26 fevral 2023 00:00
556

O məşum gecədə...

Azərbaycan xalqı zaman-zaman ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür.

1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq o zamanki Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi yarandı. Torpaqlarımızın 20 faizi 30 il ərzində işğal altında qaldı, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzunmüddətli müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır. Xocalı hadisələri bir daha göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, həm də xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir metod seçmişlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü sancıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, qaysaq bağlamayıb, qəlbimizdə həmişə olacaqdır. Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

Prezident İlham Əliyev çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini önə çəkir. Dövlət başçısı dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını ifadə edərək, onların XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir. Dövlətimizin başçısı bu yalan təbliğata qarşı öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini vurğulayır. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vəzifəsi olmalıdır. Ölkəmiz 30 il ərzində müharibə şəraitində yaşayıb. Bu dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən yüzlərlə fakt aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünya ictimaiyyətinə qəbul etdirməkdir. Artıq əksər dövlətlərin parlamentləri, ABŞ-ın bir sıra ştatları, bəzi beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul ediblər.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Bu Fond tərəfindən hazırlanan vəsaitlər - kitablar, albomlar, video-disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Bu işdə 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının rolunu da xüsusi qeyd etməliyik. İKT-yə üzv olan dövlətlər Leyla xanım Əliyevanın təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününün humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul ediblər. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların səmərəli olduğunu sübut edir.

Bu gün ölkəmizin hər yerində günahsız Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, Tanrıdan onlara rəhmət diləyirik.

Cavid Əkbərov, “İki sahil”