KÖŞƏ

Vəli İlyasov

İlanın ağına da lənət...

17 fevral 2023 01:14
1608

Qərb və Rusiyanın Cənubi Qafqazda toqquşan maraqları regiona nə vəd edir?

Qərbin Cənubi Qafqazda Rusiya ilə nüfuz çəkişməsi yüksələn xətlə davam etməkdədir. İddialı dövlətlərin hər biri müxtəlif üsullarla bu regionda "ayağına yer eləməyə" çalışır. Bu çəkişmənin mərkəzində isə Rusiyadan imtina edib üzünü Qərbə çevirən Ermənistan dayanır. Ancaq Rusiya vassalının xəyanətini bağışlamaq fikrində deyil.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Qərbin Azərbaycan və erməni xalqlarının maraqlarına görə narahat olmasına inanmadığını bildirib.  Bu barədə o, “Sputnik Armenia”ya müsahibəsində deyib.

Bu xüsusda diplomat Ermənistana Avropa İttifaqı missiyasının göndərilməsindən də yaxşı heç nə gözləmədiyini dilə gətirib. “Mən ABŞ dövlət katibinin müavininin son bəyanatına diqqət etdim. Karen Donfried müsahibəsində birbaşa Rusiya və İranın regionda guya aktivləşməsinə istinadla Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətləndirilməsinin vacib olduğunu deyir. Görürsünüz ki, məntiq necə qurulur, yəni onları erməni və Azərbaycan xalqlarının maraqları yox, Rusiya və İranın regionda fəallaşması narahat edir”, - Kopırkin qeyd edib.

Rusiya səfirinin sözlərinə görə, belə yanaşma narahatlıq doğurur. Çünki bunun Azərbaycan və Ermənistan ətrafında vəziyyətin sülh yolu ilə nizamlanmasına töhfə verəcəyi ehtimalı azdır. Diplomat onu da deyib ki, Rusiya regiondan çıxmayacaq. “Bu, bizim üçün həyati əhəmiyyətli bir regiondur və Rusiya faktiki olaraq onun bir hissəsidir. Rusiya Federasiyasının Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var. Rusiya tərəfi bundan imtina etmək niyyətində deyil, buna görə də Rusiyanın "geri çəkilməsinə" dair xəyali planlar haqqında hər hansı söhbət yüz faiz fərziyyədir. Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün Ermənistanın və Qarabağın sərhədyanı rayonlarının sakinləri ilə ünsiyyət qurmaq lazımdır. Siyasi spekulyasiyalar öz yerində, real həyat öz yerində", - deyə diplomat hədələyici tonda vurğulayıb..

Əvvəla, aydındır ki, Qərb kimi, Rusiyanı da Azərbaycan və Ermənistanın maraqları düşündürmür. Özünün imperiya maraqları qayğılandırır. Ukraynadakı işğalçılıq müharibəsi buna bariz sübutdur. Yəni, hərə öz maraqlarının hayındadır. Belə olan halda regiondakı Qərb-Rusiya geosiyasi qarşıdurması nə vəd edir? Əgər bu bir yarışdırsa, o halda sülh danışıqlarına pozitiv təsiri mümkündürmü, sülh müqaviləsinin imzalanması sürətlənəcəkmi? İkincisi, “Rusiya Cənubi Qafqazdan çıxmayacaq” təhdidi ilə səfir, görəsən, nəyə işarə vurur? Yalnız Ermənistanı nəzərdə tutur, yoxsa həm də sülhməramlı kimi müvəqqəti yerləşdirdiyi Qarabağın ermənilər yaşayan hissəsini? Yəni, səfir demək istəyir ki, 2025-ci ildə Bakı razılıq verməsə, rus sülhməramlılar Qarabağdan çıxmayacaq? Məlumdur ki, rusların məqsədi də uzunmüddətli qalmaqdır. Amma onların niyyəti varsa, bizim də öz hədəflərimiz var.

Hələ Sovet dönəmində Qərblə "soyuq müharibə" aparan Rusiya  Ukrayna müharibəsinə görə Qərblə olan  əlaqələrini tamamilə itirib. Bu səbəbdən Rusiya üzünü Şərqə çevirib, yəni "Şərqə doğru" doktrina müəyyənləşdirib. İndi Kreml üçün Cənubi Qafqaz, Türkiyə, İran və ümumən Şərq çox əhəmiyyətlidir. ABŞ və Qərb koalisiyası Rusiyanı bu bölgədə də tam sıxışdırmaq fikrindədir və bu siyasətində Ermənistanın baş nazirindən istifadə edir. Azərbaycan dövlətlərarası münasibətlərdə son dərəcə ölçülü-biçili siyasət apardığına görə onu heç bir təhlükə gözləmir. Amma Ermənistan antirus siyasətini gücləndirir. Avropa İttifaqının mülki missiyasını Ermənistanla sərhədə yerləşdirməsi Rusiyanı ikiqat qıcıqlandırır. Bir çox rus politoloqları və ekspertləri açıq surətdə bildirirlər ki, Ermənistan Qərbdən əl çəkməsə ona hərbi güc tətbiq ediləcəkdir. Ümumiyyətlə, Nikol Paşinyanın Amerikanın əlində maşaya çevrilməsi bu təhlükəni daha da yaxınlaşdırır.