23 fevral 2023 12:48
404

Xocalı həqiqətlərini dünyanın diqqətinə çatdırmağa davam edəcəyik

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Xocalı soyqırımını bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım kimi qiymətləndirmək mümkündür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.Xocalı mühüm geostrateji mövqeyi ilə seçilirdi. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.

Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülmüş, Ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider müdrikcəsinə demişdir: «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.» Bizə aydındır ki, ölkəmizin ağır günlərində Ulu Öndər Heydər Əliyev Respublika rəhbərliyində olsa idi, nəinki Xocalı faciəsinin, eləcə də bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın iyirmi faizinin itirilməsi, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də qarşısı alınmış olardı. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı