03 sentyabr 2026 19:40
60

Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər

Ədalətə, beynəlxalq hüquqa, eyni zamanda, qarşılıqlı etimada əsaslanan siyasətin uğurlarının davamlı olması şəksizdir

Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası bütün sahələrdə malik olduğumuz imkanların təqdimatı olmaqla yanaşı, xarici siyasətimizdə önəm verilən bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır. Ümumiləşdirilmiş Azərbaycanın xarici siyasətinin əsas prioritetləri milli suverenliyin qorunması, regional və qlobal təhlükəsizliyin təmin edilməsi, eləcə də çoxtərəfli və çoxvektorlu diplomatiyanın inkişaf etdirilməsidir.

Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşması…

Reallıq budur ki, qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, Türk dünyası arasında son illərdə müşahidə olunan sıx yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur.

Dövlətimizin başçısı İlham Əliyevin  bu günlərdə Qırğızıstana işgüzar səfəri çərçivəsində  keçirilən görüşlər, eyni zamanda, Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş Azərbaycanın  xarici siyasət uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev görüşdəki çıxışında əsas diqqəti Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özünün bərpa etməsinə yönəldərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

BMT-də islahatlar aparılmalıdır

Azərbaycan  ən yüksək tribunalardan bu reallığı diqqətə çatdırır ki, dünya hüquq problemini yaşayır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanması fonunda bu reallıq öz təsdiqini tapdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, beynəlxalq hüququn norma və  prinsiplərinin tətbiqi üçün vahid mexanizm yoxdur. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana  gəldikdə isə 27 il gözləməli olduq. “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir” söyləyən dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, səfəri yoxdur ki, 30 illik işğal dövründə yaşadıqlarımız, ermənilərin törətdikləri vəhşiliklər dünya ictimaiyyətinin diqqətinə çatdırılmasın. Cənab İlham Əliyevin çağırışlarında BMT-də islahatların aparılması günün əsas tələbi kimi yer alır. Dövlətimizin başçısı İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışında da bu məsələni xüsusi vurğuladı.

 Azərbaycanın beynəlxalq təşkilatlarla bağlı öz çağırışlarını reallaşdırmaq təcrübəsi mövcuddur. Azərbaycan Cənubi Qafqazda postmüharibə dövründə proseslərə müdaxilə etməyə çalışan institutlardan birinin ləğvinə nail oldu.  Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq, həmin il noyabrın 30-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb.

Yeni və alternativ model

Görünən budur ki, geosiyasi dəyişikliklər fonunda Azərbaycanın mövqeyi yeni və alternativ yüksəliş modeli kimi diqqəti cəlb edir. Bu proses Prezident İlham Əliyevin siyasi iradəsi, beynəlxalq nüfuzu və strateji təşəbbüsləri, eləcə də çoxtərəfli əməkdaşlıq formatlarının təşviqi sayəsində daha da genişlənir. Ölkəmiz çoxtərəfli diplomatiya çərçivəsində imkanları genişlənir. Azərbaycanın artan rolunu şərtləndirən amillər sırasında bu məqamları da xüsusi qeyd etməliyik ki, ölkəmiz beynəlxalq nəqliyyat və logistika dəhlizlərində mövqeyini daha da möhkəmləndirir. Xüsusilə Zəngəzur dəhlizinin perspektivi Azərbaycanın beynəlxalq təchizat zəncirlərində və regional bağlantılarda əhəmiyyətini artırır.  Azərbaycanın xarici siyasətində Türkiyə ilə strateji müttəfiqlik münasibətləri daha da dərinləşdirilir. Bununla yanaşı, müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi istiqamətində də dinamik proses müşahidə olunur. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Qırğızıstana işgüzar səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü də bu dostluğun, müttəfiqliyin nümunə olmasına bir daha işıq saldı.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik əsasında inkişaf etdiyi vurğulandı. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu qeyd edildi. Regional sülh və sabitliyin möhkəmləndirilməsi, müttəfiqlik münasibətlərinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan fikir mübadiləsi Azərbaycan-Türkiyə münasibətlərinin regional gündəlikdən çıxaraq daha geniş məkanı əhatə etdiyini göstərdi.

Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətdir

Qeyd edək ki, cənab İlham Əliyev suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasətinin  hədəflərini açıqlayarkən bildirmişdir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevrilir

 Əvvəldə də vurğulandığı kimi, Azərbaycanın xarici siyasətində Türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Cənab İlham Əliyev çağırışlarında qeyd edir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

 Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Tam əminliklə söyləmək olar ki, ortaq soykök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Bu təkcə Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafında deyil, ev sahibliyi etdiyi tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapir. Xarici siyasətinin dəyişməz prinsipləri Azərbaycana hər zaman yeni-yeni dostlar qazandırır. Hər zaman vurğulandığı kimi, ölkəmizin  yerləşdiyi coğrafi mövqe, malik olduğu tranzit imkanlar bu əlaqələrin inkişafında öz sözünü deyir.  Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir.   

  Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.  Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı  Zəngəzur dəhlizinin mühüm əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Qısa təhlil Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğunu nümayiş etdirir. Ədalətə, beynəlxalq hüquqa, eyni zamanda, qarşılıqlı etimada əsaslanan siyasətin uğurlarının davamlı olması şəksizdir.

 Yeganə Əliyeva, “İki sahil”