medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və beş iş günü müddətində elektron qaydada onlara göndərilir. Həmçinin, Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir. Reyestrə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə verilir.
Həmçinin Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə verilir. Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi verilir. Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunur. Vəsiqədəki məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu aşkar edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itirildikdə onun sahibinin müraciəti əsasında 3 iş günü müddətində yeni vəsiqə verilir. Şübhəsiz, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunması media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.
Hazırda media subyektlərinin və jurnalistlərin reyestrdən keçməsi prosesi uğurla davam edir. Yeri gəlmişkən, media mühitində kifayət qədər nüfuzlu ekspertlər, tanınmış jurnalistlər birmənalı qeyd edirlər ki, Media Reyestri ölkəmizdə media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına, keyfiyyətli informasiya istehsalını dəstəkləməyə, bu sahədə stimullaşdırıcı tədbirlər görməyə, medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
Onu da vurğulamaq lazımdır ki, media qurumlarının, eləcə də jurnalistlərin Media Reyestrinə daxil edilməsi məcburi yox, könüllülük prinsipi əsasında aparılır. Xüsusi ilə qeyd edək ki, Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlanacaqlar.
Çox təəssüf ki, son günlər özünü “jurnalist” adlandıran bir qrup bəzi dairələrin sifarişi ilə Media Reyestrinə qarşı apardıqları qarayaxma kampaniyasın miqyasını genişləndiriblər. İstər ictimaiyyət arasında, istərsə də media camesində reket jurnalist kimi tanınan, kifayət qədər mənfi reputasiyaya malik olan belələrinin xarici dairələrdən qrantlar alan bəzi “media ekspertləri” tərəfindən dəstəklənməsi heç də təsadüfi deyil. Belələri xaricdəki “ağalarının” diqqətini cəlb etmək, onlardan daha çox qrant qoparmaq üçün Media Reyestri ilə bağlı qara-qışqırıqlarının dozasını getdikcə artırılar. Amma bütün bunlar əbəsdir. Şübhəsiz, məlum zümrənin belə cılız, böhtan, təxribat xarakterli kampaniyalar tezliklə fiaskoya uğraycaq.
Zahid Rza, “İki sahil”