Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. 20 Yanvar faciəsindən sonra biabırcasına ölkədən qaçan Azərbaycan Kommunist Partiyasının rəhbəri Əbdürəhman Vəzirov hakimiyyətdən getdikdən sonra fürsətdən yaralanan Ayaz Mütəllibovun səriştəsiz siyasəti nəticəsində Qarabağ ərazisində yaşayan azərbaycanlıların müdafiəsi təşkil edilmədi. Əksinə, ov silahları belə onlardan yığıldı. Nəticə etibarilə Əbdürəhman Vəzirov Azərbaycan tarixində qara ləkə olan 20 Yanvar faciəsi ilə və yüngül hərəkətləri ilə qaldığı kimi, Ayaz Mütəllibovda formal müstəqillik sənədlərinə imza atsa da Xocalı faicəsi kimi bəşəri soyqırım cinayətinin qarşısını ala bilməyərək tarixdə bu faciənin günahkarlarından biri kimi qaldı. Hətta o dövrün mətbuatında faciədən sonra belə bir soyqırımın olmaması haqqında fikirlər də səsləndi. Bu isə hakimiyyətdə olan qüvvələrin nə qədər səriştəsiz olduğunun bariz nümunəsi idi. Nəticədə, 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başlamış, 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutmuşlar.
Rəsmi məlumatlara görə, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Nəhayət, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün məsələlərə olduğu kimi, Xocalı soyqırımına da siyasi qiymət verilməyə başladı. 1994-cü il tarixində ("Azərbaycan" qəzeti, 2 mart 1994-cü il) tarixində Heydər Əliyevin xocalılara müraciətinə diqqət edək: “Əziz xocalılar! Hörmətli həmvətənlər! İki il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Mənəvi fiziki itkimiz əvəzolunmaz dərəcədə ağırdır”.
Sonra isə Heydər Əliyev eyni zamanda, bu soyqırımın baş verməsində səriştəsiz rəhbərliyin rolu barədə də öz fikirlərini bildirir: “Təəssüf ki, son altı ildə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli taleyimizə biganə siyasi ambisiyalar, hakimiyyət oyunları və siyasi qruplar arasında münaqişələr də həyatımızda baş vermiş bütün faciələrdə az rol oynamamışdır. Nəticədə tariximizə qara səhifələr yazılmış, xalqımızın qəlbinə sağalmaz yaralar vurulmuşdur. Respublikanın hüquq-mühafizə orqanları günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki, törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir.
Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var. O cümlədən, məcburən qatıldığımız müharibənin də. Xalqımızı əmin etmək istəyirəm ki, müqəddəs vətənimizin real müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır.”
Bundan sonra Heydər Əliyev həm görülmüş işləri qeyd edir və soyqırımı tanıdılması və onun dünya miqyasında tanıdılması ilə bağlı yol xərtəsi çızır. Heydər Əliyev: “Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu gün ölkəmizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, onların qohumlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Göründüyü kimi, dahi siyasətçi Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinə xüsusi ilə həssaslıqla yanaşmışdır.
İkinci Dünya müharibəsindən sonra beynəlxalq humanitar hüququn xüsusi bir sahəsi kimi, müharibə qanunlarının təsbit olunması və müharibə zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı “Cenevrə Konvensiyaları və əlavə Protokollar” qəbul edildi: “Sivil dünyanın məqsədi müharibə zamanı mülki əhalini qorumaq idi. Dünyanın əksər ölkələri bu Konvensiyaya qoşuldu. Beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə görə, müharibə zamanı mülki əhalinin təhlükəsizliyi bütün dünya tərəfindən birmənalı qəbul edildi. Lakin insanlıq düşməni olan erməni faşizmi sözdə buna tərəfdar çıxsa da, əməldə tamamilə başqa mövqe sərgilədi.
Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu ildə Cenevrədə 4 Konvensiyası qəbul edilib. Konvensiyaya əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə, eyni zamanda, hərbi əsrlərlə davranış qaydaları müəyyən edilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.
Beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri" kimi nəzərdə tutulub.
1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı. 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 1 yanvar 2017-ci il tarixində BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi).
Lakin fikrimizcə, burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda, Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın. Göründüyü kimi, beynəlxalq hüququn prinsiplərinə görə Xocalı soyqırımı cinayətinin törədən şəxlərin cəzalandırılması məsələsi hələ də öz aktuallığını saxlayır. Bizim üçün bu məsələ prioritet olaraq qalmalı və mütəxəssislər bu sahədə işini davam etdirməlidir.
Törədilmiş cinayətin həm hüquqi tövsifinə həm həcminə və digər parametlərinə görə dünyada misli bərabəri görünməmiş cinayətdir.
Xocalı soyqırımı zamanı mülki əhalinin öldürülməsinə britaniyalı jurnalist Tomas de Vaalın "Xocalı soyqırımı haqqında nə düşünürsünüz" sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. Bəli, soyqırımı törədən bu xəstə zehniyyətdən bundan artıq nə isə gözləmək düz olmazdı. Bu zehniyyət 44 günlük cəzalandırma əməliyyatından sonra dəyişibmi? Əlbəttə, buna inanmaq sadəlövlük olardı. Soyqırım zehniyyəti hazırda N.Paşinyanın biabırçı məğlubiyyətindən ruhlanaraq, yenidən hakimiyyətə qayıtmaq istəyir. Daha bir erməni ideoloqu, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.” Sitatın sonuna diqqət edin: "bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq."
Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” kampaniyası da uğurla davam olunmalı və bütün dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən ötən müddət ərzində, biz, artıq üçüncü dəfədir ki, bu faciəni qalib xalq kimi anırıq. Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu Qələbəni şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır". Prezident İlham Əliyevin dilə gətirdiyi bu sözlər erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir. Biz güclü olmalıyıq, düşmənimiz dəmir yumruğu daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq!
Xocalı faciəsini soyqırım kimi tanıyan ölkə və təşkilatlar
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. İordaniya Senatı (2013-cü il), həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Sudan da (2014) Xocalı Soyqırımını tanıyan rəsmi sənəd qəbul etmişdir.
XOCALI SOYQIRIMIN TANIYAN ABŞ ŞTATLARI
2010-cu ildə Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. Bundan sonra artıq ABŞ ştatları tərəfindən Xocalı soyqırımın tanıdılması intensiv xarakter almağa başladı. 2011-ci ildə Texas , Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, ştatları bu qətliamı soyqırım kimi tanıdılar. 2013-cü ildə bu proses daha yüksək inkişaf dinamikası ilə davam etməyə başladı. Bu isə cənab İlham Əliyevin artıq beynəlxalq aləmdə diplomatiyasının daha da nüfuz qazanmasının nümunəsi idi. Şübhəsiz ki, bu prosesi daha da dinamik vəziyyətə gətirən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətini də yüksək qiymətləndirməliyik. Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya Qərbi Virciniya , Konnektikut, Florida, həmçinin 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona və Yuta. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana, və Aydaho ştatları, 2017-ci ildə Cibuti Respublikasının Milli Assambleyası Paraqvay Respublikasının Deputatlar Palatası və İndoneziya Parlamentinin Nümayəndələr Palatası 2020-ci ildə Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Pakistanın Xeybər Puxtunxva Əyalət Assambleyası Xocalı faiciəsini soyqırımı kimi tanımışdır.
SOYQIRIM ABİDƏLƏRİ
Soyqırımın tanınmasında şübhəsiz ki, ən effektiv vasitələrdən biri də məhz soyqırıma abidələrin qoyulmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik bacarığı sayəsində Hollandiyada Haaqa şəhərində, Meksikanın Mexiko şəhərində, Bosniya və Hersoqavinanın, Sarayevo şəhərində, Almaniyada Berlin şəhərində, Türkiyənin Ankara, İzmir, İzmit və Sakariya şəhərlərində Xocalı soyqırımına abidələr qoyulmuşdur.
Ermənilərin çirkin niyyətlərinə rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyev son qoydu. Cənab Prezident özü bu barədə fikirini belə ifadə edir: “Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Qarabağın işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ildə real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri