25 fevral 2023 08:48
451

“Sonsuz dəhliz” filmi Cənubi Koreyada nümayiş olunub

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan səfirliyinin yerləşdiyi Seulun Yonqsan rayonunun bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbirdə Cənubi Koreyanın hökumət rəsmiləri, akademik və ictimai dairələrin, Seuldakı diplomatik korpusun təmsilçiləri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən soydaşlarımız iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən səfir Ramin Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 613 azərbaycanlını, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanları işgəncələrlə, vəhşicəsinə qətlə yetirməsindən danışıb, Ermənistanın törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. O, Azərbaycan xalqının Xocalı soyqırımının acısını yaşadığını və bu acının unudulmayacağını bildirib.

Xocalı soyqırımının artıq beynəlxalq məsələyə çevrildiyini bildirən R.Həsənov, sözügedən soyqırımının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınması prosesindən bəhs edib. Bu baxımdan, litvalı yaradıcı heyətin ərsəyə gətirdiyi və bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” kimi filmlərin Xocalı soyqırımının dünyada tanıdılması işinə verdiyi töhfənin əhəmiyyətindən danışılıb.

Səfir 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb.

Sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub. Tədbirin keçirildiyi zalın foyesində üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan kampaniyanın adının - “Xocalıya ədalət!” şüarının əks olunduğu baner yerləşdirilib, iştirakçılara Xocalı soyqırımı barədə materiallar paylanılıb.