25 fevral 2023 14:35
459

Almaniyada Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Almaniyanın paytaxtı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Bu barədə "İki sahil"ə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyinin keçirdiyi tədbirdə həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunub.

Tədbirin əvvəlində Xocalı soyqırımının şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına dair səfirlik tərəfindən hazırlanmış qısa film nümayiş etdirilib.

Səfir Nəsimi Ağayev Xocalı soyqırımının Soyuq Müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. O, bu insanlıq əleyhinə cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb olunmadığını söyləyib. N.Ağayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya Ədalət" kampaniyası nəticəsində Xocalı soyqırımının beynəlxalq arenada tanınması sahəsində böyük irəliləyişlər olduğunu, habelə bir çox ölkələrin, o cümlədən 20-dən artıq ABŞ ştatının bu qətliamı rəsmən pislədiyini söyləyib.

Səfir belə cinayətlərin bir daha baş verməməsi üçün bu soyqırımının beynəlxalq səviyyədə layiqli qiymət almasının zəruriliyini vurğulayıb.

Diplomat 2020-ci ildə Azərbaycanın əz ərazilərini işğaldan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyini qeyd edərək, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının və Murovdağ zirvəsinin azad edilməsində böyük şücaət göstərmiş, minaya düşərək iki ayağını itirmiş XTQ mayoru Polad Rzayevin tədbirdə iştirak etdiyini bildirib.

P.Rzayevin Berlində Almaniya ordusunun xəstəxanasında müalicə alaraq protezlərlə təmin edildiyini və bunun nəticəsində artıq tam sərbəst hərəkət etdiyini qeyd edən N.Ağayev, P.Rzayevi və onun alman həkimi Gernot Kreçmeri səhnəyə dəvət edib. P.Rzayev Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması uğrunda döyüşməsindən qürur duyduğunu bildirib, ona son iki ildə dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib. G.Kreçmer P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edib.

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov öz çıxışında Xocalı soyqırımının Azərbaycan xaqının yaddaşında buraxdığı dərin izdən bəhs edib, parlament xəttilə soyqırımı haqda həqiqətlərin dünyada yayılması istiqamətində səylərdən danışıb.

Çıxışlardan sonra anım konserti keçirilib. Konsertdə Avropa və Almaniyada fəaliyyət göstərən azərbaycanlı və xarici musiqiçilər - skripkada Anar İbrahimov (Bramo), pianoda Abuzər Manafzadə, fleytada Olqa Zernayeva, vokalistlər Orxan Cəlilov və Günel Şirinova, eləcə də "Xəzər Kamera Filarmoniyası" kvintetinin üzvləri Azərbaycan bəstəkarları – Qara Qarayev, Fikrət Əmirov, Sevil Əliyeva, Arif Məlikov, Azəf Zeynallı, Fərhad Bədəlbəyli, habelə xarici bəstəkarların əsərlərini səsləndiriblər. Abuzər Manafzadənin müəllifi olduğu "Xocalı" əsəri konsert iştirakçılarının xüsusi marağı ilə qarşılanıb.