04 fevral 2023 01:15
481

Cinayətkar İran və Ermənistan narkoticarətdə şərikdirlər

Beynəlxalq təşkilatların araşdırmalarına əsasən, narkotik vasitələrin İran İslam Respublikası üzərindən keçməklə Avropaya çatdırılmasının əsas marşrutu Ermənistan hesab edilir

Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi, əmtəə qaçaqmalçılığı, silah alveri və terrorizm çirkli pulların yuyulması əməliyyatlarının genişlənməsi və iqtisadiyyata daxil olması üçün ən əlverişli yollar hesab olunur. Dünyanın hər bir yerində çirkli pulların yuyulması dövlətlərin iqtisadiyyatına böyük həcmdə zərərlər vurur. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) ən son 2018-ci ildə yayımladığı illik hesabatına əsasən, Əfqanıstanda istehsal olunan bütün növ opiatların təxminən 35-40 faizi İran üzərindən keçirilərək dünyanın müxtəlif məntəqələrinə çatdırılır. Qurumun yaydığı digər məlumata əsasən isə İranda dövlət orqanları tərəfindən ələ keçirilən narkotik vasitələrin 40 faizə yaxınının ölkə daxilində qaldığı vurğulanır. Nəticədə, İranın narkotik tranzitdə mühüm rol oynadığı ortaya çıxır. Eyni zamanda, İranın son onillikdə dövriyyəyə buraxılan və qiymətlərinin aşağı olması səbəbi ilə dünyada sürətlə yayılan sintetik tərkibli narkotikin, yeni metamfetaminin də əsas paylama mərkəzidir. Əlbəttə ki, bu "gəlirli biznesdə" İran yaxın qonşularının ərazisindən həm satış, həm də tranzit məqsədi ilə istifadədə fəaldır.

Beynəlxalq təşkilatların araşdırmalarına əsasən, narkotik vasitələrin İran İslam Respublikası üzərindən keçməklə Avropaya çatdırılmasının əsas marşrutu Ermənistan hesab olunur. Elə bu səbəbdən də İran-Ermənistan sərhədi "qırmızı xətt" və ya "minillik yol" adlandırılır. Bu yolun ən rahat və sərfəli istiqaməti isə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçməklə idi. Əlbəttə ki, 30 illik işğal dövründə ərazilərimizdən İranın bəzi dairələri tərəfindən tranzit marşrut kimi istifadə edilib. Bu isə qonşu, eyni dinə malik ölkə olan Azərbaycana qarşı İranın açıq-aydın xəyanəti idi. Hətta, o da məlumdur ki, Ermənistan 20 faiz torpaqlarımızı işğal edəndən sonra İran bu ərazilərdə geniş söküntü işlərinə başladı. Belə ki, Azərbaycanın işğal olan kənd və şəhərlərini söküb, tikinti materialı kimi ölkəsinə daşıyan İran, əvəzində Ermənistanı yanacaq və silah-sursatla təmin edirdi. Arazboyu ərazilər, işğal altında olan digər Qarabağ torpaqları düşmənlə bərabər, həm də İran dövləti tərəfindən istismar edilir, talanırdı. Hələ illər əvvəl, Azərbaycanın işğal altında olan Qubadlı və Zəngilan rayonları ərazisində İranın narkotik plantasiyalarının qurulması və Zəngilan rayonu ilə İran İslam Respublikası arasında narkokatellərin fəaliyyəti üçün gizli yeraltı tunelin çəkilməsi barəsində Azərbaycanın aidiyyəti orqanlarında kifayət qədər məlumatlar var. Bu isə o deməkdir ki, ötən 30 illik işğal dövründə Ermənistan İranla əlbir olub, Azərbaycan ərazilərindən Avropaya narkotik daşımaq üçün istifadə edib. Hətta Azərbaycan ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiyalar və laboratoriya da aşkarlanmışdır. Məlumdur ki, işğal dövründə bu ərazilərdəki xüsusi düşərgələrdə xarici terrorçu qruplar həm təlim keçir, həm də narkotik maddələr əkib-becərirdilər. Məhsulu topladıqdan sonra isə izi itirmək üçün bütün ərazilərə od vurub yandırırdılar.

Azərbaycan tərəfi bu dövr ərzində işğal altında olan ərazilərində separatçıların narkotik bitkilərin plantasiyalarını salmaları ilə bağlı dəfələrlə beynəlxalq aləmi məlumatlandırıb, vəziyyətin ciddiliyi haqqında yazılı və şifahi müraciətlər edib. Narkotiklərdən əldə olunan vəsaitlə Ermənistan silah bazasını genişləndirir, narkotrafikin İrandan keçən marşrutlarından faydalanır. Ölkəmizin bu məsələni hər zaman gündəmdə saxlamasına baxmayaraq, bu faktlar dünyanı o qədər də narahat etməmişdi. Halbuki diplomatların Vaşinqtona göndərdiyi məlumatlarda Azərbaycanın həyəcan təbili və ortaya qoyduğu faktlar sübut olunmuşdu.

Vətən müharibəsi zamanı ərazilərimizin işğaldan azad edilməsi nəticəsində İranla həmsərhəd olan və uzun illər işğal altında qalan sərhəd xətti də nəzarətimizə keçdi. Bu, İranın narkotik ticarətinə vurulan güclü zərbə idi. İran narkotacirləri uzun illər istifadə etdikləri marşrutdan məhrum oldular. Bu isə bütün mənalarda böyük itki hesab olunur. Lakin buna baxmayaraq, sonrakı dövrlərdə İran xüsusi xidmət orqanları yenidən sərhəddə narkoticarətə üstünlük verməyə cəhdlər etdilər. Ancaq Azərbaycanın güc orqanlarının sayıqlığı sayəsində belə halların qarşısı alınıb, bu gün də alınır.

Sevinc Azadi, “İki sahil”