Tarix boyu çox faciələr yaşayıb xalqımız. Bu, nə qədər çətin olsa da, əzmimiz heç vaxt sarsılmayıb, ruhumuz istilaçılara, qəsbkarlara qarşı mübarizələrə hər zaman hazır olub. Təbii ki, bu mübarizələrdə xalqımızın igid oğul və qızları öz canlarından keçməklə, torpaqlarımızı yağı düşməndən qoruyub. Bununla belə, itirdiklərimiz, düşmənin əlində qalan torpaqlarımız da az deyil. Bu gün Ermənistan adlanan dövlətin əraziləri məhz Azərbaycanın tarixi torpaqları hesabına formalaşıb. Ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycan torpaqlarının işğalını qarşısına məqsəd qoyan ermənilər ölkəmizə qarşı müharibəyə başladılar. Tarixə I Qarabağ müharibəsi kimi düşən münaqişə alovlandı. Öz havadarlarından güc alan düşmənlər ərazilərimizin 20 faizini işğal etməyə nail oldular. Tarixin fərqli zamanlarında olduğu kimi, bu dəfə də Azərbaycanın qəhrəman oğul və qızları vətənin müdafiəsinə qalxdılar, döyüşdülər, şəhid oldular.
Torpaqlarımızın istilasına susayan ermənilər müharibə qayda-qanunlarına zidd olaraq uşaqları, qocaları, qadınları, qızları qətlə yetirməkdən çəkinmirdi. 1992-ci il fevral ayının 26-da qədim yurd yerimiz olan Xocalıda da ermənilər məhz öz xislətlərinə sadiq qalaraq xalqımıza qarşı soyqırım törətdilər. Rus ordusuna məxsus 366-cı motoatıcı diviziyanın hərbi arsenalından istifadə edən ermənistan silahlı qüvvələri Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfəri qətlə yetirdi. Faciənin baş verdiyi gün 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımı I Qarabağ müharibəsi zamanı Azərbaycanlıların irədəsini qırmaq, ruhdan salmaq, torpaqlarının azadlığı uğrunda mübarizədən çəkindirmək üçün ermənilərin törətdikləri vəhşiliklər zəncirinin bir halqası idi. Qətliamların xüsusi qəddarlıqlarla törədilməsi deməyə əsas verir ki, bu soyqırımı hadisəsi planlaşdırılmış şəkildə həyata keçirilməklə, həm də mənəvi terror hadisəsi idi. Belə bir aktı, yalnız gözünü qanlı düşmənçilik pərdəsi örtmüş ruhsuz, ürəksiz varlıqlar törədə bilər. Ümumiyyətlə, tarixdə elə hadisələr var ki, onların insanlar tərəfindən törədildiyinə inanmaq olmur. Çünki, insan ağlı, düşüncəsi onu qəbul edə bilmir. Ermənilərin Xocalıda törətdikləri soyqırım da məhz belə qiymətləndirilə bilər: qeyri-insanların törətdikləri faciə. Əslində 1992-ci ildə Xocalı soyqırımı törədilən günlərdə hadisə yerində olan xarici Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də ona belə qiymət verirdilər. “Tayms” nəşrinin müxbiri Anatol Liven 3 Mart 1992-ci ildə “İşıqlandırilmamış soyqırım” adlı məqaləsində yazırdı: “Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.
Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur...
BBS1 Morninq Nyus isə 1992-ci il mart ayının 3-də xəbər verirdi ki, hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, qeyd etdiyimiz kimi, dünya mətbuatında işıqlandırıldıqca, dünya erməni xislətini getdikcə yaxından tanımağa başlayır. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zaman-zaman dünyanın böyük dövlətlərində ölkə başçıları ilə apardığı danışıqlar zamanı Azərbaycanın üzləşdiyi faciələri, ermənilərin törətdikləri qətliamları dəlil və sübutlarla diqqətə çatdırması Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayılmasında əhəmiyyətli rol oynayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq layihəsi də Xocalı haqqında həqiqətlərin bəyan olunmasında müstəsna əhəmiyyətə malikdir. Bütün bunların nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalı faciəsini ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım kimi tanıyır. Bütün dünyanın Xocalıya ədalət deyəcəyi gün də uzaqda deyil. 44 günə zəfər qazanan, Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşib torpaqlarını erməni işğalından azad edən xalq öz həqiqətlərini dünyaya bəyan etməyə də qadirdir!
Ülviyyə MİKAYILOVA,
Bakı şəhəri, Xətai rayonu 165 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Murad Əmirxabov 2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü