23 fevral 2023 12:26
466

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Azərbaycan müstəqillik qazandıqdan sonra yaşadığı ən mürəkkəb problem Qarabağ münaqişəsi olmuşdur. Azərbaycanlılara qarşı ermənilərin daxillərində yetişdirdikləri nifrət hissi XX əsrin 80-ci illərin sonlarından etibarən daha da aqressivləşdi. Silahsız dinc sakinlər amansızlıqla qətlə yetirilir, əhali öz dədə-baba yurdundan didərgin salınırdı. O vaxtlar yeni müstəqillik əldə etmiş Azərbaycanın peşəkar ordusu formalaşmamış, silahlarla təminat yox dərəcəsində idi. Erməni hücumlarının qarşısını almaq üçün əsasən yerli sakinlərdən ibarət özünümüdafiə batalyonları vuruşurdu. Ermənilər isə müxtəlif havadarlardan faydalanırdılar. Xocalı soyqırımı kütləviliyi və qəddarlığı ilə ermənilərin törətdikləri ən dəhşətli vəhşilik oldu.  

Xocalı Azərbaycanın sağalmaz yarasıdır. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin və Rusiyanın 366-cı motoatıcı alayının birgə hücumu nəticəsində bu soyqırım törədildi. Bir gecədə baş vermiş həmin soyqırımda insan itkisinin sayı belə dəhşətlidir. Xocalı soyqırımı nəticəsində 613 sakin qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideyininin birini, 25 uşaq isə hər iki valideyinini itirdi. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı insanlar idi. Yaralanan 487 nəfərdən 76-ı uşaqdır. 1275 nəfər əsir götürüldü. 68-i qadın, 26-ı uşaq olmaqla 150 nəfər itkin düşdü.

Azərbaycan Dövləti Xocalı faciəsinin soyqırım kimi tanınması və səbəbkarların cəzalandırılması istiqamətində işlər aparır. Pakistan və Sudan dövlət səviyyəsində, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru,

Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlament səviyyəsində Xocalı hadisəsini qətliam kimi tanıyır. ABŞ-nın 22 ştatı Xocalı qətliamını tanıyan sənəd qəbul etmişdir.

Hər il fevral ayının 26-ı Azərbaycanda Xocalı qurbanlarının xatirəsi anılır. 30 il Qarabağ münaqişəsinin hüquqi yolla həllini istəsək də bu istiqamətdə heç bir irəliləyiş baş vermədi. Əksinə, xaricdəki havadarlarına arxalanan ermənilər daha da

azğınlaşdılar. Ermənilər öz “qələbələrini” əliyalın dinc sakinlər üzərində “qazanmışdılar”. Qadın, uşaq, yaşlı demədən ağlagəlməz vəhşiliklər törətmiş, hətta bu vəhşiliklərini qələmə alaraq “qəhrəmanlıq” kimi təqdimindən belə çəkinməmişlər. Dünya mətbuatı, xarici jurnalistlər və fotoqraflar erməni vəhşiliyini əks etdirən yazılar, fotolar dərc etdirmişlər. Lakin buna baxmayaraq, Xocalı dəhşətini soyqırım kimi qəbul etməyən, ermənilərə havadarlıq edən, dəhşəti görməzdən gələn dövlətlər vardır. Azərbaycan Dövləti bu istiqamətdə işlər aparır və səbəbkarların cəzalandırılmasını tələb edir.

44 günlük Vətən Müharibəsi ermənilərə və onların havadarlarına anlatdı ki, artıq Azərbaycan sizlərin 90-cı illərdə qarşılaşdığınız, müstəqilliyini yeni əldə etmiş, peşəkar ordusu və müasir silahları olmayan dövlət deyildir. Azərbaycan müharibəni döyüş meydanında silahlı ermənilərə qarşı apardı. Öz gücünü, Müzəffər Ordusunu və Onun peşəkarlığını döyüş müydanında torpaqlarımızı kənd-

kənd, şəhər-şəhər geri almaqla göstərdi. Ermənilərin qətlə yetirdikləri minlərlə günahsız azərbaycanlının, dəhşətli Xocalı faciəsinin qisası məhz döyüş meydanında alındı. Təəssüf ki, Vətən Müharibəsində 3000-ə yaxın şəhid verdik. Xalqımız torpaqlarımızın işğaldan azad edilməsində canını fəda edən qəhrəman Vətən övladlarını,  şəhidlərimizi heç zaman unutmayacaq.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri