Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. .Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla donaraq öldü,bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı. Onların arasında qadında vardı,qoca da,körpə uşaqda.
Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindəndir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq, siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.
Dövlətimizin həyata keçirdiyi siyasətin hədəflərindən biri də, təbii ki, yetişməkdə olan nəslin xarici dillərə yiyələnməsi, Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə daha geniş və əhatəli çatdırmaq imkanlarına malik olmasıdır.Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, milli yaddaşımız bütövdür, tamdır.Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Konfransı Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə “erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilmişdir.Azərbaycan erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmür. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı