24 fevral 2023 17:39
752

Xalqımızın qan yaddaşı

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

1992-ci il fevral ayının 26-sı erməni vandalları və onların havadarları tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərinin sakinlərinə qarşı misli görünməmiş vəhşilik törədildi. 613 nəfər Xocalı sakini xüsusi amansızlıqla və  qəddarlıqla qətlə yetirildi. 1275 nəfər soydaşımız girov götürülərək ağır işgəncələrə məruz qaldı. Bir çox soydaşımızın daxilin orqanları çıxarılaraq, qara bazarda alver predmetinə çevrildi. O zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından hadisəyə lazımi hüquqi-siyasi qiymət verilmədi. Hadisənin əsl mahiyyəti dünya ictimaiyyətinə olduğu şəkildə çatdırılmadı. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətə ikinci qayıdışından sonra baş vermiş bu hadisəyə ədalətli və obyektiv hüquqi qiymət verildi.

Xocalı faciəsinin mahiyyətinin bütün dünya ölkələrinə və xalqlarına olduğu kimi çatdırılmasında “Xocalıya Ədalət” kampaniyası vacib rol oynayır. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniya Xocalı soyqırımı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı müqavimət nümayiş etdirməyə istiqamətlənib.

Faciə baş verdikdən sonrakı ilk günlərdə dünyanın nüfuzlu informasiya agentlikləri, xarici qəzetlər və jurnalistlər Xocalı dəhşətləri haqqında tükürpədici faktlar yazırdılar. Məhz ilk dəfə xarici jurnalistlərin yazdıqları faktlar sayəsində tərəqqipərvər bəşəriyyət Xocalı dəhşətləri haqqında obyektiv informasiya almış oldu. The Washington Post, The Times, The Washington Times, The Independent, Los Angeles Times, Komsomolskaya Pravda və digər qəzetlərdə Xocalı qətliyamı ilə bağlı yazılmış yazılar sayəsində hadisənin təfərrüatları dünya ictimaiyyətinə çatdırıldı.

XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliyamından xeyli illər ötsədə bu yara qəlbimizdə qaysaq bağlamadı. Xocalılılar və digər işğal olunmuş bölgələrdən olan soydaşlarımız otuz ilə yaxın müddətdə daim doğma torpaq həsrəti ilə yaşadılar. Nəhayət Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və qüdrətli ordumuzun şücaəti sayəsində erməni işğalına son qoyuldu. Müqəddəs Vətən torpağımız yağı düşmənin işğalından azad edildi. Azərbaycanın mərd oğulları Xocalı Şəhidlərinin qanını döyüş meydanında düşməndən aldı.

Artıq Azərbaycan xalqı qalib xalq olaraq qürurlu və məğrurdur. Hər il minlərlə soydaşımız Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirir. Biz Azərbaycan xalqı olaraq Xocalı qətliyamını heç zaman unutmamalıyıq. Çünki Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.