XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımından 31 il keçir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi, heç şübhəsiz, erməni vandalizminin bariz nümunəsidir. Qətliam zamanı qadın, uşaq və qocaların xüsusi qəddarlıqla öldürülməsi, əsir və girov götürülmüş insanların amansız işgəncələrə məruz qalması, 8 ailənin tamamilə məhv edilməsi və digər faktlar bu faciənin bəşəriyyətə qarşı cinayət və soyqırımı olduğunu göstərir. Ümumiyyətlə, tarixi faktlar deməyə əsas verir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş soyqırımıları ilə eyni sırada yer alır. Erməninin öz etirafları sübut edir ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. 20-ci əsrin ən dəhşətli faciəsi olan, bu gün 31-ci ildönümü qeyd edilən Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. İlk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar ardıcıl işlər görülür. Hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə Xocalı faciəsinin ildönümü tədbirlərinin yüksək səviyyədə keçirilməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Heydər Əliyev Fondunun vitse-prezdienti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə hər il 30-dan çox ölkədə “Xocalıya Ədalət” kampaniyası keçirilir.
Bu gün Xocalı faciəsinin 31-ci ildönümü ərəfəsində faciə qurbanlarını ehtiramla yad edərkən, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunmasını iftixarla qeyd edirik. Bəli, Vətən müharibəsi həm ölkəmizin ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpası ilə nəticələndi. Eyni zamanda, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı. 44 günlük müharibə zamanı qalib Azərbaycan Ordusu tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var. Əlbəttə, gün gələcək, bu soyqırımında iştirak etmiş, əli soydaşlarımızın qanına batmış bütün erməni cəlladları ədalət mühakiməsinə cəlb olunacaqlar. Onların qanun qarşısında cavab verəcəkləri gün uzaqda deyil!
Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatının məsləhətçisi