Bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səslənib.
Səfir Əkrəm Zeynallı XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan xalqının müstəqilliyin ilk illərində ağır və faciəli hadisələrlə, o cümlədən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığını, bu xüsusda 1992-ci ilin fevralında erməni silahlılarının Xocalıda törətdiyi qırğının misli görünməmiş faciə olduğunu bildirib. Xocalı soyqırımının erməni millətçilərinin Azərbaycan xalqına olan nifrətinin və onların terrorçu xislətinin göstəricisi olduğunu deyən səfir Əkrəm Zeynallı qeyd edib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə mülki əhaliyə qarşı törətdiyi ən böyük qətliam idi və həmin vaxt 613 insan vəhşicəsinə qətlə yetirilib, xeyli sayda mülki şəxs girov götürülərək ağlasığmaz işgəncələrə məruz qalıb.
Tarixi ədalətin gec-tez bərpa olunduğunu vurğulayan Ə.Zeynallı, 44 günlük Vətən müharibəsinin Ermənistanın 30 illik işğal və təcavüzünə son qoyduğunu bildirib. Bu Zəfər həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı quranlarının qisasının alınması idi.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin qəbul etdiyi “Xocalı soyqırımı günü haqqında” tarixi qərar Xocalı hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi idi. Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti vurğulanıb.
Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olunub.