Azərbaycanda bir çoxları dünyanın Xocalı həqiqətlərini öyrənməsində əvəzsiz rol oynamış bu litvalının adını eşidib. Riçardas Lapaitis ölkəmizdə hətta onunla heç vaxt şəxsən görüşməyən bir çox insan üçün dost olub. Çünki Birinci Qarabağ müharibəsində o, ağrı-acımızı bizimlə bölüşüb.
90-cı illərin əvvəllərində Qarabağda cəbhə xəttində olan, bölgənin azərbaycanlı əhalisinə qarşı ədalətsizliyə, qəddarlığa şahidlik etmiş litvalı jurnalist və fotomüxbir gördüklərindən görməzdən gəlməyib, yaşadıqlarını dünyaya çatdırmağa çalışıb.
Müharibədən sonra o, dəfələrlə Azərbaycana gəlib və həmin illərin hadisələrinin mühüm şahidlərindən biri olub, o cümlədən erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi amansız qətliamdan bəhs edən “Sonsuz dəhliz” filmində iştirak edib.
“İki sahil” xəbər verir ki, “Report”un Vilnüsdəki müxbiri Riçardasla görüşərək ondan müsahibə alıb.
- 1990-cı illərdə gənc jurnalist olduğunuz halda Qarabağda müharibənin qızğın çağında Azərbaycana, döyüş bölgəsinə gəlməyə qərar verdiniz. Sizi bunu etməyə nə vadar etdi?
- Ən qaynar məqamda, aktiv döyüşlərin getdiyi vaxtda Qarabağa getməyimin bir neçə səbəbi var idi. Bunlardan biri 20 Yanvar hadisələri zamanı qardaşı sovet əsgərləri tərəfindən vəhşicəsinə öldürülən dostum Şahin Babayevin şəxsi faciəsidir.
O dövrdə Qərb ölkələri Mixail Qorbaçovu sanki yeni peyğəmbər, bir çox ölkələr üçün dəmir pərdəni qaldıran demokrat kimi dəstəkləyirdi. Qərbdə Qorbaçov üçün hər yerdə yaşıl işıq idi, onu hər yerdə yaxşı qarşılayırdılar. Əslində isə o, cəllad idi.
Azərbaycanın, Qarabağın taleyi Kremlin dəhlizlərində həll olunurdu. “Böyük Ermənistan” arzusunda olan “Daşnaksütyun” kimi terror və millətçi partiyalar müasir Azərbaycan ərazisində öz mifik çarlıqlarını yarada biləcəklərini düşünürdülər. Qorbaçov isə avropalıların gözündə qəhrəman olaraq qalmaqla, ermənilərin bunu bacarması üçün hər şeyi etdi.
Moskva həmişə Azərbaycanı öz təsir zonasından kənara buraxmamağa çalışıb. Çünki Azərbaycanın zəngin resursları olduğunu bilirdilər, eləcə də ölkəni Şərqə açılan qapı kimi görürdülər. Ermənistan isə Türkiyəyə və Türk dünyasına qarşı alət idi. Axı Azərbaycan ərazisində Ermənistanı yaradan elə məhz Rusiya olub.
Həmin vaxt çox böyük ədalətsizlik gördüm, Azərbaycan informasiya blokadasında idi, Ermənistanda isə çoxlu xarici jurnalist işləyirdi. Bu informasiya vakuumunda dəhşətli hadisələr baş verməyə başladı. Beynəlxalq təşkilatlar baş verənlərə göz yumdu, dünya ictimaiyyəti Qorbaçovu dəstəkləyirdi, Cənubi Qafqazda isə azərbaycanlılara qarşı əsl terror, qətliam başladı, onlar doğma torpaqlarından qovuldular.
- İstənilən müharibə ilk növbədə insan acısı deməkdir. Erməni əsirliyindən sağ çıxanlarla görüşlərdən təəssüratınız necə olub?
- Xocalı qətliamından sonra erməni əsirliyindən qayıdan bir çox insanla söhbət edə bildim. Kimi benzin, kimi pul qarşılığında, kimi isə tanışlar vasitəsilə geri qaytara biliblər. Onlar dəhşətli vəziyyətdə - ac-yalavac, möhkəm döyülmüş vəziyyətdə qayıdırdılar. Onlar orada cəhənnəmi yaşamışdılar. Hər kəsin tibbi yardıma ehtiyacı var idi.
Azərbaycanlı uşaqların, qadınların və qocaların məruz qaldığı zorakılıq bəşər tarixində nadir hallarda rast gəlinir. Əsl cəhənnəmdən qayıdan azərbaycanlı əsirləri görəndə dünyanın həqiqətləri bilməsi üçün burada vicdanlı jurnalistlərə ehtiyac olduğuna heç bir şübhəm qalmadı.
- Xarici auditoriyaya həqiqəti çatdırmaq sizin üçün çətin olmadı ki? Hər hansı dəstək aldınızmı?
- Anlayın, o vaxt başqa vaxtlar idi. İndi internet, mobil rabitə var. O vaxt isə Moskvadan keçməklə qatarla Litvaya qayıtmaq lazım idi. Bu isə vaxt tələb edir və cəbhədəki vəziyyət artıq dəyişir.
Ermənilərin Baltikyanı ölkələrdə güclü diasporu var idi və istənilən redaksiya Azərbaycanda baş verənlərə diqqətlə baxırdı, erməni diasporunun onları məhkəməyə verəcəyindən, böhtanda ittiham edə bilməsindən çəkinirdi.
Məni “xilas edən” yeganə şey o yerlərdə olmağım, hər şeyi öz gözlərimlə görməyim oldu. Ona görə də mənim materialımı qəbul edirdilər, hərçənd bu xəbərlər məzmunca dəhşətli idi, axı təkcə Xocalıda bir gecədə 600-dən çox insan öldürülmüşdü. İnsanlar vəhşicəsinə öldürülmüşdü.
Litva ictimaiyyəti bu məlumatı çox ağır qəbul etdi. Bu mövzuda yazmaq çox çətin idi. Heç indi də asan deyil. Mənə elə gəlir ki, başqasının dərdi heç kimə lazım deyil, belə olub, indi də belədir.
Amma bədxahlara öz vəhşiliklərini davam etdirmək imkanı verilərsə, Xocalıda olduğu kimi dünyanın istənilən ölkəsində oxşar soyqırımı təkrarlana bilər. Hərbi jurnalist kimi borcum həqiqəti istənilən yolla, bəzən hətta həyatımı riskə ataraq çatdırmaq idi.
- Məqalələriniz dərc olunandan sonra litvalılar Xocalı faciəsinə necə yanaşdılar və hazırda necə yanaşırlar?
- Erməni diasporunun Xocalıda qətliamları inkar etməsinə baxmayaraq, litvalılar orada nəsə pis bir şeyin baş verdiyini düşünməyə başladılar. Onlar vəhşilikdən şoka düşmüşdülər.
Sovet dövründə Əfqanıstandakı hadisələrdən xəbərimiz var idi, ancaq yalnız sovet mətbuatının yazdıqlarından. Qarabağ isə postsovet məkanında ilk silahlı münaqişə idi. Ona görə də litvalılar münaqişə haqqında maraqlanmağa başladı, ancaq daha çox məlumat erməni tərəfdən idi.
Ermənilər türklərin əhatəsində kiçik bir xalq olduqlarını, öldürüldüklərini, məhv olduqlarını deyirdilər. Bu, Baltikyanı ölkələrdə və xüsusilə Litvada olduqca asanlıqla qəbul edilirdi. Əslində isə hər şey əksinə idi. Yüzlərlə Azərbaycan kəndi dağıdılırdı, axı təkcə Xocalıda yox, Qaradağlı, Ağdaban faciələrində də ayrı-ayrılıqda qırğınlar olub.
Daşnaklar, özlərinin dediyi kimi, bir türkün belə qalmayacağı mümkün qədər çox ərazi istəyirdilər. Və nəzərə alın ki, mənim məqaləmdən sonra erməni tərəfinin də məqaləsi çıxırdı və onlar hər şeyi təkzib edirdilər. Radioda çıxışımdan sonra mütləq şəkildə erməni diasporundan məlumatlar gəlirdi.
Elə bu gün də Qarabağ həqiqətlərini çatdırmaq çətindir. Hazırda bütün dünya Ukraynaya dəstək versə də, Qafqazda bu birlik yoxdur. İndiyə qədər heç kim işğalçı Ermənistanı Azərbaycan ərazisində etdiklərinə görə qınamayıb. Azərbaycan ərazisinin 20 faizi 30 il işğal altında olub və orada hər şey - kəndlər, evlər, məscidlər dağıdılıb. İkinci Qarabağ müharibəsindən sonra orada dəhşətli mənzərə üzə çıxıb və təəssüf ki, işğalçı ölkəni heç kim qınamayıb.
- “Sonsuz dəhliz” filminə baxanda göz yaşlarını saxlamaq mümkün deyil. Siz isə bu faciənin canlı şahidi olmusunuz. Bu xatirələrlə yaşamaq, yəqin ki, çətindir. Amma siz nəinki özünüzü unudursunuz, hətta başqalarının da bunu xatırlamasına çalışırsınız. Haçansa bunu unutmaq istəmisinizmi?
- Dünyanın istənilən yerində, istər Ukraynada, istər Suriyada, istərsə də Qarabağda olsun, istənilən müharibə dərin və çox kədərli iz buraxır. Hətta müharibə ilə bağlı məqalə oxuyanda belə o beynimizdə müəyyən iz buraxır. Məni isə hərbi jurnalist idim və münaqişə zonasına gedirdin.
Həmişə insan taleyi ilə bağlı çox narahat olmuşam. Qarabağda bir çox azərbaycanlı ailə nəinki övladını, yaxud ata-anasını itirdi, bəzi geniştərkibli ailələr hətta 18-20 qohumunu itirdi. Buna necə reaksiya verməmək olar?! Qəlpə və güllə yaraları olan uşaq görəndə ona necə sakit baxmaq olar?!
Uzun illər cəbhə bölgəsində könüllü olmuşam, qaçqınların necə yaşadığını görmüşəm, erməni millətçilərinin, siyasətçilərinin təcavüzünün neçə-neçə nəsillərin həyatına təsir etdiyini şahidi olmuşam və bu həyat hələ də bərpa olunmayıb.
Bu mənim dünyagörüşümə təsir etməyə bilməzdi, həyatım dəyişdi, dünyam dəyişdi. Amma bir şeyi başa düşdüm - ədalətin göz yumduğu yerdə özbaşınalıq, vəhşilik və cəzasızlıq başlayır. Belə yerdə insan həyatı onu yarımçıq qoyan qurğuşundan daha ucuz olur. Ona görə də bu günə kimi ədalət uğrunda mübarizəmi davam etdirirəm.
- Hərbi jurnalist kimi bir çox müharibənin şahidi olmusunuz. Gördüyünüz faciələrdən hansı, sizcə, ən dəhşətlidir?
- Hesab edirəm ki, hərbi jurnalistlər ən başlıcası həqiqəti çatdırmaq üçün lazımdır.
Qarabağa gəlincə, təəssüf ki, vaxtilə beynəlxalq təşkilatlar öz mövqeyini açıq şəkildə ifadə etmədilər. Dəqiq və aydın müəyyən edilməlidir - dövlət sərhədi var və başqasının istəyi ilə Azərbaycan ərazisində heç bir birləşmə ola bilməz.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ona görə də mən istəyirəm ki, Qarabağa tezliklə dinc həyat gəlsin, insanlar orada yaşamağa qayıtsınlar. Bu, bir milyon qaçqın üçün edə biləcəyimiz ən minimum şeydir.
Mən Azərbaycanın ədalətli mövqeyini hər zaman qəlbimlə və canımla dəstəkləyəcəm.
- Qarabağla, 90-cı illərin faciəsi və 2020-ci ildəki qələbə ilə bağlı hansısa yeni layihə planlaşdırırsınızmı?
- Mən artıq bir neçə dəfə işğaldan azad edilmiş ərazilərdə olmuşam və erməni millətçilərinin və siyasətçilərinin Azərbaycanın şəhər və kəndlərinə nifrətindən sarsılmışam. Orada hər şey dağıdılıb - təkcə evlər, mədəniyyət obyektləri deyil, həm də insan həyatı.
Azərbaycanlılar 30 il ərzində azad Qarabağa qayıtmağa və özlərinə məxsus bir şey tapmağa ümid edirdilər. Ancaq kədərli mənzərə ilə qarşılaşdılar: bütün ərazi minalanıb, bütün əmlak talan edilib, evlər kərpic-kərpic sökülüb.
Yeni ideyam yaranıb: bu haqda yeni film çəkməliyik, yeni fotoalbomlar buraxmalıyıq, yeni kitablar yazmalıyıq. Ümid edirəm ki, yaxın gələcəkdə işlərimi görəcəksiniz.